Paşinyan "Rus NATO-su"nu niyə şantaj edir?

17 May 2021 02:52 Araşdırma 947
Paşinyan "Rus NATO-su"nu niyə şantaj edir?

Ermənistanda hakimiyyət uğrunda mübarizə həlledici mərhələyə keçib.

İndi bu düşmən ölkədə həm hakimiyyət, həm də müxalifət bütün siyasi hesabları məhz növbədənkənar parlament seçkilərində seçici səslərini qazanmaq üzərində aparır.

Və bu baxımdan, erməni siyasi dairələrinin bütün mümkün ənənəvi siyasi hoqqabazlıqlardan istifadə edilməsi də qətiyyən təəccüb doğurmur.

Ermənistanın keçmiş prezidenti və hərbi cinayətkar Serj Sarkisyan da seçki bloku yaratdığını elan edib. Ancaq o, bu blokun əsas hədəfinin növbədənkənar parlament seçkilərində qələbə olmadığını da vurğulayıb. Və əsas məqsədin təslimçi Paşinyan hakimiyyətinin siyasi səhnədən kənarlaşdırmaq olduğunu əlavə edib.

1611828802.c0865b99-516d-48d0-8826-725974407220.jpg (41 KB)

Göründüyü kimi, bu, siyasi populizm və hoqqabazlıqdan başqa bir şey deyil. Çünki Paşinyan hakimiyyətini siyasi səhnədən kənarlaşdırmaq üçün ilk növbədə mütləq seçkilərdə qələbə qazanmaq lazımdır. Deməli, blokun əsas hədəfi məhz hakimiyyətə sahiblənmək imkanları qazanmaqdır.

Yalnız elə bu örnək də erməni siyasi dairələrinin seçki qələbəsi naminə hər şeyə hazır olduqlarını göstərir. Onlar hətta Ermənistanın gələcək taleyini böyük təhlükə altına sala biləcək addımların atılmasından belə, çəkinmirlər. Hər halda, son bir neçə gün ərzində sərhəddə baş verənlər və Paşinyan hakimiyyətinin qaldırdığı hay-küy də bunu təsdiqləyir.

Rusiyalı siyasi ekspert Qriqori Trofimçuk da qeyd edib ki, ermənilərin qaldırdığı hay-küy qətiyyən əsaslı deyil: "Axı, Azərbaycan hər hansı ərazi əldə etmək niyyətində deyil. Rəsmi Bakı sadəcə, Azərbaycanın dövlət sərhədlərini dəqiqləşdirməklə məşğuldur.

Rus ekspert də hesab edir ki, bütün baş verənlər Ermənistanın maraqlarını qorumaq istəyindən daha çox siyasi məqsədlər güdür: "Ermənilər Ermənistan üçün canlarını fəda etməyə qətiyyən həvəsli deyillər. Əksinə, ermənilər çalışırlar ki, bunu onların əvəzinə başqaları etsinlər".

put-pes-indir.jpg (36 KB)

Paşinyan hakimiyyətinin son davranışları rus eksperti tamamilə haqlı çıxardır. Çünki rəsmi İrəvanın Rusiyanı və KTMT-nı bu prosesə bulaşdırmaq məqsədilə törətdikləri çoxsaylı siyasi təxribatlar intensivləşməkdə davam edir. Və hətta Paşinyan hakimiyyəti öz hərbi müttəfiqləri ilə bağlı yalan iddialar yatmaqdan belə, çəkinmir.

Məsələ ondadır ki, rəsmi İrəvan KTMT-nın Ermənistana hərbi dəstək vəd etdiyini bildirmişdi. Ancaq sonradan məlum oldu ki, bu, yalan məlumatdır, rəsmi İrəvan KTMT-ya həmin vaxt heç müraciət belə, etməyibmiş. Yəqin ki, üçtərəfli müqaviləyə uyğun sərhədlərin demarkasiya prosesinə hansı "arqumentlər" ilə etiraz etməyin mümkünlüyünü düşünürlərmiş.

Təxminən oxşar yalan iddialar Putin-Paşinyan telefon danışığı barədə də yayılmışdı. Rəsmi İrəvan iddia etmişdi ki, guya Rusiya prezidenti Vladimir Putin Ermənistanın narahatlığının haqlı olduğunu deyibmiş. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə həmin iddiaların yalan olduğunu təsdiqləyən açıqlama vermək məcburiyyətində qaldı: "Ermənistan baş naziri Rusiyadan dəstək istəməyib. Prezident V.Putin isə onunla söhbətində üçtərəfli anlaşmalara riayət etməyin vacibliyini vurğulayıb".

Göründüyü kimi, Rusiya məhz üçtərəfli anlaşmaların yerinə yetirilməsində israr edir. Həmin anlaşmalardasa, Azərbaycan-Ermənistan sərhədlərinin beynəlxalq hüquq normaları çərçivəsində dəqiqləşdirilməsi nəzərdə tutulur. Və bütün bunlara rəğmən rəsmi İrəvanın bir belə mənasız və təxribat xarakterli hay-küy üçün özündə cəsarəti haradan tapdığı da bir başqa məsələdir. Bəlkə də ola bilsin ki, bütün dünyanı aldada bilmək qabiliyyətlərinə arxayındırlar...

KocaryanSarkisyan-768x403.jpg (46 KB)

Ancaq bu dəfə ənənəvi erməni hoqqabazlığının hər hansı ciddi nəticələrə yol açacağı o qədər də inandırıcı deyil. Hər halda, üçtərəfli anlaşmalara aidiyyəti olanlar baş verənlərin əsl səbəblərini tam dəqiqliyi ilə bilirlər. Bütün dünyaya gəldikdəsə, müasir texnoloji imkanlar beynəlxalq hüquq normaları çərçivəsində hansı ölkənin sərhədlərinin necə bir trayektoriya cızdığını görməyə şərait yaradır. Yəni, müasir texnologiyanı aldatmaq mümkün deyil.

Digər tərəfdən, rəsmi Bakının atdığı bütün addımlar məhz üçtərəfli anlaşmalar çərçivəsindədir. Əslində, bunu elə ermənilərin özləri də tam dəqiqliyi ilə bilirlər. Və onların kəskin ziddiyyət daşıyan reaksiyaları da baş verənlərin özəl siyasi maraqlardan qaynaqlandığını göstərir.

Məsələ ondadır ki, bu siyasi hoqqabazlıq əsasən Paşinyan hakimiyyəti tərəfindən reallaşdırılır. Erməni müxalifətinin bu məsələdə Paşinyan hakimiyyətini tam dəstəklədiyini iddia etmək isə bir qədər çətindir. Hər halda, keçmiş prezidentlər - Levon Ter-Petrosyanın, Robert Köçəryan, Serj Sarkisyan, hətta baş nazir postuna ən iddialı siyasətçi hesab olunan Vazgen Manukyan belə, hazırda passiv müşahidə mövqeyinə üstünlük verirlər.

Təbii ki, erməni müxalifəti bu mövzuda Paşinyan hakimiyyətinin hay-küylü siyasi təxribatlarına əks mövqedən də çıxış etmir. Ancaq bu təxribatlara aktiv dəstək də müşahidə olunmur. Və əsas mövqe ondan ibarətdir ki, Ermənistanı indiki məğlub ölkə durumuna məhz Paşinyan hakimiyyəti salıb. Ona görə də zəhmət çəkib, özləri də çıxartsınlar.

unnamed-passs.jpg (27 KB)

Belə anlaşılır ki, Ermənistanda hakimiyyət uğrunda siyasi mübarizə artıq amansız xarakter alıb. Paşinyan hakimiyyəti öz siyasi mövqelərini qoruya bilmək üçün hətta üçtərəfli anlaşmaları belə, şantaj materialına çevirməyə çalışır. Halbuki rəsmi İrəvanın siyasi təxribatları ilə müşayiət olunan belə riskli davranışlar ilk növbədə Ermənistanı böyük təhlükə qarşısında qoya bilər.

Şübhəsiz ki, rəsmi Bakı da baş verənlərin əsl səbəblərini tam dəqiqliyi ilə bilir. Ona görə də, Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında rəsmi İrəvanın təxribatçı açıqlamaları xüsusi olaraq, vurğulanır: "İrəvan administrasiyasına Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər bölgələrindəki sərhəd rejimi həqiqətini qəbul etmələrini tövsiyə edirik. Bu fəaliyyətlər xəritələrdən istifadə edilərək, həyata keçirilir. Ermənistan tərəfinin təxribatçı açıqlamaları ölkədəki seçkiöncəsi vəziyyətlə bağlıdır”.

Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyətini hazırda seçki qələbəsi daha çox maraqlandırır. İndiki situasiyada məğlubiyyət təhlükəsi ilə üzləşə biləcək Paşinyan hakimiyyəti bu seçkilərdə qələbə qazanmaq üçün yalnız üçtərəfli anlaşmaların icrasına müqavimət göstərməklə kifayətlənmir. Rəsmi İrəvan buna paralel olaraq, Rusiya da daxil olmaqla, bütün hərbi müttəfiqlərini - "Rus NATO-su" kimi də dəyərləndirilən KTMT-nı belə, şantaj edir.

Elçin XALİDBƏYLİ

Digər Xəbərlər
Xəbər Lenti