Qarabağda “Donbas ssenarisi” - Putinin Zelenskiyə 7 şərti və...

30 May 2023 03:40 Araşdırma 1 115
Qarabağda “Donbas ssenarisi” - Putinin Zelenskiyə 7 şərti və...

Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinin 458-ci günündə rəsmi Moskva arzuladığı sülhün yeni-köhnə şərtlərini açıqlayıb.

Onların sayı 7-dir. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin şərtləri belə sıralayıb:

1. Ukrayna silahlı qüvvələri tərəfindən hərbi əməliyyatların dayandırılması;

2. Qərbin Ukraynaya silah tədarükünü dayandırması;

3. Ukraynanın neytral statusa qayıtması, NATO və Aİ-yə üzv olmaqdan imtinası;

4. “Xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi nəticəsində yaranan yeni regional reallıqların” tanınması;

5. Rusdilli vətəndaşların və milli azlıqların hüquqlarının müdafiəsi;

6. Rus dilinin dövlət dili statusunun təmin edilməsi;

7. Əsas insan hüquqlarına, o cümlədən dini etiqad azadlığına riayət edilməsi.

Əslində, bu elə kapitulyasiya şərtləridir. Xüsusən də 4-cü, faktiki işğalı legitimləşdirən mərkəzi bənd! Çünki həmin şərt vəziyyəti 2022-ci ilin 24 fevralına qaytarmağı deyil, Rusiyanın ötən 468 gündə işğal elədiyi ərazilərin ona məxsusluğunun Ukrayna tərəfindən tanınmasını ehtiva tutur.

Aydındır ki, rəsmi Kiyev bunca ölüm-itimdən, canlı və maddi itkilərdən, etnik təmizləmələrdən, on minlərlə ukraynalı uşağın zorla Rusiyaya aparılmasından (nəyə görə ki, Beynəlxalq Cinayət Məhkəməsi Putin haqda həbs orderi verib) sonra işğalçının ağır şərtləri qəbul etməz. Xüsusən də 4-cü şərti.

Hər şey qırağa, bu, dünyaya meydan oxuyan təcavüzkar Rusiyanın yüz faizlik qalibiyyəti, Xeyrin Şərə uduzması anlamını verərdi. Daha betəri, beynəlxalq səviyyədə sərhədlərin zorla dəyişdirilməsi üçün çox qorxunc bir presedent yaradardı.

Ondan sonra kim zəmanət verər ki, “SSRİ -2” planından əl çəkməyən Kreml başçısı ardınca iştahalanıb eyni ssenarini Moldovaya, Qazaxıstana tətbiq etməyəcək? Həmçinin də qonşu Gürcüstan. Yeri gəlmişkən, 4-cü bəndin Azərbaycana da birbaşa dəxli var. Ancaq bu barədə az sonra...

Əvvəla, nə demək, “xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi nəticəsində yaranan yeni regional reallıqların” tanınması? Əlbəttə ki, Ukraynanın böyük bir hissəsinin saxta referendumlarla, hərbi yolla Rusiyaya birləşdirilməsinin legitim sayılması!

Hansı “referendum”lar ki, Ukrayna Konstitusiyasına zidd həyata keçirilib, heç bir beynəlxalq qurum tərəfindən qanuni, azad və ədalətli sayılmayıb. Ümumiyyətlə, həmin “referendumları” kimsə müşahidə eləməyib, onların ikisi isə hətta müharibə gedə-gedə reallaşıb.

Sonra. Rusiya imperiyası görəsən nə vaxtdan xalqların öz müqəddəratını təyinetməsinin qayğısına qalmağa başlayıb? Rəsmi Moskva gerçəkdən millətlərin öz müqəddəratını təyinetmə hüququnun reallaşmasına tərəfdardırsa, o zaman öz daxilindəki subyektlərdə - Çeçenistanda, Tatarıstanda 90-cı illərin əvvəlində keçirilmiş müstəqillik referendumları niyə legitim hesab eləmədi, əksinə, Çeçenistanı viran qoydu?

Ötə yandan, həmin milli qurumlar, həmçinin Başqırdıstan, Dağıstan, tarixi ərazilərində kompakt şəkildə yaşayan digər aborigen xalqlar öz müqəddəratını təyinetmə üçün referendumlar keçirsələr, Putin Rusiyası eyni qaydada onların nəticələri ilə də barışacaqmı? Xalqların iradəsinə hörmət qoyacaqmı?

İnanan daşa dönsün. Hərgah, bu xalqların hamısının öz müqəddəratını sərbəst təyin edib müstəqil dövlətlərini yaratmaq üçün qat-qat çox haqqı var, nəinki Donbas ruslarının. Zira, “Donbas xalqı” deyilən bir xalq, millət yox. Eləcə də mifik “Dağlıq Qarabağ xalqı”.

Məsələ də ondadır ki, rusun, erməninin Rusiya, Ermənistan adında dövlətləri var. Digər dövlətlərin ərazilərində yaşayan ruslar və ermənilər isə sadəcə, etnik azlıqlardır və onların yalnız mədəni, dini haqlarının qorunmasından, universal dəyərlərdən söhbət gedə bilər.

Bütün hallarda şəkk-şübhə yox ki, 4-cü şərt Qarabağdakı erməni separatçı ünsürləri məxsusən şirnikləndirəcək, onları yenidən “çəhrayı arzulara” kökləyəcək. Ən təhlükəlisi isə odur ki, Moskva bununla “Yaxın xaric”dəki separatçı qurumlara yeni siqnal göndərmiş oldu.

Yəni tutaq ki, sabah Qarabağda bir ovuc erməni, Donbas rusları kimi və Azərbaycan Konstitusiyasına zidd olaraq, Rusiyaya birləşmə “referendumu” keçirsə, o zaman Moskva bunu “xalqların öz müqəddəratını təyinetməsi” saymayacaq ki?

Sual açıq qalır. O səbəbə işimizi gərək indidən möhkəm tutaq. “A planı”mız varsa, vacibdir ki, “B”, “C plan”larını da hazırlayıb əlimiz altında saxlayaq. Şər deməsən, xeyir gəlməz. Vaxt gedir...

Zahid SƏFƏROĞLU

Digər Xəbərlər
Xəbər Lenti