"Premyer Liqadakı bütün klubları Bakıdan çıxarmaq lazımdır"

24 May 2020 17:20 Azərbaycan Futbolu 1 056
"Premyer Liqadakı bütün klubları Bakıdan çıxarmaq lazımdır"

Premyer Lliqanın bərpası ilə bağlı müəyyən ümidlər olsa da, eyni sözləri birinci divizion haqda söyləmək çətindi.

Hadisərin axarı “ikincilər”in mövsümü elə yarımçıq başa vuracağından xəbər verir.

Əksəriyyəti AFFA-dan maliyyələşən klublar da taleləri ilə barışıb, istənilən qərara razı olacaqlarını deyirlər. Təbii ki, indiki halda hər kəs çempionatın bərpasının yox, sağlamlığın daha vacib olmasının fərqindədi.

Və Nazirlər Kabineti yanında Operativ Qərargahın idman, futbol ilə bağlı gözləmə mövqeyi tutmasını, tələsməməsini anlayışla qarşılayır.

Sportinfo.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan, Premyer Liqaya iddialı “Turan Tovuz”un Müşahidə Şurasının sədri Oqtay Abdullayev fərqli düşünür.

Onunla aşağı dəstədə cari mövsümün mümkün bərpası, klubların vəziyyəti, Azərbaycan futbolunun indiki durumu ilə bağlı söhbətləşdik.

“Nəinki futbol, başqa idman növləri də bərpa olunacaq”
- Koronavirus pandemiyası üzündən dayandırılan birinci divizionun mümkün bərpası ilə bağlı nə düşünürsüz?
- Əlbəttə, ümumilikdə futbolun bərpasını istəyirik. Pandemiya Azərbaycan futboluna böyük zərbə vurdu. Hamımız futbolla yaşayırıq, amma koronavirus bizi futboldan məhrum etdi.

- Bəs çempionatların bərpa olunması ehtimalını necə qiymətləndirirsiz? Premyer-liqa ilə bağlı müəyyən müzakirələr var, amma birinci divizion heç yada düşmür.
- Biz də qərar gözləyirik. Çempionat bərpa olunmalıdı. Özünüz də görürsüz, müxtəlif ölkələrdə futbol bərpa olunmağa başlayır. İnanıram ki, Azərbaycanda nəinki futbol, başqa idman növləri də bərpa olunacaq.

- Pandemiya üzündən yaranan mövcud vəziyyətin klublara təsiri haqda nə deyə bilərsiz?
- Təsir böyük oldu. Futbolçu adi zədə alanda, bir həftə məşq etməyəndə, 15-20 gün, bəlkə də daha çox bərpa olunmaq üçün çalışır. Düşünün ki, iki-üç aydı futbol yoxdu. Düzdü, məşqçilər futbolçulara evdə məşğul olmaq üçün tapşırıq verirlər, kimin şəraiti varsa, hazırlaşır, formadan düşməməyə çalışır. Amma bir var evdə tək məşq etmək, bir də var komanda ilə birlikdə. Təəssüf ki, bu vəziyyətə uyğunlaşmağa məcburuq. Kim bilərdi ki, belə olacaq. Kiminsə ağlına belə gəlməzdi ki, dünya bu problemlə üz-üzə qalacaq. Ona görə də mövcud durumu qəbul edib, öyrəşmək lazımdı. Mən hesab edirəm ki, hər şey düzələcək, əsas istəkdi. Azərbaycan futbolunda bu istək var.

- Birinci divizionun klublarının ümumi vəziyyəti haqda nə düşünürsüz?
- Birinci divizion əvvəlki kimi olsaydı, yəni əsas komandaların əvəzedicilərinin iştirakı olmadan keçirilsəydi, daha yaxşı olardı. Düşünürəm ki, diviziona da sərbəstlik vermək lazımdı. Axı bu çempionat premyer-liqaya bir addım deməkdi. Sabah divizionda birinci, ikinci yerləri tutan komandalar premyer-liqaya hazır gəlsin deyə. Diviziondakı komandanın elitaya vəsiqə qazanandan sonra futbolçu axtarmağa başlaması düzgün deyil. Mənim yadımdadı ki, 1970-80-cı illərdə azərbaycanlı futbolçular o qədər çox idi ki, ölkədə futbol oynamağa komanda tapılmırdı. Onlar da məcbur olub Rusiyaya, Mahaçqalaya, Moskvaya gedirdilər. Bizim o qədər yaxşı futbolçularımız var idi. O vəziyyəti bərpa etmək lazımdı. Sizi inandırım ki, bu gün Tovuzda akademiyanın tikilməsi Azərbaycan futbolu üçün uduşdu. Tovuzda olduqca yaxşı, potensiallı futbolçular var. Həmçinin əksər klublarda tovuzlu futbolçular oynayır. Hərəsində bir-iki nəfər olsa da, var. Eləsi də var ki, heyətində 5-6 tovuzlu futbolçu yer alıb. Klubun Müşahidə Şurasının sədri kimi düşünürəm ki, premyer-liqaya vəsiqə qazana bilsək, məhz həmin futbolçuların sayəsində komandanı əvvəlki, Azərbaycanı ilk dəfə Avropada təmsil etdiyi dövrə qaytara biləcəyik. Biz buna doğru gedirik. Burda akademiyanın tikilməsi bunun üçün böyük köməkdi. Sabah Tovuza gedirəm, tikintiyə baxmaq, işçilərlə danışmaq üçün. Ola bilər ki, mayın 31-dən məşqlərə, sonra da oyunlara icazə verilsin. Biz buna inanırıq, gözləyirik.

“Stadionlara giriş pullu olmalıdı”
- Yeri gəlmişkən, stadionun vəziyyəti nə yerdədi?
- Stadion çox yaxşı vəziyyətdədi. Orda hər şey dəyişdirilib. Futbolçular üçün yaxşı otel tikildi, hər şey bərpa olundu. Təmir işləri artıq yekunlaşmaq üzrədi. Maksimum 2-3 aya təhvil veriləcək. Tribunaların altında yüksək səviyyəli paltardəyişmə otaqları tikildi. Orda həm dopinq-testdən keçmək üçün otaqlar olacaq, həm də həkimlər üçün otaq. Avropa klublarında necə şərait varsa, biz də ona uyğun səviyyədə tikirik. Həmçinin meydanlar tikildi. Bağlı meydanlar, 3-4 dənə kiçik ölçülü açıq, böyük meydanlar salındı. Həm əsas komandanın üzvləri, həm də akademiyanın uşaqlarının məşq keçməsi üçün şərait yaradılır.

- Bayaq klubların sayının az olmasından danışdız. Bəs klubların sayının artırılması, paralel olaraq çempionatın səviyyəsinin yüksəldilməsi üçün hansı işlər görülə bilər?
- Çempionatın səviyyəsinin yüksəldilməsi üçün gərək komanda sayı çox olsun. Komanda sayının artırılması bizim imkanlı şəxslərdən asılıdı. Hər rayondan olan imkanlı şəxs anadan olduğu bölgənin komandasına dəstək olsun. O, bunu tək edə bilməz. 3-4 nəfər imkanlı şəxs birləşib, kömək etməlidi. O şəxslərə də hökumət tərəfindən müəyyən kömək edilməlidi. Hər şey imkanlı şəxslərdən asılıdı. AFFA bu gün 5 komandanı maliyyələşdirir. Halbuki bunu etməməlidi. Federasiya bunu məcburiyyət qarşısında qalıb edir. AFFA da o klublara öz adamlarını təyin edir, amma qurum ayrı olmalıdı. AFFA məcbur qalıb klublara kömək edir ki, çempionat davam etsin. Bunu imkanlı adamlar başa düşməlidi. Komandanın təmsil etdiyi rayonun İcra Hakimiyyətləri də dəstək olmalıdı. İcra Hakimiyyətləri də futbolu, idmanı sevməlidi.

- Futbolçuların futbola cəlb olunmasında da ciddi problemlər var. Həmçinin karyerasını bitirənlərin futboldan uzaq düşməsi də əsas məsələlərdən biridi.
- Kim oynaya bilirsə, o, davam edir. Amma digər məsələ var. Premyer-liqanı yox, birinci divizionu götürürəm. Komandanı gəncləşdirmək lazımdı, ancaq elə olur ki, futbolçu 21 yaşından sonra futboldan silinir. Onlara şərait yaradılmalıdı. Elə futbolçu var ki, 25 yaşından sonra açılışır, eləsi var 18-19 yaşında yaxşı oynamağa başlayır. Eləsi də var ki, 25 yaşından sonra özünü toplayır. Moskvada da belə futbolçu vardı, 29 yaşında bombardir olmuşdu. Futbol Azərbaycanda yüksək səviyyədə olmalıdı. Prezident tərəfindən rayonlarda Olimpiya İdman Kompleksləri tikilir, idmana bütün lazımi şərait yaradılır. Yenə deyirəm, iş adamları futbola dəstək olmalıdı. Tək bu işin öhdəsindən gəlmək çətindi. Düzdü, iş adamlarına da şərait yaradılmalıdı. Futbol pul gətirməlidi, gəlirli sahəyə çevrilməlidi. Biz bu gün stadiona gedəndə, futbol izləmək üçün pul vermək istəmirik. Niyə? Yüksək səviyyəli stadion tikilir, şərait yaradılır, amma orda futbol izləmək üçün pul ödənilmir. Stadionlara giriş pullu olmalıdı. 50 qəpik, 1 manat olsun, amma pullu olsun.

- Premyer Liqada da eyni vəziyyətdi. Sadəcə, “Neftçi”nin ev oyunları zamanı bilet satılır.
- Belə şey olar? “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda ev oyunlarını keçirmək üçün icarə haqqı ödəyir. Bəs bu pul necə qayıtmalıdı? Sponsorlar nəyə görə qaçır? Pul qoyurlar, amma əvəzində heç nə götürmürlər. Tutaq ki, sponsor 10 manat qoyub, 9 manat götürsə, bu işə davam edəcək. Amma bizdə 10 manat qoyub, 1 manat götürə bilmir. Şərait hərtərəfli olmalıdı. Düzgün struktur yaradılmalıdı. Bir məsələ danışım. Bir dəfə İlham Əliyev bazaya gəlmişdi. Hamı ona yaxınlaşdı, klub üçün kömək istəyənlər oldu. O dedi ki, “yaxşı, mən kömək edirəm, tapşıracam, pul ayırsınlar. Amma siz özünüz də pul qazanmalısız axı. Hər il sizə pul vermək olmaz axı. Biz bir il verərək, sonra özünüz qazanmalısız”. Yəni futbol komandası özü də qazanmalıdı, qazanmırsa, bu iş alınmayacaq. Çəkməni çəkməçiyə vermək lazımdı. Futbolu da futbolçuya vermək lazımdı. Hər işin peşəkarı olmalıdı. Peşəkarlar olmasa, heç cür mümkün deyil. Futbolçu meydanda yağışı, qarı görüb, bütün incəlikləri bilir. Futbolçu gərək meydanda olsun. Demirəm ki, bütün futbolçular sonra gəlib məşqçi olsunlar. Amma səviyyəsi, gücü çatan hər bir futbolçu burda işləməlidi. Veteran futbolçunun səviyyəsi varsa, niyə ona bu iş verilmir? Futbolçulara güvənmək lazımdı. SSRİ dövründə Kiyev “Dinamo”sunda oynayan Oleq Bloxin vardı. Onun xasiyyəti çox pis idi. Amma həm “Dinamo”ya, həm də Ukrayna millisinə baş məşqçilik etdi. Bu futbolçu işsiz qalmadı. Futbolçuların bilik və bacarığından istifadə etmək lazımdı. Ürəyim yanır, istəyirəm futbol inkişaf etsin. Bizim istedadlı futbolçularımız, məşqçilərimiz var. Elə götürək Mahmud Qurbanovu, Yunis Hüseynovu, Tərlan Əhmədovu, Qurban Qurbanovu, Elxan Abdullayevi. Yəni bizim belə yaxşı məşqçilərimiz var. Onlardan istifadə etmək lazımdı. Amma biz istifadə etmirik. Gərək onlara kömək edək, futbolu qaldırsa, veteranlar qaldıracaq.

- Premyer Liqa klublarının bilet məsələsinə toxunduz. Burda bir nüans da 8 klubdan birinin – “Qəbələ”nin bölgədə oynamasıdı.
- Bütün komandaları Bakıdan çıxarmaq lazımdı. Bu, mənim şəxsi fikrimdi. Bu gün bir komanda Tovuzda, biri Mingəçevirdə, biri Lənkəranda, biri də Masallıda olmalıdı. 6 komanda Bakıda oynayır deyə, azarkeş də gəlmir. Bu da bir problemdi. Bütün klublar Bakıda yerləşib. Nə var Bakıda? Bakıda bir komanda qalsın. Qalan klublar bölgələrə getsə, bütün futbolçular çalışacaq yaxşı oynasın. Klublar Bakıdan nə qədər kənarda olsa, o qədər yaxşıdı. Belə olan halda bölgələrdə uşaqların futbola cəlb olunması prosesi də sürətlənəcək. Onlar əsas komandaların oyunlarını izləyib, həvəslənirlər, məşqə başlayırlar, həmin rayonda inkişaf gedir. Bu gün Lənkəranda futbol yoxdu. Halbuki istedadlı futbolçular var, amma üzə çıxmır. Çünki komanda yoxdu. Vaxtilə zəngin ənənələri olan Mingəçevirin bu gün komandası yoxdur (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!