AFFA bu ikiüzlü futbol veteranlarının ümidinə qalarsa...

27 Fevral 2024 10:40 Gündəm 10 422
AFFA bu ikiüzlü futbol veteranlarının ümidinə qalarsa...

Tez-tez belə fikir səslənir ki, "futbol sahəsində veteranlar, vaxtilə meydanda can qoyanlar işləməlidir".

Bir anlıq gözümüzün qabağına yalnız futbol veteranlarından təşkil olunmuş AFFA-nı gətirməyə çalışdıq.

Diqqətiniz bizdə olsun, siz də baxın və bu mənzərədən həzz alın.

Təsəvvür edin ki, İsgəndər Cavadov AFFA-da ən məsul vəzifədədir. Tutaq ki, federasiyanın prezidenti, ya vitse-prezidenti.

Cavadov "Neftçi" əfsanəsi olsa da, onun bu kluba cani-dildən bağlı olmağına şübhə ilə yanaşıram.

Sabah tutaq ki, babat maaş versələr, "Xəzər Lənkəran"da önəmli post tutar və bütün günü "Neftçi"nin əlehinə danışar. Təki pul olsun!

Danışarkən demişkən, onun danışdıqlarını başa düşməyə 2 tərcüməçi lazımdır. Elə düşünməyin ki, rusdilli olduğuna görə belə deyirəm, Cavadovun heç rus dilində də danışdığını düz-əməlli başa düşmək olmur.

Bu yerdə Fuad Musayevin vaxtilə AFFA prezidenti olmaq istəyən keçmiş "11 nömrə"yə dediyi söz yada düşür: "İsgəndər tərcümeyi-halında hələ ilk 3-4 cümləni səhvsiz yazmağı öyrənsin, ondan sonra prezident olar".

Bu adam həmişə hər şeydən narazıdır və elə hesab edir ki, əsl futbolu yalnız onun dövründə oynayıblar.

AFFA-nın indiki vitse-prezidenti, digər veteran Vaqif Sadıqov həmkarına baxanda daha intellektual görünsə də, o, da az aşın duzu deyil.

Onun son vaxtlar tez-tez mətbuatda "mən yerli mütəxəssisin tərəfdarıyam" tipli açıqlamalarına rast gəlmək mümkündür.

Maraqlıdır, Qurban Qurbanov yığmadan göndəriləndə İcraiyyə Komitəsində əlini qaldırmamışdımı? Və ya Yurçeviç gələndə iclasda əlehinə çıxdı? İndi hiss edir ki, çarx dönüb və zamanla ayaqlaşmağa çalışır.

80-lər nəslinin veretarlarından biri də Asim Xudiyevdir. İlk baxışdan sakit, heç kimlə işi olmayan adamdır, başını aşağı salıb işini görür.

Amma biri də bu adama başa salmır ki, "Asim müəllim, işin iş geyimi var, məşqin məşq geyimi". Nə vaxt baxırsan, əynində "Herenven", "Vitess" kimi klubların forması.

O gün Xocalı abidəsinin önündə əynində idman forması gül qoyur. Elə bil, ordan birbaşa Bakı marafonuna qoşulacaq.

Maşallah Əhmədovu yaxşı tanıyırsız, onun haqqında uzun-uzadı danışmaq istəmirəm. Adam dələduzluq üstündə yatıb çıxıb.

Deməli, Gəncədə bir veteran var, Fazil Pərvərov. "Kəpəz"in yaxşı vaxtlarında komandanın bombardirlərindən olub. Adam hələ də sosial şəbəkələrdən istifadə qaydasını bilmir.

Peşmansan, bir status paylaşmağa, altına girib nə qədər smalik var, səhərə kimi atacaq. Axırı məcbur olub ya statusu silirsən, ya da onu bloka atırsan.

UEFA-nın konqresində keçmiş SSRi-dən iştirak edən rəhbər şəxslərə baxın:

Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili. Adam əfsanədir, ingilis dilində təmiz danışır. Hələ də Bundesliqanın tarixindən söhbət düşəndə xatırlanır.

Ukrayna Futbol Federasiyasının prezidenti - Andrey Şevçenko. Varmı bizdə belə veteran-futbol adamları? Uzaqbaşı, bir-iki nəfərin adını çəkə bilərik ki, davranışları, işə münasibətləri ilə seçilirlər - Qurban, Qurbanov, Musa Qurbanov, Rəşad Sadıqov və s.

İllərlə futbol oynamaq olar, adın "Neftçi"nin, "Kəpəz"in tarixinə də düşə bilər. Amma şəxsiyyət olmaq asan iş deyil. Elçibəy demiş, "tankın qabağında davam gətirən cəbhəçilər pulun qabağında dayana bilmədilər".

İndi təsəvvür edin ki, AFFA-nı verirsən bu adamlara ki, hər şeyə siz cavabdehsiz. Vallah, təsəvvür edə bilmirəm, nələr baş verər.

O başqa mövzu ki, indiki federasiyada da işini bilməyənlər, marketinqdən uşaq futboluna gəlib rəhbərlik edənlər kifayət qədərdir.

Amma islahat aparanda da elə aparmaq lazımdır ki, yağışdan çıxıb yağmura düşməyək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu