Azərbaycan futbolunda hələ belə hal yaşanmamışdı – İnanılmaz mənzərədir

9 May 19:40 Azərbaycan Futbolu 303
Azərbaycan futbolunda hələ belə hal yaşanmamışdı – İnanılmaz mənzərədir

Premyer Liqada və I Liqada bir çox suallara aydınlıq gəlsə də, II Liqada amansız mübarizə davam edir.

Sona 2 tur qalmış çempionluğun taleyi hələ də həll olunmayıb. “Şahdağ Qusar” buna yaxın olsa da, məsələ rəsmiləşməyib.

Lakin bir şey var ki, hazırda ilk üç pillədə qərarlaşan komandaların – “Şahdağ Qusar”, “Şəfa” və “Şimal”ın I Liqaya vəsiqə qazandığı dəqiqdir. Hər üçün növbəti mövsümdə üst liqada mübarizə aparacaq.

II Liqadan daha bir komandanın I Liqaya yüksəlmək şansı isə öz əlindədir.

İş burasındadır ki, 2025/26 “futbol ili”ndə I Liqadan 3 komanda Premyer Liqaya yüksələcək. Sonuncu yeri tutan avtomatik “aşağı” düşəcək və II Liqadan gələn ilk üç yerin sahibi ilə say 10 olaraq qalacaq.

Lakin II Liqanı 4-cü pillədə başa vuran kollektivin I Liqaya yüksəlmək imkanı var. Bunun üçün”dördüncü”nün I Liqanı 9-cu pillədə başa vuran komanda ilə dueldən qalib ayrılması lazım gəlir.

Hazırda mövsümü 4-cü pillədə başa vurub pley-offda oynamaq uğrunda “Hypers Guba” ilə “Şəmkir” arasında amansız mübarizə gedir. Bölgə təmsilçilərinin mübarizəsində qubalılar turnir cədvəlində şəmkirliləri 1 xal qabaqlayıq.

Bu iki komandadan biri üst liqaya vəsiqə qazanmaq yolunda ölüm-qalım mübarizəsinə çıxacaq. Hazırda I Liqada davam edən gərgin mövsümün sonuna 2 tur qalmış MOİK, “Baku Sportinq”, “Cəbrayıl”, “Difai” və “Qaradağ Lökbatan” çempionatı 9-cu pillədə başa vurmağa namizədlər hesab olunurlar.

Bu, o deməkdir ki, “Hypers Guba” ilə “Şəmkir”dən biri pley-off da məhz bu beş komandadan biri ilə qarşılaşacaq.

Yeri gəlmişkən, sona 2 tur qalmasına baxmayaraq, II Liqanı tərk etməmək üçün beş bölgə təmsilçisinin arasında (“Füzuli”, “Lerik”, “Ağdaş”, “Göygöl”, “Sheki City”) gərgin mübarizəyə şahidlik etdiyimizi də xatırladaq.

Əminliklə deyə bilərik, Azərbaycanın müstəqillik tarixində ölkə çempionatındakı liqalarda bu cür gərginlik müşahidə olunmayıb. I və II Liqalarda, hətta Region Liqasında belə, inanılmaz dərəcədə prinspiallıq yaşanır. Və bu mübarizədə demək olar bütünlüklə bölgə komandaları iştirak edir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
9 May 11:00 Məcarə axtarmayın!