“Neftçi”dən “partlayış” - FOTOLAR

22 Yanvar 22:40 Digər növlər 299
“Neftçi”dən “partlayış” - FOTOLAR

“Neftçi” İdman Klubu 2025-ci ildə ciddi uğurlara imza atıb.

Sportinfo.az xəbər verir ki, klubun idmançıları ili 1172 medalla başa vurub.

“Neftçi” İdman Klubunun fəaliyyətində əsas prioritetlərdən biri Azərbaycan idmanının inkişafına davamlı dəstək göstərmək və bu sahəyə töhfə verməkdir. Bu baxımdan, 2025-ci ilin klub üçün yaddaqalan illərdən biri olduğunu söyləyə bilərik.

Ötən il ərzində klubu neft, qaz və kimya sənayesi işçiləri arasında idmanın müxtəlif növləri üzrə mütəmadi yarışlar təşkil etməklə yanaşı, peşəkar idmançıların yetişdirilməsi istiqamətində də uğurlu fəaliyyət göstərib.

Başa çatan ildə “Neftçi” İdman Klubu çoxsaylı nailiyyətlər əldə edib. İl ərzində klubun strukturunda fəaliyyət göstərən idman qurğularında 26 idman növü üzrə 117 peşəkar məşqçinin rəhbərliyi altında 2000-dən çox yeniyetmə və gənc, həmçinin yüzlərlə neftçi mütəmadi olaraq idmanla məşğul olub.

2025-ci ildə klub tərəfindən SOCAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və onların ailə üzvlərinə təmənnasız bədən tərbiyəsi və idman xidmətləri göstərilib.

Bu çərçivədə stolüstü tennis, nərd, şahmat, 3x3 basketbol, voleybol, üzgüçülük, kamandan oxatma, minifutbol, çimərlik voleybolu, velosiped, atletika, bilyard və atıcılıq idman növləri üzrə turnirlər təşkil olunub.

Sözügedən yarışlarda 1000-ə yaxın neftçi iştirak edib.

Keçirilmiş bu yarışların nəticələrinə əsasən, SOCAR-ın həmin idman növləri üzrə yığma komandalarının heyəti müəyyən olunub və bu komandalar ilboyu Gənclər və İdman Nazirliyi tərəfindən dövlət qurumlarının əməkdaşları arasında keçirilən 18 yarışdan hər birində iştirak ediblər.

Təmsilçilər bu turnirlərdə uğurla çıxış edərək 14 idman növündə 6-sı qızıl, 10-u gümüş və 10-u bürünc olmaqla, ümumilikdə 26 medal qazanıblar.

Sevindirici haldır ki, əməkdaşları ilboyu Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən bütün turnirlərdə inamla çıxış edən SOCAR, ilin sonunda dövlət qurumları arasında ikinci yeri tutub. 2025-ci ildə böyük idman və peşəkar idmançıların hazırlığı sahəsində də çoxsaylı uğurlar qazanılıb.

Müxtəlif idman növləri üzrə “Neftçi” İdman Klubunun açıq birincilikləri keçirilib ki, bu yarışlarda da yüzlərlə atlet bacarığını nümayiş etdirib.

Klubun yetirmələri VI İslam Həmrəyliyi Oyunlarında, ölkəmizdə keçirilmiş III MDB Oyunlarında, yeniyetmə və gənclər, eləcə də böyüklər arasında Avropa, dünya çempionatlarında, həmçinin digər nüfuzlu beynəlxalq turnirlərdə, respublika və paytaxt miqyaslı yarışlarda yüksək nəticələr əldə ediblər.

Ümumilikdə, idmançılar bu yarışlarda 411-i qızıl, 314-ü gümüş, 447-si bürünc olmaqla 1172 medala sahib çıxıb.

Ötən il “Neftçi” İdman Klubu üçün təkmübarizlik növləri ilə yanaşı, komanda oyun növləri üzrə də uğurlu olub.

“Neftçi” İdman Klubunun basketbol komandası 2024/2025 mövsümündə Azərbaycan çempionatında ikinci yeri tutub və tarixində ilk dəfə FIBA Avropa Kubokunun qrup mərhələsində çıxış edərək, bu mərhələni 9 xalla başa vurub. Futzal komandamız isə ötən mövsüm Yüksək Liqada bürünc mükafat qazanıb.

Gənclər və İdman Nazirliyinin 2025-ci ilin idman yekunlarına həsr olunmuş “İlin idman yekunları” adlı tədbirində müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olub.

“Neftçi” İdman Klubu ilin “Ən yaxşı idman klubu” nominasiyasında ikinci yeri tutub.

Klubun təmsilçiləri - Jalə Əliyeva ilin ən yaxşı qadın, Həsrət Cəfərov isə ən yaxşı kişi idmançısı adına layiq görülüblər. Digər idmançımız İsa Rüstəmov isə ilin ən yaxşı idmançıları arasında üçüncü olub.

Sevindirici haldır ki, İlin “ən yaxşı paralimpiyaçısı” nominasiyasında hər üç mükafata “Neftçi” İdman Klubunun təmsilçiləri layiq görülüb: İlham Zəkiyev birinci, Roman Saley ikinci, Kamran Zeynalov isə üçüncü yeri tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Yanvar 18:10 Çək və bizə göndər!