ŞOK: “Məni orada gizli saxlayırdılar, Azərbaycana elə yollarla gətirdilər ki…”

4 Yanvar 17:45 Hadisə 1 974
ŞOK: “Məni orada gizli saxlayırdılar, Azərbaycana elə yollarla gətirdilər ki…”

Elmir Tağıyevin “Drenitsa” karyerası cəmi 4 ay davam etdi.

Ötən ilin avqustunda Kosovo klubu ilə 1 illik sözləşməyə imza atan 25 yaşlı azərbaycanlı yarımmüdafiəçi dekabrda oradan ayrılmaq qərarını verdi.

Təbii ki, səbəbsiz yerə yox, üzləşdiyi çətinliklərə görə.

Elmir Sportinfo.az-a verdiyi müsahibədə başına gələnləri nöqtə-vergülünə qədər açıqlayıb.

-“Drenitsa”da işlərin necə gedir?

- Artıq klubun üzvü deyiləm. Oradan ayrılmışam. Təkliflər var, onları götür-qoy edirəm. Lakin hələ ki, dəqiq heç nə yoxdur.

- Ölkə xaricindən?

- Əcnəbi klublar da var, yerli də. Yəqin ki, legioner həyatı yaşamaqda davam edəcəyəm.

- Kosovodan ayrılmağının səbəbi nə oldu?

- Futbolun və çempionatın səviyyəsinə söz ola bilməz. Güclü komandalar, dinamik futbol, səviyyəli futbolçular var. Lakin şərait baxımından axsayırlar.

- Qidalanma, məskunlaşma, peşəkarlıq sarıdan?

- Yox-yox, o baxımdan çətinlik yox idi. Ev kirayələmişdim, orda qalırdım. Meydanların durumu xoş deyil. Bir az yağış yağan kimi acınacaqlı vəziyyət yaranırdı. Əsasən bu idi çətinlik. Bəlkə də başqa klublarda maaşla bağlı problem ola bilərdi. Ancaq bizdə məvaciblər vaxtı-vaxtında verilirdi, əlavə bonuslar nəzərdə tutulmuşdu.

- Sırf meydanların vəziyyətinə görə ayrılmağın nədənsə inandırıcı görünmür. Bəlkə əsl səbəbi demək istəmirsən?

- Məskunlaşdığım şəhər sıxıcı idi, paytaxt deyildi. Digər tərəfdən mənə yaşamaq icazəsi ala bilmirdilər. Azərbaycanla Kosovonun diplomatik problemləri var.

- Dövlətimiz Kosovonun müstəqilliyini tanımır. Yəqin buna görədir.

- Bəli-bəli. Məni orada gizli saxlayırdılar. Deyirdilər, gizli yaşa, heç nə olmayacaq. Mən də istər-istəməz narahatlıq keçirirdim. Bura qayıtmağım üçün məni elə yollarla gətirdilər ki... Bildiyiniz biabırçılıq idi. Kosovodan Albaniyaya keçdim, ordan başqa ölkəyə. Bir sözlə, gizli yollarla. Bu, məni çox narahat edirdi.

- Klubdan rəsmən ayrılmısan?

- Açığı, sənədimi almamışam, 2-3 günə verəcəklər.

- Klubdan pul alacağın var?

- Yusif İmanov “Malişeva” klubundaydı. Həmin klubda maliyyə sıxıntisi, gecikməsi olurdu. Ancaq mən orda olduğum müddətdə elə bir şey görmədim. Bu dəqiqə klubun mənə borcu yoxdur.

- Kosovo Super Liqasını Azərbaycan Premyer Liqası ilə müqayisə etmək olar?

- Nə gizlədim, ora gedəndə düşünürdüm ki, Premyer Liqadan zəif olar. Amma qətiyyən belə deyil. Liqanın oyunları çox sürətli keçir, oyunboyu top dayanmır. Şərait zəif olsa da, futbolun səviyyəsi yüksəkdir. Azərbaycanda yağış yağanda rahat oynayırsan. Orada meydan palçıq olur, bostana oxşayır. Mənə görə, Kosovo çempionatı keyfiyyətinə görə Premyer Liqadan heç də geri qalmır. “Drita” bu gün Konfrans Liqasında mübarizə aparır, yaxşı nəticələr əldə edir.

- Az şans qazanmağın nə ilə bağlıydı? “Transfermarkt”də aktivində cəmi 5 oyun var.

- Problemlərdən biri də budur. Komandaya gec qoşulduğum üçün ilk dönəmdə bəzi matçları buraxdım. Ancaq sonradan mütəmadi oynamağa başladım. “Drenitsa”da 10, ya da 11 dəfə meydana çıxsam da, “transfermarkt” 5 oyun göstərir. Komandamızın hücumçusu 12 qolla bombardirlik edir, həmin saytda 7 qol qeyd olunub. “Mackolik”də Kosovo çempionatının hansısa matçını izləyirsən, bir də baxırsan ki, 5-ci dəqiqədə saytdan həmin oyunu çıxartdılar. Bir dəfə yoxlayın, özünüz görəcəksiz.

- Niyə belədir? Səbəb nə göstərilir?

- Menecerimə sual verdim ki, bu, necə çempionatdır, mən bura niyə gəlmişəm? Deyir, burda göstəricilər gec yazılır, bəzən 3-4 aydan sonra düzəldirlər.

- Komanda yoldaşlarınla, ətrafdakılarla ünsiyyəti hansı dildə qururdun?

- İngilis dilini bilirəm. Əla olmasa da, danışıram, başa düşürəm.

- İndi nə düşünürsən?

- Klubların adını çəkə bilməyəcəm, amma variantlar var.

- Yəqin ki, biri ötən il şərəfini qoruduğun “Kəpəz”dir. Digəri də “Karvan-Yevlax”.

- Ad çəkə bilməyəcəm. Hələ gözləyirəm. Ayrılıq sənədim əlimdə olandan sonra konkret söhbət edəcəyik.

- Yəqin ki, maliyyədə razılaşa bilmirsiz.

- Vallah, hələ o yerə gedib çıxmamışıq. Menecer deyir, səbrli ol, tələsmə. Azərbaycana qayıtmağa isti yanaşmıram. Qayıtmaq qərarını versəm və tutaq ki, “Kəpəz” xidmətimdə maraqlı olsa, razılaşaram. Çünki orda oynamışam, baş məşqi Azər Bağırovla yaxşı münasibətim var.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 08:00 Yollar buz bağlayacaq