44 günlük müharibə ilə bağlı ŞOK FAKTLAR - Paşinyan bunu etsəydi...

23 Mart 2023 12:30 Araşdırma 689
44 günlük müharibə ilə bağlı ŞOK FAKTLAR - Paşinyan bunu etsəydi...

Ermənistanın “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan XİN rəhbəri Ararat Mirzoyanın Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə susmasına öz etirazını bildirib.

Onun bu çıxışı erməni cəmiyyətini növbəti dəfə çalxalayıb.

Mamicanyan qeyd edib ki, Ermənistan xarici işlər nazirinin yanında 30 illik işğal ifadəsi işlədilib və o, buna heç bir reaksiya verməyib.

“Dünən Sergey Lavrov bizim dəfələrlə dediyimizi bir daha dilə gətirdi: 2020-ci il oktyabrın ortalarında Paşinyanın müharibəni dayandırmaq imkanı var idi”, - fraksiya rəhbəri bildirib.

Lavrovun işğal ifadəsi işlətməsi əslində nəyə hesablanıb? 2020-ci ilin oktyabrında Paşinyan ermənilərin dediyi kimi, imkan varkən müharibəni niyə dayandırmadı?

samir.jpg (50 KB)

Politoloq Samir Hümbətov musavat.com-a bildirib ki, son dövrlər Sergey Lavrovun bu cür ritorika ilə danışması hiss edilməkdədir. Amma Lavrovun bu açıqlaması heç də Azərbaycana canıyanımlılıqdan irəli gəlmir:

“Əksinə, biz Lavrovun anasının kim olduğunu yaxşı bilirik. Lavrov o cür açıqlama verməklə erməni cəmiyyətinə bir mesaj ötürmək istəyir ki, baxın, Azərbaycan o ərazilərin hamısını işğaldan azad edəsi deyildi, Paşinyan 2020-ci ilin oktyabrının ortalarında atəşkəs rejimini qorusaydı, torpaqların bir hissəsi nəzarətdə qalardı. Əslində bu cür ifadəni işlətməklə Nikol Paşinyanı erməni cəmiyyəti içərisində zərbə altında qoymağa çalışır.

Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın Lavrovun çıxışı qarşısında susmasını təbii qarşılayıram. Çünki Ermənistan özünü hər zaman Rusiyanın forpostu kimi görüb. İndi də nə qədər Qərbə yaxınlaşmaq prosesini aparsa da, o sindromu sındıra bilmir.

6467a4af-3b5c-358b-ba9b-4504364976da_850.jpg (94 KB)

Lavrovun işğal ifadəsi işlətməsi sırf mövcud hökuməti vurmağa hədəflənmiş bir açıqlama kimi dəyərləndirilə bilər. Çünki son dövrlər Ermənistanın Qərblə yaxınlaşması Rusiyanın maraqlarının zərbə altında qalması deməkdir. Lavrov əslində bir növ bunun heyfini çıxmağa çalışır. Açıq şəkildə işğal ifadəsini işlətməklə həm də Azərbaycanın nisbətən də olsa, simpatiyasını qazanmağa çalışır. Lavrov bilir ki, artıq Azərbaycan cəmiyyətində Rusiyaya qarşı münasibət heç də birmənalı deyil. Xüsusən son dövrlər Qarabağda baş verən təxribat hallarından dolayı bu proses davam etməkdədir”.

Politoloq vurğulayıb ki, Nikol Paşinyan müharibəni 2020-ci ilin oktyabrında dayandırsaydı, bu, onun üçün çox ciddi bir məğlubiyyət anlamını daşıyardı:

“Həm də erməni cəmiyyətində revanşist fikirlər yekunlaşmamışdı. Görünür ki, Qərb də Paşinyanın bu müharibəni davam etdirməsində maraqlı idi. Paşinyan onsuz da bilirdi ki, müharibəni uduzacaq. Amma biri var, erməni cəmiyyətinə göstərsin ki, baxın, 30 il ərzində biz Rusiyanın əlinin altında olmuşuq və Rusiyanın (KTMT-nin), Rusiyanın dəstək verdiyi “Qarabağ klanı”nın bizə verdiyi ancaq budur. Əslində Paşinyan bunu da göstərməyə çalışdı. O baxımdan düşünürəm ki, Nikol Paşinyan bilərəkdən müharibəni davam etdirdi. Cəmiyyətə göstərdi ki, baxın, 1997-ci ildə hakimiyyəti ələ alan “Qarabağ klanı”nın ölkəni 2018-ci ilə qədər gətirdiyi vəziyyət budur. Paşinyan cəmiyyətə sətiraltı mesaj ötürdü”.

Digər Xəbərlər
Xəbər Lenti