"Neftçi"nin 41 qol vurduğu komandanın baş məşqçisi ürəyini boşaltdı

23 Aprel 02:20 Qadın futbolu 1 851
"Neftçi"nin 41 qol vurduğu komandanın baş məşqçisi ürəyini boşaltdı

Bir neçə gün öncə AFFA Yüksək Qızlar Liqasında qeyri-adi nəticə qeydə alındı.

Belə ki, "Neftçi” Ağcabədini təmsil edən "Olimpiya” ilə görüşdə 41:0 hesablı qələbə qazandı.

Təbii ki, futbolda belə nəticələrə çox nadir hallarda rast gəlinir. Bəs bu cür biabırçı məğlubiyyətə səbəb nə oldu? Ağcabədi komandası nə vaxt yığılıb, ümumiyyətlə, məşq keçmişdilərmi?

Nəticədən doğan sualları qaynarinfo-ya açıqlamasında sözügedən komandanın baş məşqçisi Mahir Bağırlı cavablandırıb.

Sportinfo.az xəbər verir ki, o ,acı məğlubiyyətin səbəblərini bu cür izah edib:

"Komanda zəifdi. Bu ili birtəhər yola verməyi düşünürük. Gələn il komanda tamamilə yenilənəcək. Böyük dəyişikliklər gözlənilir. Yəqin bundan sonra yaxşı olacaq.

"Neftçi” top-komandadır, çempionluq uğrunda mübarizə aparırlar. Ona görə də çalışıb istəklərinə nail oldular və böyük hesabla qələbə qazandılar. Bir neçə oyun qalıb, çempionat başa çatmaq üzrədir”.

Mütəxəssis itkilərin çox olduğunu da bildirib:

"Yüksək Liqada birinci ildir oynayırıq. Komanda sentyabrda yığılıb. Həmin vaxtan bəri bir çox dəyişikliklər olub. Kimisi nişanlanıb, kimisi ailə qurub, kimisi zədələnib.

Bu il itkilərimiz çox oldu. Qapıçımız da ailə qurmuşdu. Yəni həmin oyunda əsas qapıçımız oynamadı. Bunun da böyük təsiri var. Səhvlərimiz oldu, üzərində işləyəcəyik. Gələn il kənardan oyunçu gətirəcəyik”.

Maraqlıdır, hesabın bu şəkildə olması nə dərəcədə ədalətlidir? Hər halda "Neftçi” daha güclüdür və müəyən güzəştlərə gedə bilərdi:

"Bunu onların insafına buraxıram. Peşəkar komandadır, nə deyə bilərəm ki.

Elə oyun olub, 14-15 qol vumuşuq, rəqib məşqçi gəlib oyunçuları dəyişdirməyimizi xahiş edib. Bunlar isə oynadılar, axıra yaxın bir neçə dəyişiklik etdilər.

Həm də 25-30 yaşlı futbolçulara, 16-17 yaşlı qızlar nə edə bilər ki? Komandamızın əksər üzvləri Yüksək Liqada debütantdırlar.

Yaş fərqləri çox böyük idi. Onlar yığma oyunçularıdır, həm də heyətlərində gənclər çox az idi. Yığmamız da, bilirsiniz ki, Millətlər Liqasında birinci yerə çıxdı, növbəti mərhələyə vəsiqə qazandı.

16-17 yaşlı uşaqlar onlara nə edə bilərdilər? Təcrübəsizdirlər, həm də yaşlı oyunçularımız gəlməmişdi”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!