Azərbaycanlı məşhur, yoxsa Messi və Ronaldo?

11 May 2020 12:58 Karate 604
Azərbaycanlı məşhur, yoxsa Messi və Ronaldo?

Sportinfo.az xəbər verir ki, dünya karatesinin iki ulduzu – milli komandamızın üzvü Rafael Ağayevlə (75 kq) əsas rəqibi Luici Busanın “instaqram” üzərindən onlayn-məşqini 45 min insan izləyib.

“Qazzetta dello Sport”un məlumatına görə, italiyalı karateçi öz evinin zirzəmisindən, həmyerlimiz isə Bakıdakı otellərin birindən canlı yayına qoşulub:

“Bu təşəbbüs bir neçə gün ərzində hazırlansa da, tərəflər yerləşdikləri məkanda bütün hərəkətləri xırdalığına kimi yerinə yetirdilər. Bəzi improvizasiyalar da öz yerində. Bir-birini görən kimi onların gözləri parıldadı.

Busanı dinləyək: “Hər dəfə Rafaelə qarşı döyüş üçün tatami üzərinə çıxarkən adrenalinim yüksəlirdi. Bu, sağlam rəqabətdi. Bizi həmişə məhz bu məqam fərqləndirir. Bəli, hər ikimiz çox tərlədik. Amma bu, karantinə görə idi.

Çünki yaxşı formada qalmağımıza mane olur. Bizim məqsədimiz ondan ibarət idi ki, hər şeyi yenidən başlaya biləcəyimizi insanlara çatdıraq. Yalnız birlikdə yenidən arzulara qovuşa bilərik”.

Luicinin səsi canlı yayından aldığı emosiya üzündən titrəyir: “Mənə gənclər, yaşlılar, valideynlər yazdılar. Hamısı minnətdarlığını çatdırdı ki, bu çətin günlərdə onların uşaqlarını güldürməyi bacardıq, gülməyə məcbur etdik.

Bu kiçik təşəbbüs ürəkdən gələn bir şey idi. 45 min izlənmə oldu. Mənim və Rafael üçün karate möhtəşəm həyatımızın ən böyük sevgisi olaraq qalır.

Və biz fəxr edirik ki, dünyaya rəqabətin mövcud, hədəfin qələbə qazanmaq olduğunu göstərdik. Eyni zamanda elə an gəlib çatır ki, birləşmək lazım gəlir. Düşünün, Messi ilə Ronaldo eyni ideyanı həyata keçirsəydi, sosial şəbəkələr dağılardı”.

Luici ilə Rafaeli tez-tez dünya futbolunun böyük adları ilə müqayisə edirlər: onlar karate üçün Messi və Ronaldodu. Busa “İnter”ə, Ağayev isə “Yuventus”a azarkeşlik edir. Beləliklə, onların rəqabəti futbol meydanına da yansıyır.

Hətta o dərəcədə ki, imkandan yararlanan Rafael hamını “ağ-qara” futbolkada salamladı və “Forza Yuve!” qışqırdı. Busa isə buna cavab olaraq “yox, “İnter”, ancaq “İnter” söylədi.

Busanın söylədiklərinə fikir verin: “Stadionun dolması? Bu, uşaqlıqdan mənim arzumdu. Çempionlar Liqasının finalı zamanı bədənim ürpəşir. Rafaellə mən karateyə hər şey vermişik və bunu davam etdirəcəyik ki, Tokioda Olimpiada arzusu çin olsun. Gələcəkdə bu ideyanı canlı şəkildə həyata keçirmək də pis olmazdı. Biz bu haqda düşünürük”.

Busanı toy gözləyir: sentyabrda Laura Paskua ilə evlənəcək. Rafael isə xüsusi qonaq olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti