"Şamaxı" olmasaydı...

7 Mart 2023 23:00 Azərbaycan Futbolu 572
"Şamaxı" olmasaydı...

Yenilənmiş “Şamaxı”nın ilk oyunu ötən yay “Turan Tovuz”la olmuşdu.

Şamaxıda keçirilmiş və “şirlər”in məğlubiyyəti ilə (0:1) başa çatan həmin yoxlama oyunun izləyən dostlardan biri mənimlə danışanda təəccüblə bu sualı vermişdi – “Bu komanda kimisə tanıyırsan?”.

Təbii ki, o da Rəşad Əzizli, Elvin Məmmədov və Amil Yunanovu tanıyırdı. Bəs digərləri?

Elə cavab axtardığı sualda da gizlənən həmin digərləri idi.

Jurnalist olduğum üçün, illərdi futbolumuzu yaxından izlədiyim üçün gənclərdən də bir neçəsini tanıyırdım. Amm aralarında mənim belə tanıdıqlarım yox deyildi.

Cavid Hüseynov Premyer Liqada yola bu gənclərlə çıxmışdı. “Əşşi heç qələbə qazana bilməyəcəklər” demək üçün əsas verən heyətlə.

Heç kimi olmayan, futbolu buraxmaq təhlükəsi qapıda olan gənclər.

Artıq 25 tur arxada qalıb. Bu müddət ərzində Hüseynovun sayəsində yeni reallıqlar yaranıb.

O gün heç kimin tanımadığı gənclərdən bu gün bütün futbol ictimaiyyəti danışır.

Gələn- gedən beşin vuracaq dediyimiz gənclər arxada qalan müddətdə aktivinə 4 qələbə yazdıra bilib. Heç bu komandanın qapısından 5 top keçirməyi bacaran da olmayıb.

Daha təcrübəli, daha güclü, maliyyə imkanları daha yüksək olan rəqiblərlə mübarizədə də zövq verirlər.

Aktivlərində 20 xal var, 6-cı pillə ilə isə 6 xallıq məsafə.

Heyətdəki gəncləri isə daha iddialı klublardan heç altı addım da uzaq salmır. Məsafə çox yaxındı. Əla təkliflər qapıdadır. Parladılar, indi də iddialı klublarda böyük məşhurluq qazanmaları an məsələsidir.

"Şamaxı" olmasaydı, ötən yay bəlkə də futbolu atacaq gənclər bu yay karyeralarının ən yadda qalan kontraktına imza atmağa yaxındılar.

Bu günləri üçün həmin gənclərin başda Cavid Hüseynov olmaqla “Şamaxı”ya böyük təşəkkür borcu var.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!