"Bəzən gec saatlarda sosial şəbəkələrdə vaxt keçirirlər, onları tənbeh edirəm"

3 Sentyabr 2022 09:00 Digər növlər 520
"Bəzən gec saatlarda sosial şəbəkələrdə vaxt keçirirlər, onları tənbeh edirəm"

Dünyada peşəkar və qeyri-peşəkar idmançıların məşğul olduğu fitnes idman növü artıq ölkəmizdə də inkişaf etməkdədir.

Bodibildinq, pauerliftinq, MMA kimi fərqli idman növlərinin ayrılmaz hissəsi olan fitnes ABŞ və Avropa ölkələrində daha populyardır.

Çox insanın gözəl bədən forması qazanmaq üçün məşğul olduğu idman sahəsi heç də kənardan göründüyü qədər sadə deyil.

Qidalanma, rejim, yuxu və s. diqqət tələb edən bu idmanın sirlərini fiziki hazırlıq üzrə məşqçi və bodibilder Mahmud Ələkbərovla hənsöhbət olduq. Gənc idmançı ilə məşq keçdiyi “Pump Zone”da görüşdük.

Müsahibimiz bildirir ki, artıq 2018-ci ildən fitneslə məşğul olur. Bir müddət sonra isə bu idman növündə peşəkar olmağa qərar verib. Bunun üçün o, tədricən uyğun bədən forması əldə edib və sonra peşəkar səhnələrdə yer alaraq yarışlara qatılıb.

Mahmud Ələkbərov natural bodibildinq üzrə Azərbaycan birincisi, ikincisi və üçüncüsü olub. Bu cür nailiyyətlər əldə etdikdən və daha da məlumatlandıqdan sonra isə fitnes məşqçiliyi sahəsində peşəkar fəaliyyətə başlayıb.

***

- Demək olar ki, ölkəmizdə yeni inkişaf edən bir sahədə çalışırsınız. Bu sahəni seçməkdə səbəb nə idi?

- Əvvəlcə qeyd edim ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib silahlı qüvvələrdə 11 il xidmət etmişəm. Yaralandığıma görə ehtiyata buraxılmışam. Hazırda ehtiyatda olan kapitanam. Ordudan tərxis olunduqdan sonra sağlamlığımı, fiziki aktivliyimi, çevikliyimi qorumaq üçün davam etdiyim bu idman mənə həm də psixoloji keyfiyyətlər qatdı. Artıq yavaş-yavaş həyat tərzimə uyğunlaşan, mənə mənəvi rahatlıq verən fitnes sonralar peşəkarlığa doğru yönəldi və özümdə inkişaf gördükcə daha da həvəsləndim. Məhz bu səbəbdən hərbidən sonra fitnesi ikici peşə kimi seçdim.

- Fitnes və trenajor dedikdə ağıla ilk olaraq “şişirdirilmiş” bədən forması, böyük əzələlər gəlir. Həqiqətənmi belədir?

- Təəssüf ki, cəmiyyətimizdə bu yanlış anlayış çox yayılıb. Əksər insanlar fitnes dedikdə kobud və qabardılmış əzələ formasını düşünür. Lakin heç də belə deyil. Fitnes sağlamlıq deməkdir. Lakin bəzi idmançılar öz sahələrində daha inkişaf etmək və tez nəticə qazanmaq istəyilə təbii yollardan daha çox zərərli preparatlar və fərqli steroidlərdən istifadə edir. Buna görə də daha iri və kobud bədən forması alırlar. Bu səbəbdən sözügedən idman növü çoxları tərəfindən bu cür qəbul olunur. Həmin süni preparatlarla qısa zamanda müəyyən bədən forması əldə etmək mümkündür. Ancaq zaman keçdikcə bu süni maddələr insanın qanında və orqanlarında fəsadlar yaradır.

- Bu idmanda ən tez nə qədər müddətə gözəl bədən forması əldə etmək mümkündür? Ümumiyyətlə, fitnesi tərgitdikdən sonra həmin forma itirmi?

- Özümü misal gətirə bilərəm. Hansı ki, bu idmanla yeni məşğul olduqda boyuma görə 30-35 kq artıq çəkim var idi. Artıq çəkidən azad olmaq üçün qidalanma planımı, idman hərəkətlərimi tərtib etdim, yuxu rejimi və istirahətimə də ciddi şəkildə əməl etməklə iki ay ərzində formaya düşərək məqsədimə çatdım. Bir sözlə, fitneslə yeni məşğul olan hər kəs 6 aya gözəl bədən forması əldə edə bilər. Qaldı ki əldə edilmiş formanın itməyinə, təbii qidalardan istifadə, rejimə diqqət və mütəmadi məşq etdikdən sonra bu forma itməyəcək. Hətta məşqin səviyyəsindən asılı olaraq arta da bilər.

- Xanımlar da bu idmanda kişilər qədər nəticə əldə edə bilərmi?

- Xanımlar da özlərinə uyğun nəticə əldə edə bilərlər. Məsələn, artıq çəkidən azad olub ideal formaya düşmək olar. Ancaq kişilər qədər əzələ və güc qazana bilməzlər. Buna səbəb isə anatomik olaraq əzələ inkişafında baş rol oynayan kişilik hormonu olan testosteronun qadınlarda xeyli az olmasıdır. Ancaq xaricdə əzələ kütləsi çox olan xanım idmançılar bəzilərini yanıldır. O idmançılar belə formaya təbii halda çatmır. Preparatlardan və steroidlərdən istifadə edən həmin xanımlarda qadınlıq hormonu olan estrogen testosterona nisbətən yüksək olmaq yerinə aşağı olur. Bu isə orqanizmdə əzələnin inkişafına gətirib çıxardır.

- Son vaxtlar artıq çəkidən və çəkisizlikdən əziyyət çəkənlərin sayı artıb, bunun əsas səbəbi nədir?

- Artıq çəkinin başlıca səbəbi oturaq həyat tərzi və hərəkətsizlikdir. Cavanlar gün ərzində masa arxasında işləyir, asudə zamanlarında isə internet və sosial şəbəkələrdə vaxt keçirilər. Bununla yanaşı, təbii qidalar qəbul etməyərək kalorisi yüksək, ziyanlı yağlı yeməklər yeyir və hərəkət etmirlər. Bu səbəbdən orqanizmdə artıq kalori qəbulu başlayır və daha sonralar bu, qaraciyər piylənməsi, ürək çatışmazlığı, obez və s. kimi xəstəliklərə gətirib çıxarır. Çəkisizlik isə yenə də qidalanmadan asılıdır. Aktiv hərəkət etməklə yanaşı, faydalı və lazımi kalorini vaxtında qəbul etmədikdə insanlar çəkisizlikdən əziyyət çəkir. Yuxu rejiminə isə hər iki halda xüsusilə diqqət yetirməlidir ki, orqaninzm istirahət etsin və düzgün şəkildə funksiyalarını yerinə yetirə bilsin.

- Protein, BCAA, aminoasit turşuları kimi qida əlavələrinin nə kimi xeyiri və ziyanı var?

- Qida əlavələrinin başlıca məqsədi idmançının lazımi kalorini təbii qidadan iştahsızlıq, toxluq və s. kimi səbəblərə görə qəbul edə bilmədiyi üçün bunu asan şəkildə orqanizmə çatdırmaqdır. Məsələn, 200 qr toyuq ətini yeyə bilməyən idmançı orada olan protein (zülal) miqdarını toz şəklində asan yolla əvəzləyə bilər. Həmin qida əlavələri təbii qidaların tərkibində yer alır. Və yaxud BCAA çox vaxt məşq əsnasında qəbul edilir. Bu qida əlavəsi məşq zamanı idmançının iş qabiliyyətini artırır, orqanizmdə bərpanı sürətləndirir. Bir sözlə, xeyiri insanın qida qəbulu yükünü azaltmaqdır. Ziyanına gəldikdə isə həddindən artıq və yanlış vaxtda qəbul edildikdə orqanların zədələməsinə gətirib çıxarır. Protein tozunun artıq qəbulu böyrəklərdə protein çöküntüsü, digər qida əlavələrinin bəziləri isə şəkərəmeyillilik, qaraciyərin zədələnməsi və s. kimi problemlər yaradır. Onu da qeyd edim ki, 15 yaşına çatmış hər bir insan qida əlavələrindən yararlana bilər.

- Orta səviyyəli fitnes zalında hansı idman alətləri olmalıdır?

- Azından kardio (qaçış) üçün avadanlıq mütləq olmalıdır. Çünki həmin alətlər ürək və qan-damar siteminin tənzimlənməsində, qan axını və nəbz atışını normaya salmaqda böyük rol oynayır. Bununla yanaşı, ağırlıq məşqi üçün azı 40 kq-lıq qantel, turnik, “paralel qol” olmalıdır ki, biz yuxarı ətraflara lazımi yükü verək və əzələ qazanaq. Peşəkar zallarda isə bütün əzələ qruplarının inkişafı üçün avadanlıq vacibdir. Buna misal, ayaq, sinə, kürək və krosfit üçün nəzərdə tutulan alətləri göstərmək olar.

- Digər idman növləri üzrə peşəkar idmançılar fitnesdən yararlana bilərmi?

- Əlbəttə, bütün peşəkarlar məşğul olduğu idmanın tələblərinə uyğun olaraq gücünü, çevikliyini və s. kimi xüsusiyyətlərini artırmaq üçün fitneslə məşğul ola bilər. Belə ki, basketbol idmanında idmançı qollarına daha az işləməlidir, çünki qol əzələsi olan biseps və triseps inkişaf etdikcə qol bir qədər yığılır, voleybol ilə məşğul olanlar biləklərini bərkitmək səbəbilə, futbolçular isə ayaqlarını və kiçik əzələ qruplarını inkişaf etdirmək üçün krosfit və fitnesdən yararlana bilərlər. Deyərdim ki, bütün idman növləri fitneslə əlaqəli olmalıdır və belə olduqda idmançı öz sahəsindən əlavə güc və dözümlülük qazanacaq.

- Tələbələrinizə ən çox verdiyiniz motivasiya və məsləhət nədir?

- Bütün tələbələrimi ilk olaraq psixoloji cəhətdən məşqə hazır etməyə çalışıram. Onlar bir-birlərindən istər yaş, istər fiziki, istərsə də düşüncə cəhətdən fərqlənir. Bu səbəbdən hər kəsə fərdi yanaşıram. Tələbəm var ki, onu motivasiya etməyimi, alqışlamağımı istəyir. Lakin bəziləri də sadəcə, tapşırıqları yerinə yetirmək, sakitliyi və diqqətini cəmləməyi sevir. Tələbələrimdən günlük qidalanma, rejim, yuxu və sağlamlıq durumu haqda məlumatlar alıram. Bəzən gec saatlarda sosial şəbəkələrdə vaxt keçirdiyini gördükdə belə onları tənbeh edir, işə ciddi yanaşmalı olduqlarını deyirəm. Bu kimi amillərlə maraqlandıqda tələbə özündə mənəvi dəstək hiss edir və düşünür ki, məşqçim mənə diqqət yetirir. Bu, özü də bir motivasiyadır. Məsləhətim isə tərtib etdiyim qida, yuxu və məşq planına riayət etmələridir. Təhsil alırlarsa, işləyirlərsə və yaxud başqa bir məşğuliyyətləri varsa, belə məşqlərini axsatmamalı, ən əsası insana bu idman üçün lazımi olan enerjini yuxusuna diqqət edərək qazanmalı və qorumalıdırlar.

Məhəmməd Tağıyev

Digər Xəbərlər
Xəbər Lenti