
Bu axşam Portuqaliyanın qonağı olacaq Azərbaycanın U-21 millisi dünən “Estadio Cidade de Barcelos”da oyunöncəsi son məşqə çıxdı.
Hazırlıq prosesi yerli vaxtla saat 19:30-da, Azərbaycan saatı ilə 22:30-da start götürüb, gecə saat 12 radələrində başa çatdığından məşqdə yaşananlarla bağlı bir gün gecikmə ilə məlumat vermək məcburiyyətindəyəm.
İlk dəfə canlı izlədiyim xüsusi hazırlıq mərhələsində Ayxan Abbasovun komanda ilə davranışlarına və kollektivə verdiyi motivasiyadan yerində xəbər tutdum.
Açıq deyim, bu keyfiyyətlərə malik baş məşqçi ilə də yaxın gələcəkdə nəticə qazanmaq mümkün olmayacaqsa, futbolun başını buraxmağımız məsləhətdir.
Abbasov futbolçularla birlikdə topla məşq edir, ən kiçik detalı izah edir, işlər qaydasında getməyəndə səs tonunu qaldırır, yeri gələndə qardaşlıq etməklə könüllərini oxşamağı bacarır.
Gördüyüm münasibətə məşqçi-futbolçu yox, böyük qardaş bənzətməsi daha çox uyğun gəlir.
Rəqib xüsusi təqdimata ehtiyacı olmayan Portuqaliyadır. Üstəlik, bizimkiləri özlərinə doğma olan meydanda, portəgiz azarkeşlərin gözləri önündə qəbul edəcəklər.
Soruşun, futbolçularımızda hansısa həyəcan, yaxud gərginlik hiss olunur? Zərrə qədər də yox! Son dərəcə rahat və sakit görünürlər. Nəticə qazanmaq, rəqibdən çəkinməmək üçün bu, olduqca vacib amildir.
Psixoloji hazırlıq yerində olmayandan sonra fiziki, yaxud taktiki-texniki çalışmalarla nə etsən də xeyri yoxdur. Vacib məqam psixoloji cəhətdən oyuna hazır olmaqdır.
Stadion əməkdaşlarından əldə etdiyimiz bilgiyə görə, matç saatında Portuqaliyada “Jil Visente”nin ev stadionu kimi tanınan arenada 3-4 min civarında azarkeş yer alacaq.
Barseluş qəsəbəsində yerli camaat futbolla nəfəs aldığından, ölkənin ikinci komandasının burada oynaması onlar üçün əsl bayramdır.
Qazonun vəziyyəti idealdan da o tərəfədir. Havanın hərarətinin isə matç saatında +27-28 dərəcə olacağı gözlənilir.
Bir sözlə, futbol adına hər şey mükəmməldir. Qalır rəqibin adından ehtiyat etmədən meydanda xarakter göstərib, vətənə azı 1 xalla qayıtmaq.
Portuqaliya – Azərbaycan qarşılaşması bu axşam Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
HƏBİB / PORTUQALİYA
SPORTİNFO.AZ