AFFA-nın "ədalət tərəzisi"...

28 İyun 23:00 Azərbaycan Futbolu 218
AFFA-nın "ədalət tərəzisi"...

AFFA-nın Əvəzedici Liqanın ləğvi ilə bağlı planı ən azı daha bir mövsüm təxirə salındı.

Mütəxəssislərin, futbol ictimaiyyətinin rəyini nəzərə aldığı üçün federasiyaya təşəkkür düşür.

Bir neçə gün əvvəl AFFA rəsmilərinin bir neçə akademiyada çalışana futbol mütəxəssisləri ilə məsələ barədə məsləhət aldığını bildirmişdik.

Qarşı tərəfin diqqətinə yekdilliklə adıçəkilən liqanın Azərbaycan futbolu üçün lazım olduğu çatdırılmışdı.

Bunu nəzərə alan futbolumuza cavabdeh qurum yeni mövsüm Əvəzedici Liqanın olacağını elan etdi.

İndi isə bir başqa problem qapını kəsib.

Bəzi klublar liqada iştirak etmək istəmir.

Söhbət konkret olaraq "İmişli" və "Karvan" komandalarından gedir.

Hər iki bölgə təmsilçisinin rəhbərliyi federasiyadan onlara bu mövsüm güzəşt edilməsini xahiş edib.

Bizdə olan məlumata görə, AFFA rəhbərliyi bu təklifə isti yanaşıb.

Düşünürəm ki, kökündən yanlışdır.

Bir neçə tutarlı səbəb belə düşünməyə ciddi əsas verir.

Ən başlıcası bu qərar reqlamentin pozulmasıdır. Bilirik ki, bu cür yanaşma köhnə AFFA rəhbərliyi dönəmində moda minmişdi. İllərlə əziyyətini çəkdik.

Son mövsümlər ölkə futbolunda canlanmanın olması məhz reqlamentin qorunmasına görədir.

İnanıram ki, hazırkı rəhbərlik köhnələrin yolunu getməyəcək.

Digər tərəfdən iki kluba güzəşt edilsə, federasiya özü öz ədalət tərəzisini şübhə altına salmış olacaq.

Belə ki, ötən yay bir illik aradan sonra Premyer Liqaya qayıdan "Şamaxı"nın rəhbərliyi eyni təkliflə AFFA-ya üz tutmuşdu. Amma "şirlər"ə qətiyyətlə bunun mümkünsüz olduğu bildirilmişdi. Eyni qətiyyət bu dəfə də göstərilməlidir. Əks halda, haqlı olaraq sual yaranacaq - Niyə "İmişli" və "Karvan"a olar, amma "Şamaxı"ya yox?

Belə ədalət olmur.

Məsələyə bir də başqa tərəfdən baxaq. "İmişli" və "Şamaxı" büdcənin azlığını, futbolçu qıtlığını əsas gətirərək güzəşt axtarışına çıxıb.

Pulu olmayan komanda 3 əcnəbi mütəxəssisi necə ölkəmizə gətirə bilib?

Futbolçu qıtlığı isə ən absurd bəhanədir.

Əvəzedici komanda üçün futbolçu tapmayan komanda bəs U-17, U-19 üçün heyəti necə formalaşdıracaq?

Bir sözlə, AFFA heç bir halda bu cür güzəştlərə getməli deyil.

Öz prinsiplərini qorumalı, xüsusilə reqlament məsələsində qətiyyətlə mövqe nümayiş etdirməlidir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
28 İyun 18:10 Çək və bizə göndər!