“0:8-dan sonra əsas səbəbi dilə gətirmək istəmədim ki, insanlar bəhanə söylədiyimi düşünməsin.
Halbuki oyundan əvvəl komandada vəziyyət acınacaqlı idi”.
Bu sözləri Premyer Liqanın 23-cü turunda “Qarabağ”a 0:8 hesablı məğlubiyyətdən sonra istefa verən “Şamaxı”nın sabiq baş məşqçisi Sənan Qurbanov deyib.
41 yaşlı çalışdırıcı aprelin 15-də heyət seçimi ilə bağlı ciddi çətinlik çəkib və mümkün biabırçılığı göz önünə gətiribmiş. Sadəcə, Allaın möcüzəsinə ümid edirmiş.
Oyunsonrası mətbuat konfransında itkilərlə bağlı danışmaq istəməyib ki, insanlar bunu ucuz bəhanə kimi qəbul edər. Buna baxmayaraq, Sportinfo.az-a açıqlamasında həmin gün üz-üzə qaldığı əsl problemi söyləyib:
“Qarabağ”la oyun günü əsas heyətin bir-birə 5 üzvünün xidmətindən məhrum olmuşduq. Felipe Santos, Sadio Tounkara, Merab Qiqauri, Pərviz Azadov, Tərlan Quliyev... Üstəlik, İlkin Qırtımov meydana zədəli halda çıxmışdı.
Məcbur qalıb oyuna gənclərlə çıxdım. Əslində faciəvi nəticədən qorxurdum. Qorxduğum da başıma gəldi. Amma həmin vaxt mən bu haqda heç nə demədim.
Çempiona qarşı mübarizə aparan uşaqlar əvəzedici heyətdə ehtiyatda qalan futbolçular idi. Mən belə şeyləri danışmağı sevən adam deyiləm. 0:8 uduzmuşamsa, cavabdeh mənəm”.
Sənan Qurbanov 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinə kimi “Şamaxı”nı çalışdırıb ki, 2020/21 mövsümündə komandasına ölkə kubokunu qazandırıb.
HƏBİB

