“Sportinfo”nun əməkdaşı faciə baş verən şəhərdə - Gimaraynşdayıq!

4 Sentyabr 16:40 Milli komanda 396
“Sportinfo”nun əməkdaşı faciə baş verən şəhərdə - Gimaraynşdayıq!

Portuqaliyanın ilk paytaxtı, ölkənin beşiyi, Azərbaycan millisinin 1999-cu ilin martın 26-da Portuqaliyaya 0:7 hesabı ilə uduzduğu şəhərdə - Gimaraynşdayıq.

U-21 millimiz AÇ-2027-nin seçmə mərhələsi çərçivəsində bu ölkədən olan həmyaşıdları ilə üz-üzə gələcək. Lakin hazırda olduğumuz şəhərdə yox, Gimaraynşdan 48 kilometr aralıqda yerləşən “Estadio Cidade de Barcelos”da.

Sentyabrın 2-dən 3-nə keçən gecə səfərə çıxan nümayəndə heyətinin tərkibində yer alan üç jurnalistdən biri olaraq sentyabrın 5-dəki matçdan əvvəl və oyunun gedişində yaşananları siz oxuculara təqdim etməyə çalışacağam.

Bakıdan Frankfurta olan 5 saat 20 dəqiqəlik məsafəni qət edib 3 saat 45 dəqiqə gözləyəndən sonra Frankfurt-Portu reysi ilə havaya qalxıb daha 2 saat 50 dəqiqəlik uçuşu tamamlayıb, əlavə 35 dəqiqəlik yolu da avtobusla geridə qoyub, yerli vaxtla 12:50, Bakı saatı ilə 15:50-də gəlib çıxdıq yağışlı Gimaraynşdakı “Open Village Sports” otelinə.

14 saatlıq səfərin nəticəsi olaraq nahar yeməyi hazırlanır və ardınca hər kəs otağındakı yastığı bərk-bərk qucaqlayır.

Futbolçular iki gün sonra yaşıl meydanda onları nələrin gözlədiyindən məlumatlıdır. “Benfika”, “Sportinq”, “Vest Hem”, “Leççe”, “Çelsi” kimi komandaların şərəfini qoruyan gənc portəgizlərin qarşısına çıxacaqları üz ifadələrindən aşkar sezilir. Rəqib hər mənada bizdən üstündür.

Yeganə təsəlli yerimiz baş məşqçi Ayxan Abbasovun inamlı və bir o qədər də tələbkar görünməsidir. Hava limanında bizimlə ayaqüstü söhbətdə deyir:

“Heyətlərindən xəbərim var, oyunlarına da baxmışam. Ancaq nə etməli? Meydana çıxıb, ilk dəqiqədən sona qədər mübarizə aparacağıq. “Böyümək” istəyiriksə, bu cür oyunlar bizim üçün vacibdir. Futbolçuların beynəlxalq matçların ağırlığını və məsuliyyətini hiss etməsi üçün yaxşı imkandır. Çəkinəcəyimiz və qorxacağımız heç nə yoxdur”.

Heyətdə Premyer Liqadan yaxşı tanıdığımız simalarla yanaşı, I Liqada top qovan, ölkə xaricində oynayan gənclər var. Hətta 3 nəfər 18 yaşını geridə qoymağın sevincini yeni yaşayıb. Abbasov yeni komanda ilə uzun yola çıxır.

Bu uşaqlar 3-5 ildən sonra Azərbaycanın əsas millisinə lazım olacaq, ümidlərimizi onlara bağlayacağıq.

Rəqibin adından qorxmamaq, tir-tir əsməmək, meydanda lazım gələndə ayaq yerinə baş qoymaq mütləqdir. Bunları edə bilsələr, “əmi və dayılarının” xalqımıza 26 il əvvəl yaşatdıqları faciənin təkrarlanmasına imkan verməyəcəklər.

Ən azından, belə olacağına inanırıq.

HƏBİB, Bakı-Frankfurt-Gimaraynş

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 09:40 "Qarabağ"da yeni anlaşma