Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib.
Sportinfo.az xəbər verir ki, tədbir Şahzadə Nurah Universiteti Stadionunda təşkil edilib.
Bağlanış mərasimində Azərbaycan bayrağını yunan-Roma güləşçisi Həsrət Cəfərov və qılıncoynatma yığmasının üzvü Səbinə Kərimova daşıyıb.
Turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparıb.
Azərbaycan yarışda 20 növdə 174 idmançı ilə təmsil olub. Komanda Oyunları ümumilikdə 59 medalla başa vurub. Bunların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 10-cu yeri tutub.
İlk sırada Türkiyə (72 qızıl, 44 gümüş, 39 bürünc) qərarlaşıb. Özbəkistan ikinci (29 qızıl, 35 gümüş, 32 bürünc), İran (29 qızıl, 19 gümüş, 33 bürünc) üçüncü olub.

