Rövnəq Abdullayev: “Azərbaycan yığması AÇ-nin final mərhələsində iştirak edəcək”

28 Noyabr 2019 16:02 Azərbaycan Futbolu 2 496
Rövnəq Abdullayev: “Azərbaycan yığması AÇ-nin final mərhələsində iştirak edəcək”

Avropa çempionatının seçmə mərhələ oyunları yekunlaşdı, millimiz cəmisi 1 xal toplayaraq, qrupda sonuncu yeri tutdu. Bir neçə qarşılaşması Bakıda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan yığması olmayacaq.

Baxmayaraq ki, AFFA rəhbərliyi seçmə mərhələnin əvvəlində bildirmişdi ki, məqsəd final mərhələsinə vəsiqə qazanmaqdır. Gözləmək olardı ki, seçmə mərhələdən sonra AFFA prezidenti Rövnəq Abdullayev bununla bağlı hesabat verəcək.

Ancaq Abdullayev görünmədi. AFFA-nın baş katibi Elxan Məmmədov isə açıqlama verərək, özündən başqa hamını ittiham etdi.

Bütün bunları nəzərə alaraq, Rövnəq Abdullayevlə virtual müsahibə etməyi düşündük. Təsəvvür edin ki, Rövnəq Abdullayev hesabat verir. Sualları necə cavablandırardı? Buyurun, oxuyun:

- Rövnəq müəllim, Avropa çempionatının seçmə mərhələsi başa çatdı, Azərbaycan yığmasının nəticəsini necə dəyərləndirərsiniz?
- Avropa çempionatı başa çatıb? Ola bilməz axı. Avropa çempionatının oyunlarından bir neçəsi də Bakıda keçirilməlidir. Mən bilən, o oyunlar yayda olacaq, siz isə deyirsiniz ki, başa çatıb.

-Seçmə mərhələ oyunları başa çatıb. Bakıda final mərhələsinin bir neçə oyunu keçiriləcək ki, seçmə mərhələdə final mərhələsinə vəsiqə qazanan komandalar müəyyənləşir.
- Hə, belə deyin də, az qala ürəyim düşmüşdü ayağımın altına, fikirləşdim ki, Avropa çempionatı qurtarıb, mənim də xəbərim olmayıb? Bakıya gələcək komandalar bilinir?
- Yox, hələ bilinmir. Əslində final mərhələsində iştirak edəcək 20 komanda məlumdur, qalan 4 komanda da gələn il bəlli olacaq. Ondan sonra püşkatma olacaq və Bakıda hansı komandaların oynayacağı bilinəcək. Bizim yığmamız qrupda cəmisi 1 xal toplayıb.
-1 xal toplamaq yaxşı göstəricidir. Qrupdakı rəqiblərimiz çox güclü idi. Məni ən çox narahat edən Uels və Slovakiya ilə qarşılaşmalarda qol vura bilməməyimiz oldu. Amma onu da deyim ki, ona görə qol vura bilmədik ki, rəqiblər bizdən çəkinirdilər. Mən gördüm ki, Uels və Slovakiya qorxularından müdafiədən, olduqca qapalı oynayırlar. Bilirsiniz, bizim yığma açıq futbola üstünlük verdiyi üçün belə qorxaq, qapalı futbol oynayan komandalarla qarşılaşmada qol vurmağa çətinlik çəkir. İnşallah, gələn dəfə bunun da yolunu taparıq, həmin komandalara qol vurarıq. Görək ondan sonra nə edəcəklər? Özü də nəzərə alın ki, Uelsin heyətindəki futbolçular hamısı xaricdə oynayır.

- Bəs biz xaricdə oynaya biləcək futbolçu niyə yetişdirə bilmirik? Niyə uşaq futbolunu inkişaf etdirmək üçün infrastruktur qurmuruq?
- Bilirsiniz, futbolçu təbii yolla yetişməlidir. Süni yolla yetişdirilən futbolçudan futbolçu olmaz. Sizə bir misal çəkim, “parnik”də yetişdirilən göbələklə təbiətdə bitən göbələyin dadı bir deyil. Yadımdadır, uşaq vaxtı payızda yağışdan sonra gün çıxırdı, biz də vedrə götürüb gedirdik göbələk yığmağa. “Göbələk, göbələk, dombal çıx, dalında sarı palçıq” deyib, göbələk yığırdıq. O göbəlklər çox dadlı idi. Ona görə ki, təbii yolla bitirdi. Futbolçu da təbii yolla yetişməlidir. Onu bər-bəzəkli meydanlarda yetişdirmək olmaz. Elə futbolçu “parnik” göbələyi kimi olacaq.

- AFFA rəhbərliyi seçmə mərhələdən əvvəl demişdi ki, yığmanın qarşısına qoyulan əsas vəzifə Avropa çempionatının final mərhələsində iştirak etməkdir. Ancaq bu vəzifə yerinə yetirilmədi...
- Onu kim deyir? Azərbaycan yığması Avropa çempionatının final mərhələsində iştirak edəcək. Mən göstəriş vermişəm, yığmamızın bütün üzvləri Bakıda keçiriləcək oyunlarda stadionda olacaqlar. Bu nə deməkdir? Bu elə bizim yığmanın Avropa çempionatının final mərhələsində iştirakı deməkdir. Mən 2008-ci ildə AFFA prezidenti seçiləndə demişdim ki, əsas vəzifəmiz 2016-cı ildə keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak etməkdir. Həmin vaxt Avropa çempionatı Fransada keçirilirdi. Bilirsiniz ki, Fransada erməni lobbisi çox güclüdür. Onlar Azərbaycan yığmasının stadionda olmasına icazə vermədilər. Ona görə də, biz, Avropa çempionatını Bakıya gətirmək istədik. Şükür Allaha ki, istəyimizə nail olduq. İndi yığmamızın Avropa çempionatının final mərhələsində iştirak etməsini heç kim əngəlləyə bilməz. Ən azı 4 oyunda yığmamız stadionda olacaq. Siz jurnalistlərə də məsləhət görürəm ki, düşmən dəyirmanına su tökməyin, bu uğurumuzdan yazın.

- Baş üstə, Rövnəq müəllim.

Müsahibəni götürdü Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!