"Ölkə Prezidenti İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də idmançılara yüksək diqqət və qayğı göstərdiyini nümayiş etdirdi.
Tədbirdə müxtəlif sahələrdən olan idmançıların iştirakı, onların dövlətimizin başçısı tərəfindən fərdi olaraq tanınması və nailiyyətlərinin dəyərləndirilməsi xüsusi önəm daşıyır".
Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin iştirakı ilə 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim barədə danışarkən deyib.
Onun sözlərinə görə, Prezidentin idmançılarla səmimi və rahat müzakirə aparması, dostyana ünsiyyətin yaradılması ölkədə idmana olan münasibətin nə qədər yüksək olduğunu göstərir:
“Orada olan zarafatlar da faydalıdır. Çünki həmin səmimi atmosferin qurulmasında birbaşa cənab Prezidentin rolu var. Tədbirdə bəzi idmançılara Prezident təqaüdünün verilməsi, evlə təmin olunmaları və uğurlarının xüsusi olaraq xatırlanması onların gələcək fəaliyyətinə böyük stimul verir. Bu cür təşəbbüslər təkcə idmançılar üçün deyil, bütövlükdə cəmiyyət üçün də önəmlidir. Çünki izləyicilər və gənclər bu diqqəti gördükcə idmana maraqları artır və özlərində bu sahədə inkişaf etmək üçün daha çox istək hiss edirlər”.
F.Mustafa dövlət başçısının idmana xüsusi diqqət ayırdığını vurğulayıb:
“Bu proses hər zaman olub və indi də bu qayğı öz aktuallığını qoruyur. Prezident İlham Əliyevin bu sahədə atdığı əsas addımların mahiyyəti idmançılar üçün yaxşı şəraitin yaradılması və potensiallı idmançıların aşkarlanması ilə bağlıdır.
Bu proses yalnız dövlət başçısının təşəbbüsü ilə yekunlaşmamalıdır. İdman sahəsində çalışan məmurlar və federasiyalar da eyni fədakarlıqla bu işə qoşulmalı, idmanın alt qatlarında yetişən istedadlı gənclərin üzə çıxarılması üçün çevik və effektiv mexanizmlər yaratmalıdırlar. İdmançılar bu sahədə göstərdikləri fəaliyyəti təkcə şəxsi uğur deyil, Azərbaycan naminə xidmət və dövlətə bağlılıq əlaməti kimi qəbul etməlidirlər. Prezidentin göstərdiyi yüksək diqqət və qayğı da məhz bu məsuliyyət hissini idmançılarda gücləndirir.
İdmançılar qazandıqları hər bir nailiyyəti sanki ölkə başçısına mənəvi bir hesabat kimi dəyərləndirirlər. Bu, Prezident İlham Əliyevin idmançılar arasında böyük nüfuzunun və onların həmin qayğıya olan ehtiyacının göstəricisidir.
Eyni zamanda, əgər hər hansı bir idmançının yolunda çətinliklər, məmur səhlənkarlığı və ya ədalətsizliklər ortaya çıxarsa, bu barədə Prezidentə məlumat çatdığı anda məsələ dərhal nəzarətə götürülür və həll olunur.
Məhz bu səbəbdən də bir çox idmançılar dəfələrlə Prezidentin şəxsi dəstəyi sayəsində idmana qayıdaraq yeni uğurlar qazanmağa nail olublar”.

