Millinin futbolçuları ona “TORBA” tikib?

6 Sentyabr 23:00 Milli komanda 662
Millinin futbolçuları ona “TORBA” tikib?

Dünya çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlamağımız ilk deyil.

Həmişə belə olub.

Əvvəlki tsikllərdən fərq dünən özünü İslandiyada bəlli etdi - Fernandu Santuşun varlığı.

5:0 oyunu tam təsvir etmir. Biz 45+2-ci dəqiqədə uduzduq. Viktor Palssonun künc zərbəsi zamanı başla vurduğu qol komandamızı bitirdi.

Fasilə isə qanımızın arasına girmədi, islandları daha da ürəkləndirdi. Ev sahibləri şirə dönmədi, bizimkilər dovşana döndü, qorxaqlaşdı.

Santuş başqa futbol bilmir. Bir qayda olaraq komandanı arxaya çəkir, müdafiədən oynadır.

Gələn gündən belədir. Reykyavikdəki "Lauqardalsvöllur" stadionuna toplsaşanlara da həmin üslubu izlətdirən Santuşa hansısa futbolçunun «torba» tikməsi haqda deyilənlərə inanmayın!

Nə bir futbolçu, nə iki futbolçu…

Burada olanların hər biri baş məşqçisinə nifrət edir!

Onun onlara oynatdığı futbola nifrət edir!

Canni De Byaziyə bəslədikləri pis münasibət bunun yanında toya getməlidir. Sən 11 nəfərin onbirini də yığ qapına önünə, de ki, topu vur qabağa, amma özün irəli getmə - bu tapşırığı alan futbolçu niyə günahkar olsun axı?

Baş məşqçi nə deyir, o da onu edir də… Sözündən çıxacaqsa, yaxasına yekə hərflərlə «xain» damğası vurulacaq.

Bunu bilən futbolçu Santuşun göstərişini yerinə yetirməyə məcburdur.

Dünəki oyun oyun olmadı bizim üçün. 45 dəqiqə ora-bura qaçdıq, guya mübarizə apardıq. Hücum qurmadıq.

Əks-hücum etmədik. «Döyüş»ü Şahruddin Məhəmmədəliyevin qapısı ağzından orta sahəyə çəkmək istədik bir balaca, yenə təzyiqə tab gətirmədik.

Qapısında 5 cavabsız qol görən komandamızdan kimi fərqləndirmək olar? Mən «Şah»ı nişan verərdim.

«Qarabağ»da qapı önünə keçməyə imkan tapmayan Məhəmmədəliyev Reykyavikdə əlindən gələni etdi. İki-üç epizodda topun toru silkələməsini əngəllədi.

İslandlar 5-ci qolu vurdu və dayandı. Çiləməyə başladılar. Həm topu, həm də bizimkiləri. Son 15-20 dəqiqədə vaxtı qəsdən «öldürdülər». Hesabın daha böyük olmasını istəmədilər.

Bəlkə də futbolçularımızdan kimlərsə ingilis dilində onlara yalvarıb ki, Allahınız olsun, daha vurmayın, yazığıq.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 18:10 Çək və bizə göndər!
6 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Beş ŞAPALAQ - VİDEO