Müstəqil Gürcüstan futbolunda Arveladze qardaşları hansı çəkiyə malik olubsa, bizdə də Qurbanov qardaşları bir o qədər sevilib.
Doğrudur, Qurbanla müqayisədə Musanın milli karyerası olmayıb və legioner həyatı da demək olar ki, alınmayıb.
Amma Arveladzelər karyeralarını bitirdikdən sonra haradasa tarixin yaddaşında “toz basıblarsa” (Şotanın məşqçilik karyerasını çox da uğurlu saymaq olmaz), Qurbanovlar hələ də Azərbaycan futbolunun yükünü çiyinlərində daşıyır.
Qurban qədər Musa da müəyyən faydalı iş əmsalı ilə diqqət çəkir. Kiçik qardaş hər nə qədər üzdə olsa da, böyük qardaşın “səhnə arxasında” fəaliyyəti bir o qədər effektlidir.
Sözün yaxşı mənasında bu “pərdəni götürmək” üçün Musa müəllimlə görüşmək qərarına gəldim (futbolinfo.az).
– Futbol oynamağa bir az gec başlamısınız, bu nə ilə əlaqədardır?
– Əslində orta məktəbdə oxuyanda idman sahəsində uşaqlar arasında ən aktivlərdən biri sayılmışam. Məktəbin futbol, voleybol, basketbol və digər növlərdəki komandasının üzvü olmuşam. Futbolla gec məşğul olmağımın isə bir sıra səbəbləri var idi. Əvvəla, biz kənddə yaşayırdıq, onda da ancaq küçədə və ya məktəbin həyətində oynamaq olardı. Bizim Aşağı Tala kəndimiz Zaqatalanın mərkəzindən 5-6 km aralı idi. Gedib orada oynamağa imkanımız olmurdu. Məktəbdən evə qayıdandan sonra dərsləri etmək və s. Alınmırdı. Həm də az yaşlarımızdan sahədə anamıza kömək etmişik, futbola gedib-gəlməyə vaxtımız olmayıb. Futbolu əsgərlikdən qayıdandan sonra oynamağa başlamışam.
– Hərbi xidməti harada çəkmisiniz?
– Ural bölgəsinin Nijni Taqil şəhərində. O vaxt SSRİ Silahlı Qüvvələrinin məxfi qoşunları deyilən hərbi hissələri var idi. Mən də onların bir üzvü idim. Amma orada mən idman növlərindən yaxşı nəticə göstərdiyim üçün 6 aydan sonra idman zalının ştatdankənar komendantı oldum. Orada da demək olar ki, bütün növlərlə məşğul olurdum, bəzən axşam zabitlər yığışıb futbol oynayanda məni də çağırırdılar. Xidməti başa vurub gəldikdən sonra kəndlər arasında rayon çempionatının oyunlarına qoşuldum. Nəticədə bizim kənd çempion oldu, qolları da əsasən mən vururdum. Kənd uşaqları içində özümü yaxşı tərəfdən göstərmişdim. O vaxt Şaban Şirdanovdan əvvəl Zaqatalanın “Daşqın” komandasını Valeri Hacıyev çalışdırırdı. “Neftçi”dəki Valeri Hacıyev yox, bu başqasıdır. Məni ilk dəfə komandaya o dəvət etdi. Bu da 1985-ci ilə təsadüf edir. Bir az getdim, yanaşmasını bəyənmədiyimə görə orada çox qalmadım. Məni əsas komandayla məşqə buraxmırdı. Üstündən 4-5 ay keçəndən sonra Şaban müəllim “Daşqın”ın baş məşqçisi təyin olundu. O, məni israrla komandaya dəvət etdi. Artıq 1986-cı ildən “Daşqın”ın tamhüquqlu üzvünə çevrildim.
– Oradan sonra karyeranızı bir müddət “Kəpəz” və “Göyəzən”də davam etdirmisiniz…
– 1987-ci ildə Gəncəyə yollandım, 6 ay orada oynadım. 1988-ci ildə isə “Göyəzən”ə keçdim. 2 mövsüm Qazax klubunda çıxış etdim. Bundan sonra “Neftçi” karyeram başladı. 1988 mövsümünün sonlarına yaxın, səhv etmirəmsə, oktyabr ayında “Neftçi” ilə müqavilə imzaladım. Haradasa 4 oyun oynadıq. Növbəti mövsümdə də “ağ-qaralar”ın heyətində çıxış etdim. Sonra yenidən “Göyəzən”, “Daşqın” və s…
– “Neftçi”də oynayan ilk zaqatalalı siz olmusunuz. O vaxt bu şansı qazananda hansı hissləri keçirdiniz?
– İlk olmaq şərt deyil, davamlı oynamaq lazımdır. Mən bu komandada davamlı ola bilmədim.
– Bəs orada möhkəmlənə bilməməyimizin səbəbi nə oldu?
– Rəqabət amilini qabartmazdım. Ruslan Abdullayevin komandasında özümü göstərməyə ustalığım çatmadı. Hər halda, nəsə çatmadı ki, məşqçi məni komandada saxlamadı.
– Azərbaycan çempionatında çox komanda dəyişmisiniz. Bunu nə ilə əlaqələndirərdiniz?
– Çox komanda dəyişmişəm deyəndə ki, Azərbaycan çempionatında tək mən yox, bütün futbolçular çox komanda dəyişib. O vaxt sabitlik yox idi deyə, futbolçular tez-tez yer dəyişirdi.
– Qurban Qurbanovun futbola yolu necə açııdı? Bu, sizin sayənizdə oldu?
– Mən oynamağa başlayanda Qurban gözümün qabağında idi. Perspektivini və futbola olan həvəsini gördükdən sonra onu özümlə apardım. Əslində, həm mən, həm də Qurban məktəbdə yaxşı oxuduğumuzdan anamız bizi daim təhsilə yönəltmək istəyirdi. Amma futbola olan sevgi ön plana çıxınca, anamız bununla razılaşdı. Mən “Göyəzən”də oynayarkən futbol üfüqlərimizin geniş olduğunu görüb Qurbanı da israrla oynamağa gətirdim. Amma onun da “qabında bir şey var idi”. Fiziki gücü və topla rəftarına görə yaşıdlarından seçilirdi.
– Şaban Şirdanov müsahibəsində deyir ki, Musa olmasaydı, Qurban bu səviyyəyə gəlib çıxmayacaqdı…
– Necə deyim, hər kəsin öz taleyi var da. Ola bilər, biz vasitəçi olmuşuq. Amma o qədər vasitəçi olanlar var ki, arxaları ilə gətirdikləri məqsədə çata bilməyib. Əsas insanın özünü necə aparması və nə istəməsidir. Qurban istəməsə, 10 dənə Musa olsa, onu o yola gətirmək olmaz. Qardaşımın istedadı və əzmkarlığı olmasaydı, bir şey alınmayacaqdı.
– Mən bilən Quran müəllim debüt matçında sol cinah müdafiəçisi kimi meydana çıxıb. Həmin oyunda deyəsən, iki qol ötürməsi ilə də yadda qalıb…
– Bəli elədir, amma səhv etmirəmsə, həmin oyunun iştirakçısı olmamışam. Deyəsən, onda mən “Göyəzən”də idim. Amma onu bilirəm ki, futbola müdafiəçi kimi başlayıb.
– İstedad amilini bir kənara qoysaq, siz yoxsa Qurban müəllim daha universal olub?
– Təxribatçı suallar verirsən ha, müsahibəyə razılıq alanda bunu etməyəcəyini demişdin (gülür). Belə deyim də, mən Qurbana nisbətən fiziki cəhətdən daha güclü və dözümlü olmuşam. Meydanda iş qabiliyyətim Qurbandan daha yüksək olub. Amma onun da məndən üstün cəhətləri olub. Qurban daha sürətli idi, başla daha yaxşı oynayırdı. Get-gedə bunu daha da inkişaf etdirdi.
– Sizin milli karyeranız da alınmayıb…
– Bəli, mənim milli karyeram olmayıb. Əslində iki dəfə yoldaşlıq oyunu üçün dəvət olunmuşam, amma meydana çıxmamışam. Təlim-məşq toplanışına da dəvət olunmuşam, sonra elə olub ki, məni heç axtarmayıblar da.
– Qısa legioner həyatı yaşamısınız, o da Gürcüstan…
– Bəli, 6 ay bir komandada, 6 ay da başqa komandada. Orada da sabitlik çatışmayıb. Əvvəl “Qurcani”, sonra da “Mertsxali” komandasında çıxış etmişəm.
– “Qurcani”də deyəsən, Otar Qabeliyanın başçılığı altında oynamısınız…
– Yox, Qabeliya məndən sonra gəldi.
– Digər iki qardaşınızın futbol oynamaq üçün istedadı olub?
– İstedadlarını deyə bilmərəm, amma futbol oynamayıblar (gülür).
– Mən bilən İlkin Qırtımov da sizin kənddəndir, Aşağı Taladan…
– Bəli, amma heç bir qohumluq əlaqələrimiz yoxdur.
– Faciəvi şəkildə həyatını itirən bizim məşhur pambıq ustamız Sevil Qazıyeva da sizin kənddən olub…
– Əslində o Yuxarı Taladandır. Biz aşağı hissədənik. Mən deyim də bizim kənddən kimlərdir? “Turan Tovuz”da oynayan Faiq Hacıyev bizim kənddəndir, bibimin nəvəsidir. “Qəbələ”dəki Murad Musayev də bibimin nəvəsidir. Yeri gəlmişkən, Aydın Bayramov da Taladandır.
– Musa Qurbanovun məşqçilik karyerası…
– Zaqatalada olarkən oynayan baş məşqçi idim. Bir az da “Bakılı”da məşqçi kimi çalışmışam. Qurban məşqçiliyə başlayandan sonra mən bu işin başını buraxdım. Bəlkə də davam etsəydim, nəsə alınardı. Nə deyim, məşqçiliyə çox da can atmamışam.
– Seleksiya fəaliyyətinizi necə dəyərləndirərdiniz?
– Nə bilim vallah, hələlik işləyirik də. Necə deyim, Qurbana kömək edirəm, belə baxanda böyük ölçüdə məşğul olduğum sahə yoxdur.
– Həmçinin “Zaqatala”nın Müşahidə Şurasının üzvüsünüz. Orada işləriniz necə gedir?
– Mən 9 il bu klubun İdarə Heyətinin sədri olmuşam. Son iki ildə bu vəzifəni Şaban Şirdanov daşıyır. Bizdə həmişə sponsor problemi olub. İndiki dövrdə sponsor olmasa, yüksəlişə keçmək mümkün deyil. İşlədiyimiz müddətdə çox çalışmışıq, çox axtarmışıq, təkliflər irəli sürmüşük, amma Zaqatalada futbolçu çıxsa da, sponsor çıxmayıb. Yəqin ki, pullu adamlar azdır.
– Orada işaqların və cavanların futbola marağı var? İstedadlılar çıxır?
– Hər zonanın futbola olan yanaşma tərzi var. Məsələn, baxırsan ki, Tovuzda həmişə ənənə olub. Bu sözləri Quba və Qusara da aid etmək olar. Məsələn, bizim zonada nə Şəkidə, nə də Balakəndə futbola maraq var. Amma Zaqatala və Qaxda həmişə futbol olub. Hər zonada 1-2 futbol oynayan rayon tapmaq olar. Sizə bir məqamı deyim: “Qəbələ” akademiyasındakı uşaqların bəlkə də yarısını zaqatalılar təşkil edib. Onlar gəlib Zaqatalada seleksiya işi aparırdılar, istedadlı uşaqları üzə çıxarırdılar.
– Ənənədən söz düşmüşkən, Zaqatalanı Azərbaycan Premyer Liqasında təmsil edən “Simurq” komandası da olub…
– Bəli, “Simurq”un dövrləri olub, amma bizim onlarla əlaqə və münasibətlərimiz olmayıb. Onlar başqa qaynaqdan maliyyələşirdilər…
– Keçək qardaşınız oğlu və adaşınız Musaya. Sizin adınızın ona qoyulmasının təşəbbüskarı Qurban müəllim olub?
– Bəli, aramızda isti münasibətlərə görə adımı oğluna qoydu.
– Bəs bir əmi kimi Musanın karyersını necə dəyərləndirərdiniz?
– Hələ ki, yolun başlanğıcındadır. Bilirsiniz, bir var fitri istedad, bir də var mənim kimi, Qurban kimi əməksevərliklə bu səviyyəyə ucalmaq. Elə Musada da uşaqlıqdan böyük istedad olmayıb. Amma o qədər futbola həvəsi olub ki. Musa bəlkə də günün yarısını məşqdə keçirib. Elə indi də belədir. Güc və sürət cəhətdən elə uşaqlıqdan onda çatışmazlıqlar olub. Amma oyun zəkası və futbol biliyi yaxşıdır. Mən inanıram ki, onun karyerasının parlaq dövrləri hələ qabaqdadır.
– “Yurqorden”ə transfer olunduqdan sonra ilk dönəmlərdə yaxşı oynadı, qollar vurdu, sonra nə oldusa, dayandı. İsveç karyerası niyə alınmadı?
– Ora bir az fərqli yerdir. Həm mentalitet olaraq, həm də ki, buradakı şərait orada yox idi. Məsələn, o komanda bazasız idi. “Yurqorden”in bazası yox idi. Kənarda bir məşq yeri var idi, daha gedib orada qalmaq imkanları mövcud deyildi. Musa bunlara öyrəşməmişdi. Buradakı imkanları orada əldə edə bilmədi. Ona görə də çətinlik çəkdi. Həm də ki iqlim şəraiti öz sözünü dedi. Özü çox ünsiyyətcil uşaqdır, amma orada mühit elə deyildi. Klubun bazasının olmaması, istədiyi kimi məşq etməməsi, həmçinin zədələnməsi sözünü dedi. Bir az özünə qapanan uşaq olduğundan təklik ona pis təsir etdi. Bunlar hamısı üst-üstə yığılıb problemə çevrildi.
– Gələcəkdə xaricdən yenə təklif gəlsə…
– Dəyərləndirə bilər.
– İsveçə yollanmamışdan qabaq Ramil Şeydayevlə bombardirlik yarışında rəqabətə girişmişdi. İndi isə az şans qazanır…
– Bir az lmitin ləğvi, bir az da komandanın hazırda tam fərqli futbol oynaması proseslərə təsir göstərir. O vaxt limitin olması bizim futbolçuların çıxışına müsbət təsir göstərmişdi.
– Problemlərdən söz düşmüşkən, Azərbaycan futbolunun ən böyük problemləri nədir? Mütəxəssis kimi fikirlərinizi öyrənmək istərdim…
– Mən həm də Azərbaycan Futbolçular Birliyinin sədriyəm. Haradasa 20 gün əvvəl FIFA-nın dəvəti ilə Mərakeşin paytaxtı Rabata tədbirə yollanmışdım. Futboluların hüquqlarından tutmuş hər bir məsələ ilə bağlı müzakirələr aparıldı. Hazırda FIFA bu məsələlərin üstünə düşüb. Azərbaycandan da mən dəvət olunmuşdum. Tədbir Mərakeş millisinin Rabatdakı bazasında keçirildi, FIFA-nın orada öz qərargahı var. Son vaxtlar Mərakeş futbolunun inkişafını görürürsünüz də. Təsəvvür edin, həmin baza 35 hektar ərazidə yerləşir. Həm Mərakeş Futbol Federasiyası oradadır, həm məşq bazaları həmin ərazidədir, həm də milli komanda üçün orada 5 ulduzlu otel tikilib, 21 yaşlılar üçün də həmin yerdə ayrıca şərait yaradılıb. Üstəlik, aşağı yaş qruplarından ibarət komandalar üçün də xüsusi yer ayrılıb. Ümumilikdə 3 ayrı otel var. Böyük bir binada tibbi personal yerləşir. Xeyli futbol meydançaları var. Birində ancaq milli komanda məşq edir. Haradasa 7-8 təbii, 2-3 dənə də süni meydançaları var. Bir dənə də standart bağlı manejləri var. Sadəcə meydançadır, amma üstü bağlıdır. Rabatı gəzirsən, başdan-başa meydançalarla doludur. Hər tərəfdə də məşq edirlər. Hələ mən klubların bazalarını görməmişəm. Yəni, sistem düzgün qurulmasa, inkişaf barədə danışmaq olmaz. Yəqin ki, bizdə də üzərində işləyirlər, yaxşı olar hər halda…
– Belə baxanda bizimlə müqayisədə Mərakeşin iqtisadiyyatı da “fontan vurmur”. Bizdə o imkan var bunları etməyə. Bəlkə Bakıda sıxlıqdır deyə belə geniş ərazi götürə bilmirlər…
– Nə deyim vallah. O barədə deyəcək bir sözüm yoxdur.
– Son olaraq “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı şansları haqda danışardınız. Ən yaxşı “24-lük” sırasına düşə bilərik?
– Bu, ən ağır sualdır (gülür). Yəni inşallah necə davam ediblərsə, elə da davam etsinlər. Allahın izni ilə istədiyi nəticəni əldə edərlər.
– Mübarizəyə başlamazdan komandamızın bu qədər xal toplayacağına inanırdız? Nəzərə alaq ki, ötən mövsüm Avropa Liqasının əsas mərhələsində 3 xalla sonuncu olmuşduq…
– Ötən mövsüm xallara yox, oyunlara baxsaq, çox yaxşı çıxış etdiyimizi görərik. “Qarabağ” neçə dəfə üstün oynadığı oyunda məğlubiyyətlə üzləşib. Komandamızın oyun sarıdan heç bir problemi olmayıb. Yəni rəqiblərinin hamısı ilə başabaş mübarizə aparıb. Sadəcə, bəzən bəxti gətirməyib. Bu mövsüm isə daha səylə çalışırlar. Ümid edirəm ki, bunun da nəticəsini görəcəyik.

