Azərbaycanlı xanım futbol funksioneri "Benfika"da - VİDEO+FOTOLAR

5 Dekabr 2024 16:00 Bizimkilər 882
Azərbaycanlı xanım futbol funksioneri "Benfika"da - VİDEO+FOTOLAR

«Difai»nin beynəlxalq əlaqələr və marketinq departamentinin direktoru Məryəm Məlikova hazırda beynəlxalq nüfuza malik «Erasmus Mundus GOALS» (Government Administration Leisure and Sport) proqramı çərçivəsində magistr təhsilini davam etdirir.

O, idman menecmenti üzrə ixtisaslaşır və proqramın üçüncü semestrini Portuqaliyanın paytaxtı Lissabonda keçirir.

I Liqa klubunun nümayəndəsi müxtəlif beynəlxalq idman strukturları və mədəniyyətləri ilə tanış olmaq, həmçinin praktiki biliklər qazanmaq imkanı əldə edib. Məlikova bu məqsədlə “Benfika”ya baş çəkib.

Bu səfər ona klubun unikal infrastrukturu, tarixi nailiyyətləri və müasir texnoloji imkanları barədə dərin biliklər qazandırıb.

Məryəm Məlikova “Benfika”nın stadionunun əsas hissələrindən biri olan muzeyi ziyarət edib. Muzeydə klubun zəngin tarixi, qazandığı kuboklar və komandanın keçmişdən bu günə qədər inkişaf yolunu əks etdirən eksponatlar nümayiş olunur.

Xüsusilə klubun beynəlxalq arenada qazandığı kubokların mühafizə olunduğu xüsusi laboratoriya həmyerlimizin diqqətini çəkib.

Bu laboratoriya, kubokların orijinallığının qorunması və onların mütəmadi baxımının aparılması üçün xüsusi texnologiyalarla təchiz edilib.

“Benfika”nın bu sahədə tətbiq etdiyi unikal yanaşma, klubun öz tarixi nailiyyətlərinə göstərdiyi diqqət və ehtiramı göstərir.

Laboratoriya yalnız kubokların mühafizəsi ilə deyil, həm də onların düzgün sənədləşdirilməsi və ictimaiyyətə təqdimatı ilə də məşğuldur. Bu yanaşma idman irsinin qorunmasının müasir texnologiya ilə necə vəhdət təşkil etdiyini göstərir.

Məryəm Məlikova həmçinin stadionun unikal strukturunu və onun müasir imkanlarını araşdırıb. Arena yalnız bir idman məkanı deyil, həm də çoxşaxəli fəaliyyətlər üçün nəzərdə tutulmuş mərkəzdir.

Futbol qurğusunun ərazisində fan zonaları, təlim mərkəzləri və müxtəlif tədbirlər üçün nəzərdə tutulmuş geniş sahələr mövcuddur. Onun unikal dizaynı, həm azarkeşlərin, həm də idmançıların rahatlığı üçün xüsusi olaraq layihələndirilib.

Stadionda azarkeşlər üçün yaradılmış şərait, müasir texnologiyaların tətbiqi və klubun strukturunun effektiv idarə edilməsi Məryəm Məlikovanın beynəlxalq idman menecmenti ilə bağlı geniş məlumatlar toplamasına imkan yaradıb.

Bu ziyarət barədə fikirlərini Sportinfo.az-la bölüşən Məryəm Məlikova bildirib:

"Benfika"nın stadionunda gördüklərim mənim üçün unudulmaz bir təcrübə oldu. Klubun tarixi irsinin qorunması üçün tətbiq etdiyi yanaşmalar və stadionun müasir strukturu mənim gələcək fəaliyyətimdə mühüm bir istinad nöqtəsi olacaq.

Bu təcrübə idman menecmentində texnologiya və tarix arasında vəhdətin necə yaradıldığını daha yaxşı anlamağıma kömək etdi".

Məryəm Məlikova beynəlxalq təcrübələrini və əldə etdiyi bilikləri Azərbaycan idman sektorunun inkişafına yönəltməyi qarşısına məqsəd qoyub.

Onun “Benfika” ziyarəti yalnız bir işgüzar səfər deyil, həm də idman menecmentində yeni yanaşmaların öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır.

M.Məlikova bu ziyarətlərdən sonra qazandığı təcrübəni “Difai”nin idarəetmə strategiyaıı ilə müqayisə edib.

O deyib ki, “Difai”nin tətbiq etdiyi yaradıcı və strateji yanaşma beynəlxalq standartlara çox yaxındır. Klubun idarəetmə strukturu, marketinq yanaşmaları və azarkeş mərkəzli strategiyaları onun beynəlxalq səviyyədə təcrübəsini artırmasına imkan verir:

“Difai” mənim peşəkar inkişafımı dəstəkləyərək, topladığım beynəlxalq bilik və təcrübələri tətbiq etmək üçün geniş imkanlar yaradır. Klubumuzun yaradıcı yanaşması və beynəlxalq standartlara yaxın idarəetmə üsulları bizi daha da irəli aparır".

Məryəm Məlikova Portuqaliyada qazandığı bilikləri və müşahidələrini Azərbaycanın idman sektorunun inkişafına yönəltməyi planlaşdırır.

Hesab edir ki, beynəlxalq təcrübə və yaradıcı yanaşmalar Azərbaycan klublarının dünya səviyyəsində tanınmasında mühüm rol oynaya bilər.

Muzey və laboratoriya sahəsində texnologiyaların tətbiqi, stadionların çoxşaxəli istifadəsi və azarkeşlərlə yaxın əlaqələr qurulması Məryəm Məlikovanın gələcək fəaliyyətində əsas prioritetlərdən biri olacaq.

Bu təcrübələr yalnız onun üçün deyil, eyni zamanda, Azərbaycanın idman sektorunun inkişafı üçün də mühüm töhfədir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti