Azərbaycan futboluna LƏKƏ yaxanlar

7 Noyabr 2023 21:20 Köşə 1 784
Azərbaycan futboluna LƏKƏ yaxanlar

Sentyabr ayının ortaları idi. Barış Şimşək idman jurnalistlərini bir yerə yığıb seminar keçmək həvəsinə düşmüşdü.

Bakı Olimpiya Stadionunun konfrans zalında gerçəkləşən və 30-a yaxın media mənsubunun iştirak etdiyi görüş təxminən 4 saat davam etdi.

Türkiyədən bəh-bəhlə dəvət olunan mütəxəssis futbol qaydalarındakı yeniliklərdən, mübahisəli epizodlardan, hakimlərin yanlış və doğru qərarlarından bəhs edib, sonda VAR otağına baş çəkməyimizə şərait yaratdı.

Ölkə futbolundakı hakimliyin səviyyəsini görüb-bilməyən biri olsaydı, gözləri bərələr, ağzı açıq qalardı. Şimşək o qədər həvəsli və peşəkar görünürdü ki, sanki rəhbərlik etdiyi komitəyə özü kimi peşəkarlar yığılıb, dərs keçdiyi referilər meydanda özünü dəryada balıq kimi hiss edir.

Premyer Liqanın 12-ci turunda yaşanan hakim biabırçılıqlarını görəndə gözlərimin önündə Barış Şimşəyin bizimlə görüşdəki siması canlandı. Şux duruşlu, suallarına özünə sərf edən tərzdə cavab verən əsl patron obrazındakı həmin adam.

Ədalət təmsilçilərinin turun digər oyunlarında yol verdikləri texniki və mexaniki səhvlərlə işim yoxdur. Bəzən özümüz də klavyaturanın yanlış düymələrinə basırıq, hansısa faktı doğru yazmırıq.

Amma söhbət “Səbail” – “Turan Tovuz” və “Sabah” – “Zirə” oyunlarından gedirsə, burada yaşananlar sözün əsl mənasında RƏZALƏT idi. Başqa cür desək, Azərbaycan futbol hakimliyi adına SÖYÜŞ.

Qırmızı vərəqəyə göz yummaq, məcbur epizodda VAR-a ehtiyac duymamaq, ikili standartla işləmək, “top üzünə toxunub əlinə dəymişdi” kimi absurd əsasla gündəmə gəlmək Premyer Liqamızın və hakimliyin adına ləkədir.

Bizə bu ləkəni yaxan və yaxmaqda davam edən Barış Şimşəklə dərs verdiyi bəzi hakimləri Azərbaycan futbolunun nüfuzuna zərbə vurmaqda davam edir.

Bu gün ölkəmizdə Rusiyanın bacarıqlı məşqçilərindən sayılan Murad Musayev, futbolçu kimi dünya futboluna imzasını yazdırmış Adrian Mutu, müxtəlif ölkələrdən neçə-neçə legioner çalışır, top qovur. Və bütün biabırçılıqlar onların gözləri qarşısında yaşanır.

Ölkə futbolunda rəqabətin artığını eşidib televizorun qarşısına keçən, ya da stadionun yolunu tutan neçə-neçə futbol azarkeşi bu yolla Premyer Liqadan uzaqlaşdırılır.

Bəli, hakimlikdə səhvlər olub, var və olacaq. Amma kimsə məni hesabat turunda yaşananların təsadüf və ya bilməyərəkdən yol verilən səhv olmasına inandıra bilməz. Mənə görə tamaşa etdiyimiz razalət zərurət idi, təsadüf yox. O boyda təsadüf olmur.

Və bu fikrə düşən tək adam deyiləm. Epizodları diqqətlə izləyən minlərlə insan həmin nöqsanları nəyləsə əlaqələndirəcək.

Bunlar VAR olmayan dönəmlərdə yaşansaydı, hardasa inanmaq olardı. Adam VAR-a baxmaq istəmirsə, ya da VAR-a baxıb gülünc qərar verirsə, burada ƏMMA var. Ya bu hakimlər sifarişlə işləyir, ya Barış Şimşək onlara heç nə öyrətmir, ya da qaydalar izah olunan dərsdə yatırlar.

Ümid edək ki, birinci ehtimal deyil. Ümid etməyə yer qoyublar ki?

HƏBİB

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!