
Məşhur islandiyalı hücumçu Eydur Qudyonsenin iki oğlu DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və Fransa ilə keçiriləcək oyunlar üçün əsas yığmanın heyətindədir.
Sportinfo.az xəbər verir ki, 23 yaşlı Andri Qudyonsen 2021-ci ildən bəri müntəzəm milliyə dəvət alsa da, Daniel Qudyonsen yığmamızla qarşılaşmada debüt edə bilər.
19 yaşlı Daniel milliyə çağırılması ilə bağlı təəssüratlarını bildirib. Gənc hücumçu sabahkı qarşılaşmaya qələbə üçün çıxacaqlarını deyib:
“Milliyə çağırılmaq inanılmaz hiss, şərəfdir. Burada olduğum üçün qürur duyuram.
Bu, sadəcə bir yuxudur. Çox həyəcanlıyam.
Azərbaycanla evdə oynayacağıq və qələbə qazanmaq istəyirik. Sonra Fransada özümüzü göstərməyə və uğurlu nəticə əldə etməyə çalışacağıq”.
Daniel yığmanın digər hücumçusu olan qardaşı Andri haqda da müsbət fikirlər səsləndirib:
“Biz bir-birimiz üçün buradayıq. O, mənim qardaşımdır və onun üçün yalnız ən yaxşısını istəyirəm.
Düşünürəm ki, Andri mənə daha çox kömək edib, nəinki mən ona. Babam da, atam da futbolçu olub.
Həmçinin anam da bu işin bir parçası olub. O, bizə bacardığı qədər kömək etməyə çalışır”.
Sentyabrın 5-də Reykyavikdə millimizi qəbul edəcək İslandiya yığması dörd gün sonra Parisdə Fransanın qonağı olacaq.