
Azərbaycan millisinin problemi nə baş məşqçidə, nə də futbolçularda deyil.
Məsələ çox dərindədir - bu öz yerində.
Amma əldəki resursları maksimum idarə etmək də bir bacarıqdır.
Bunun üçün mövcud duruma uyğun doğru qərarların verilməsi mütləqdir.
Məsələn, Fernandu Santuş bizim nəyimizə lazımdır?
Mənə görə ümumiyyətlə lazım deyil!
Santuşun təyinatına kimi yığmanı müvəqqəti olaraq Arif Əsədov çalışdırdı. Özü də kifayət qədər yaxşı səviyyədə.
Onun dönəmində komandanın nə etmək istədiyini görürdük. Ortada yaxşılaşdırmağa çalışdığı bəlli sistem vardı. Unutmaq olmaz ki, istədiklərini qarşısındakılara çatdırmaq üçün zamanı çox az idi.
Təcrübəli mütəxəssisin rəhbərliyi altında yığma keçirdiyi 4 yoxlama görüşündə 1 məğlubiyyət almışdı. Digər oyunlarda 2 qələbə, 1 bərabərlik yaşanmışdı.
Kollektiv Qazaxıstanla matçda 0:2-dən sonra geridönüş edərək qalib gələcək (3:2), Bolqarıstanla oyunda 0:1-dən sonra oyuna qayıtmağı (1:1) bacaracaq qədər özünə inamlı idi.
Uşaqlar bütün oyunlarda qol vuracaq qədər cəsarətli mübarizə aparırdılar.
Hə, kimsə yoxlama görüşü deyib, üzərindən keçə bilər.
Bəla ondadır ki, milyonlar qarşılığında Bakıya gətirilən portuqaliyalının rəhbərliyi altında yığma keçirdi 4 sınaq matçından 3-də məğlub oldu və yalnız birində qol vura bildi.
Biz o zaman da demişdik ki, baş məşqçi postuna əcnəbi gətiriləcəksə, elə Əsədov qalıb işləsin.
Əmin olun ki, nəticələr indikindən pis olmayacaqdı. Daha yaxşı olmaq ehtimalı yüksəkdi.
Santuş üçün xərclənən milyonlar isə federasiyanın büdcəsində qalacaqdı.
Ən vacibi odur ki, Santuşdan fərqli olaraq Arif Əsədov özünə hörmət edən adamdır.
Bugünkü fiasko onunla da yaşansaydı, nə kreslosundan möhkəm yapışacaq, nə də təzminat davası edəcək adam deyildi.
Elə özü çıxıb gedəcəkdi.
Bir sözlə, növbəti dəfə həm zaman itirdik, həm də pul.
Yenə kölgədə qalan yerli, milyonları yeyən gəlmə oldu.
XANOĞLAN İMANOV