"4 qəbir qazdım, 6-7 şəhidi...” – Tanınmış məşqçinin TÜKÜRPƏRDƏN XATİRƏLƏRİ

20 Yanvar 2022 17:00 Gündəm 813
"4 qəbir qazdım, 6-7 şəhidi...” – Tanınmış məşqçinin TÜKÜRPƏRDƏN XATİRƏLƏRİ

“Yanvarın 19-dan 20-nə keçən gecə idi.

Ovaxtkı “Əzizbəyov”, indiki “Koroğlu” metrostansiyasının yaxınlığında yaşayırdım. Hamımız “Koroğlu” dairəsinə axışıb, yolları bağlamışdıq”.

Ölkənin tanınmış uşaq məşqçilərindən olan, Əməkdaş məşqçi İslam Kərimov canlı şahidi olduğu 20 Yanvar faciəsi ilə bağlı təəssüratlarını Sportinfo.az-a açıqlamasında bölüşüb.

Həmin gecə gördüklərini anbaan xatırlayan təcrübəli mütəxəssis orada yaşananları – rus ordusunun şəhərin mərkəzinə tərəf hücumunu və əliyalın insanların başına gələnləri nəql edib:

“Ordu Qala tərəfdən şəhərə tərəf yön almışdı. Axşamüstü idi, mən, sabiq hakim Ramiz Əsədov və xeyli sayda dostlar hücumun qarşısını almaq üçün “Koroğlu” dairəsinə gedib, barrikadalar qurmuşduq.

Tanklarla üstümüzə gəlib, sağ-solu atəşə tuturdular. O vaxtkı “Moskva”, indiki Heydər Əliyev prospekti ilə mərkəzə daxil olmağı planlaşdırmışdılar.

İndiki “Ruslan-93”ün ərazisi o vaxt ağaclıq idi. İnsanlar avtomat, pulemyot mərmilərindən qorunmaq üçün ora axışırdı, silahlılar da məhz oranı atəşə tuturdu.

Çünki koordinatları bilirdilər. Güllələrlə bizi “Ruslan-93”ün yerinə qədər qovmuşdular. Tankların qarşısına çıxmaq mümkünsüz idi”.

Lakin baş verənlər təkcə gecəni əhatə etməyib. Sovert İttifaqı qoşunları gecə soyqırımının ertəsi də insanları dinc buraxmayıb:

“Gecə səhərə qədər küçələrdə qalmışdıq. Səhər 7-8 radələrində yaralılara qan vermək üçün “Semaşko”ya getmişdik.

Orada da güllə-borana tutmuşdular. Məni və Ramizi ölümdən müğənni Zaur Rzayevin qardaşı Mahir Rzayev qurtarmışdı. “06”sına mindirib, “Salyanski kazarma” tərəfə qaçırtmışdı bizi”.

Başına gələnlərdən qorxmayan Kərimov Mahir Rzayevin səyi nəticəsində ölümün pəncəsindən qurtulsa da, evə qayıtmayıb. Oradan birbaşa Şəhidlər Xiyabanına yollanıb:

“İndiki Şəhidlər Xiyabanına getdik. Sabir Rüstəmxanlının təşəbbüsü ilə şəhidlərin orada dəfn olunması məqsədəuyğun sayıldı.

Başladıq qəbirləri qazmağa. İlk 4 qəbrin qazılmasında yaxından iştirak etdim. Hava soyuq, torpaq daş kimi, üstəlik, torpağın altından sümüklər çıxırdı.

Görünür, mart soyqırımında azərbaycanlıları orada basdırmışdılar. O biri tərəfdən də hərbçilər imkan vermirdi rahat qazmağa.

İlk qəbirlər İlhamla Fərizə üçün olmuşdu. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Bu da son deyilmiş. Dəfn işləri tam başa çatmamış insanlar Ali Sovetin qarşısına axın edib ki, İslam Kərimov da orada olub:

“Ali Sovetin qarşısında Bəxtiyar Vahabzadə çıxış edirdi. Mən Bəxtiyar müəllimi qoruyurdum. Vahabzadə “Tüpürüm Kommunist Partiyasına” deyən kimi hərbçilər onun üstünə qalxdılar.

Cavan uşaqlar idik, girdik araya, Bəxtiyar müəllimə nəsə olmasına imkan vermədik. Əvəzində bizi kommendaturaya apardılar.

Sonradan Bəxtiyar müəllimin köməkliyi sayəsində şöbədən buraxıldıq. 20 Yanvar hadisələri ölkədə böyük izdihama səbəb olmuşdu.

Cənazələri yanvarın 22-də indiki Azadlıq meydanından çiyinlərimizdə aparmışdıq. 6-7 şəhidi şəxsən torpağa tapşırmışam.

Çox ağır günlər idi. Nə qədər itki verdik, xeyli sayda insan ölümdən son anda qurtuldu. Allah xalqımıza dinclik, əmin-amanlıq versin”!

1990-cu ildə İslam Kərimov 24 yaşında imiş və o dönəmdə məşqçilikdə ilk addımlarını atırmış.

Ölkə futboluna 100-ə yaxın futbolçu bəxş etmiş stajlı mütəxəssis 1992-ci ilin martın 1-də “Neftçi”nin mərhum prezidenti Aydın İbrahimova müraciət edərək könüllü döyüş bölgəsinə yollanıb və Qarabağ müharibəsindən sonra Müharibə Veteranı adını alıb.

HƏBİB ASLANOV

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb. Əyalətdə futbolumuz və sağlam cəmiyyət naminə fəaliyyət göstərən akademiya

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı