Azərbaycanda qadın basketbolu yaxın gələcəkdə daha yaxşı yerlərdə olacaq.
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının idman direktoru Turqay Zeytingöz deyib.
O, 18 yaşadək qızlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının B divizionunda çıxışına toxunub:
"Çətin qrupda yer almışdıq. Qrupumuzda mübarizə aparan ev sahibi Rumıniya finalda oynadı, İslandiya çempionatı 5-ci, Portuqaliya isə 9-cu pillədə tamamladı. Zəngin basketbol ənənələrinə malik komandalara qarşı oynadıq. Buna baxmayaraq, həm Niderland, həm də İslandiya ilə matçlarda son saniyələrə qədər mübarizə apardıq. Qələbə qazanmalı olduğumuz bu iki qarşılaşmanı son 1 dəqiqədəki səhvlər ucbatından məğlubiyyətlə yekunlaşdırdıq. Daha yaxşı nəticə göstərə, turniri yüksək pillələrdə bitirə bilərdik".
Federasiya rəsmisi komandanın çıxışına təsir edən amillərdən söz açıb:
"Basketbolçuların oyun təcrübəsinin azlığı əsas səbəblərdəndir və federasiya olaraq bu çatışmazlığı aradan qaldırmaq üçün yollar axtarırıq. Eyni zamanda, turnirin ən gənc komandası olmağımız da belə səhvlərə gətirib çıxardı. Bununla belə, 3 qələbə qazanmağımız və 5 oyunda rəqiblərə çox yaxın xallarla uduzmağımız gələcəyə ümidlə baxmağa əsas verir. Oyunçular inkişaf edirlər və gələcəkdə daha uğurlu nəticələrə imza atacaqlarına inanırıq. Azərbaycanda qadın basketbolu yaxın gələcəkdə daha yaxşı yerlərdə olacaq".
Azərbaycan millisi Avropa çempionatının B divizionunu 17-ci pillədə tamamlayıb.
