“Gilavar” – hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən olan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis leytenantı Babur Hüseynov tanınmış teleaparıcı Cəlalə Nəzəroğlunun yaxın qohumudur.
Sportinfo.az xəbər verir ki, teleaparıcı bu barədə facebook səhifəsində post yerləşdirib.
Cəlalə Nəzəroğlu Babur Hüseynovun tapılması, sağ-salamat geri qayıtması üçün hamıdan dua etməsini istəyib.
“Ömrümdə ilk dəfə çox insanın eyni vaxtda dua etməsinə ehtiyac duyuram. Və bunu sosial şəbəkədən yazıram.
İtən alpinistlərdən biri mənim əzizimdir. Ölməməsi üçün dua edin, nə olar. Hamısı üçün dua edin”, – deyə Cəlalə Nəzəroğlu qeyd edib.
Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” – hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib.
Onların axtarışları DSX, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət komanda tərəfindən həyata keçirilir. Axtarışlara helikopterlər də cəlb olunub.
Fövqəladə Hallar Nazirliyi dekabrın 23-də Qubada itkin düşmüş 3 alpinistin axtarışına başlayıb. Əraziyə helikopter göndərilib.
İtkin düşənlərdən biri “Gilavar” - hava və ekstrim idman klubunun üzvü Babur Hüseynovdur. O, Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşıdır. Bu barədə sayta klubdakı mənbə məlumat verib.

