
İllərdi Azərbaycan futbolu "fatı otur, fatı dur" təfəkküründə idarə edilir.
8 komandalı "Bakı çempionatı"nın əsas mahiyyəti də bundan ibarət idi.
Federasiyanın əli ilə qurulan Müşahidə Şuraları və rəhbərləri heç kimin yadından çıxmayıb.
İstisnalar qaydanı dəyişmir. Məsələn, ciddi cəhdlərə rəğmən "Qarabağ"da Müşahidə Şurasını qurmaq planı baş tutmadı.
İnkişaf üçün müstəqil iş adamlarına meydan vermək mütləqdir. Onda azarkeşdə inam, futbol ictimaiyyətində ciddi maraq, klublar arasında gərgin rəqabət mütləq yaranacaq.
Hər şeyi təbii görsənəcək.
Hə, arada xoşagəlməz hadisələr də yaşana bilər. Kəskin azarkeş etirazı, müstəqil rəhbərin ciddi narazılığı və.s.
Elə bu da futbolun bir tərkib hissəsidir.
Qorxmaq yox, barışmaq lazımdır. Əgər həqiqətən ölkədə normal futbol havası istəyiriksə...
AFFA-nın rəhbəri Rövşən Nəcəf də Hesabat Konfransında investorların futbola cəlb ediləcəyinin mesajını verdi.
Düşüncə əladır. Deməli, köhnə təfəkkürün nöqsanlı olmasını yenə komanda da çözüb. Çıxış yolu da düz istiqamətdə seçilib.
İndi qalır əsas məsələ, cəlb ediləcək investorlara müstəqil işləməsi üçün meydan vermək.
Bunu isə qarşıdakı illər əyani görəcəyik. Zaman və səbr mütləqdir. Ümid edək ki, əsas olan nəticə sevindirici olacaq.
XANOĞLAN İMANOV