Argentina millisi ilə dünya çempionu olan "Tottenhem"in futbolçusu Kristian Romero İngiltərədə "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının Liqa mərhələsinin I turunun matçını buraxacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə məşhur "The Standard" nəşri məlumat yayıb.
Buna səbəb 26 yaşlı müdafiəçinin cəzalı durumda olmasıdır.
London təmsilçisinin vitse-kapitanı iki mövsüm əvvəl aldığı qırmızı vərəqəyə görə bu matçda iştirak edə bilməyəcək.
O, 2022/2023 mövsümündə "Milan"la qolsuz heç-heçə etdikləri Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında (ilk oyun - 0:1) ikinci sarı vərəqəni alaraq meydandan qovulmuşdu.
"Tottenhem" 2023/2024 mövsümündə avrokuboklarda yer almadığından argentinalı futbolçu cəzasını bu mövsüm çəkməli olacaq.
Sentyabrın 26-da baş tutacaq "Tottenhem" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.