Futbol akademiyalarında yaxşı məşqçi, yaxşı şəraitlə bərabər, uşaqların xoş zaman keçirməsi üçün müxtəlif tədbirlərin, görüşlərin olması da çox əhəmiyyətlidir.
Bu, uşaqların psixoloji durumlarının müsbət axarda yön alması yolunda vacib detaldır.
Haqqında danışdığımız istiqamətdə ən effektiv üsullardan biri əsas komandada çıxış edən tanınmış simaların akademiyadakı azyaşlı uşaqlarla görüşlərinin təşkil olunmasıdır.
Belədə futbolçu olmaq həvəsi ilə yaşayan uşaqlar öz kumirlərini, televiziyadan və ya tribunaladan görüdükləri sevimli futbolçuları yaxından görmüş və dəyərli məsləhətlər almış olurlar.
Zamanında bunu "Bakı" və "Qəbələ" akademiyalarında çox görmüşük. Son dövrlər isə gözlə ənənəni "Sabah" komandası davam etdirir.
Son aylar artıq neçəni belə görüş təşkil olunduğuna şahidlik etmişik. Təbii ki, alqışa layiq olan belə təşəbbüsləri diqqətdən qaçırmaq olmaz.

Aleksey İsayev, Con Mikels, Səlahət Ağayev kimi təcrübəli, tanınmış və Yusif İmanov kimi gənc, perespektivli futbolçular "Sabah"lı uşqların görüşünə gedib. Görüş əsnasında maraqlı söhbətlər, əyləncəli oyunlar keçirilib.
Qaliblərə futbolçulara məxsus formalar hədiyyə olununub. Məşqçi və futbolçularla söhbətlərimizdə də hər biri bu xüsusda olan görüşləri alqışa layiq məqam kimi qiymətləndiriblər.
Məsələn, akademiyanın gənc mütəxəssislərindən olan Savalan Əlizadə Aleksey İsayevin uşaqlarla görüşü barədə saytımıza açıqlamasında aşağıdakı fikirləri dilə gətirib:

"Təbii ki, Aleksey İsayevin komandamıza baş çəkməsi uşaqlara çox müsbət təsir elədi.
Mən də zamanında futbol oyamışam. Azyaşlı olanda yüksək liqada oynamaq istər-istəməz bir qədər çətin görünür. Amma belə görüşlər olanda, bu çətinlik nisbətən aradan götürülür.
Bundan başqa uşaqlarımız Aleksey İsayevə "biz necə Premyer Liqada oynaya bilərik?", "Milli komandada necə çıxış edə bilərik?" tipli suallar verdilər.
Məsələn, yarımmüdafiəçilərə gündəlik məşqlərdə izah etdiyimiz məsləhətlərimiz olur. Ki, onu Premyer Liqada, milli komandada oynayan bir peşəkar yarımmüdafiəçi öz hərəkətləri ilə göstərmiş olması tam başqa hisslərdir.
Bunun uşaqlar tərəfindən qəbulu, qavranması daha yaxşı olur. Bütün hallarda bu görüş xoş oldu. İstərdim ki, tez-tez belə görüşlər həyata keçirilsin.
İstər indiki, istərsə də nə vaxtsa Premyer Liqada oynamış usta futbolçularla uşaqların görüşməsi müsbət haldır. Məncə, bütün klublarda və bütün yaş qruplarında bu proses davamlı olsa yaxşı olar.
İsayevin uşaqlardan xüsusi istəyi, tapşırığı oldu ki, məşqlərə vaxtında gəlsinlər, dərslərini yaxşı oxusunlar. Valideyinlərin, müəllimlərin sözünə qulaq assınlar.
Bir də onu xüsusi vurğuladı ki, əgər əziyyət çəksəniz, arzuladığınız işin öhdəsindən gələ biləcəksiniz. Uşaqlara izah etdi ki, futbolçu olmaq çətin deyil.
Sadəcə, müəllimlərinizin tapşırıqlarına qulağ asmaq lazımdır. O zaman Allah arzunuzu gerçəkləşdirəcək".

Ümid edirik ki, belə görüşlər gələcəkdə daha geniş füsət alacaq və digər klubların timsalında da eyni addımları görə biləcəyik. Ki, həmin uşaqların yaxşı futbolçu, yaxşı insan kimi formalaşmasında vacib nüansdır.
Unutmayaq ki, gələcəkdə milli komandanın formasını geyinib, ölkəmizi dünya miqyasında məhz həmin körpə balalarımız qoruyacaq.
Xanoğlan İmanov
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb.

