Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə ittiham olunan Urxan Orucovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Sportinfo.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı sentyabrın 11-nə təyin edilib. Bu il yanvarın 25-də saat 1 radələrində Xəzər rayonunun Buzovna ərazisində yolu keçən Maştağa qəsəbə sakini 31 yaşlı Səlim Zülfüqarov avtomobillə vurulub.
Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən S.Zülfüqarov orda ölüb. Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədildiyi müəyyən edilib.
Hadisə yerindən qaçan həmin nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Urxan Orucov saxlanılaraq istintaqa təhvil verilib.
Ölümlə nəticələnən qəzanı törədən, hadisə yerindən qaçan Urxan Orucov peşəkar idmançıdı. Kikboksinq və kunq-fu idman növləri ilə məşğul olan 29 yaşlı Urxan 3 qat dünya, 8 qat Azərbaycan çempionudu.

