Hardasa 20 yaşım vardı. Vəziyyətin ciçək vaxtları.
Qonum-qonşu, dost-tanış hamı ağsaqqal gözü ilə baxır, min dəfə daha savadlı, daha dünyagörüşlü insanlar açıq mətnlə üzümə savadım və dünyagörüşümə görə yaxşı mənada seçildiyimi deyirlər.
Özüm özümdən şübhələnirəm ki, görən söhbət məndən gedir?) Nə isə.
Moskvada ağcabədili qardaşlar var. Məndən təxminən 20-30 yaş böyük olarlar. Bunların da bir bacıoğlusu var.
Çox işgüzar, pul qazanan uşaq idi. Uşaq deyəndə məndən ən azı 5-10 yaş da o böyük idi.
Nə isə, bu bacoğlunun sanki bütün ömrü yayın cırhacırında, ilanlar mələşən dövrdə Kürdəmir-Ucar trassında keçmişdi və ya anadan zaqarla gəlmişdi, zil qara idi.
Gecə qəfil qarşına çıxsa adama oxşatmayıb qorxa bilərdin.
Bir gün bu saf əmilər gəldi ki "Anar qaqa, başına dönüm, bacoğlu çaşıb bir qıza ilişib, bacoğlunun da ailəsi, uşaqları var, bunu yığışdıra bilmirik, bizə kömək elə".
Bacoğluyla görüşüb anladım ki, adam havalardadı, ağcabədililərin sevimli andlarını içsə də, Seyid Lazım ağanın cəddindən "qeyratıı ... helə" söyüşünəcən aləmi bir-birinə qatsa da, gördüm saqqız əldən gedib.
Sonra bir gün gəldi ki, pobratski həmin xanımı işə götür) Götürdüm. Zahiri görünüşü çox gözəl idi. Həqiqətən də "tələyə düşən" həmyerlimi qınamaq çətin idi.
Bu söhbət hardan yadıma düşdü? Ağcabədili qaqanı ovsunlayan xanım moldovalı idi.
Rəqib bilinəndən "Neftçi" fanatları kütləvi şəkildə Moldovaya axın etmək istəyir. Məncə, subay olmayanlar getməsin. Subaylar isə bileti bir tərəfə alsın. Qayıtmamaq ehtimalları var.
Ağ ilə qara Moldovada görüşəcək.
Oyun ərəfəsi ən azı bir neçə gün o şəhər bizimdi, "Neftçi"lilərin.
Anar Şabanoğlu

