
Aşağı yaş qrupları üzrə Azərbaycan çempionatlarının formatı dəyişə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə "report"a açıqlamasında "Neftçi" Futbol Akademiyasının direktoru Cemal Bülbül bildirib.
O, AFFA-nın Yarışların Təşkili Departamentinin əməkdaşları ilə görüş zamanı bir sıra təkliflər irəli sürüldüyünü söyləyib:
"Direktorlar və koordinatorların iştirakı ilə toplantı gerçəkləşdi. Burada liqaların keçirilməsi, təşkilatçılıq və başqa məsələlərlə bağlı problemlərə toxunuldi.
Hər kəsin fikirlərini soruşdular. Hamı bəzi məsələlərdə ortaq fikirlər səsləndirdilər. U-8-dən U-19-dək bütün liqaları dəyərləndirdik.
Aşağı yaşlarda uşaqların daha çox oynaması üçün AFFA-dan yeni format tərtib etməsi ilə bağlı istəklərimiz oldu.
Tövsiyəmiz hər uşağın ən azı bir hissə, 15-20 dəqiqə oynaması ilə bağlıdır. Hissələrin sayının artırılmasını istəyirik. Məsələn, 3-4-ə qaldıra bilərik".
C.Bülbül futbolçuların da sayında dəyişiklik ola biləcəyini vurğulayıb:
"U-13 çempionatında bir komandada 9 oyunçu meydana çıxır. Bunun 11 olmasının tərəfdarıyıq. Çünki U-14-də bu cürdür. Bir çox ölkələrdə də belədir. Ona görə də bu formata keçilməsini xahiş etdik".