Növbəti mövsüm Azərbaycan Basketbol Liqasının səviyyəsi daha da artacaq.
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytin deyib.
ABF rəsmisi yarışda bəzi dəyişikliklərin planlaşdırıldığını söyləyib:
"Yeni mövsüm üçün çempionatda bəzi dəyişikliklər olacaq. Səkkiz komandalı turnir təşkil edəcəyik. Ötən mövsüm ilk səkkiz yeri tutan klublardan ibarət bir yarış keçiriləcək. Reqlamentə və komandaların müraciətinə əsasən hansıların burada olacağı dəqiqləşəcək. Bundan əlavə, altı və ya 8 komandanın yer alacağı II Liqa təşkil olunacaq. Burada əsas məqsəd azərbaycanlı gənc basketbolçuların daha çox təcrübə qazanması və oynamasıdır. Hər klubda sadəcə bir əcnəbi oyunçu olacaq. Azərbaycan Basketbol Liqasının səviyyəsini daha da yüksəltmək niyyətindəyik".
T.Zeytingöz başa çatan mövsümdə də Azərbaycan Basketbol Liqasının səviyyəsinin artdığını sözlərinə əlavə edib:
"Ölkə basketbolunun və çenpionatın səviyyəsi artdı. Üç komandamız avrokuboklarda mübarizə apardı, qələbələr qazandılar. Onların çıxışını uğurlu hesab etmək olar. Növbəti mövsümdə 3 və ya 4 komandamız avrokuboklarda mübarizə aparacaq. Azərbaycan Basketbol Liqasında "Sabah", ölkə kubokunda "Gəncə" titula sahib çıxdı. Liqanın final qarşılaşmasının daha maraqlı olacağını təxmin edirdik. Amma final görüşündən əvvəl "Abşeron Lions"un üç aparıcı üzvünün zədələnməsi həlledici raundun çox da maraqlı alınmamasına səbəb oldu. "Sabah" 3:0 hesabı ilə qalib gəldi. Heyətin keyfiyyətinə görə "Sabah" çempionatın ən güclü kollektivi hesab edilir. Ardıcıl çempionluqlarına yenisini əlavə etdilər".

