Rıza Çalımbay: "Qarabağ"la matç bizim üçün finaldır"

4 Noyabr 2020 20:30 Türkiyə 366
Rıza Çalımbay: "Qarabağ"la matç bizim üçün finaldır"

"İddiamızı davam etdirmək üçün hər xal çox önəmlidir.

Hər zaman deyirik ki, ölkəmiz üçün çıxış edirik. Sabah qələbə qazanmaq istəyirik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis əvvəlki iki görüşdə 4 qol vurmağı bacardıqlarını xatırladıb: "Bu isə o deməkdir ki, qol vura bilirik. Sabahkı matçda yalnız qələbə haqqında düşünürük.

Bütün riskləri göz önünə alacağıq. Bəzi zədəli oyunçularımız var. "Qarabağ"la matç bizim üçün finaldır. Bunu yaxşı şəkildə bitirmək istəyirik".

Çalımbay qrup mərhələsinin I turunda İspaniya "Vilyarreal"ı ilə başabaş mübarizə apardıqlarını vurğulayıb. O deyib ki, tək fikirləri sabahkı görüşdə qələbə qazanmaqdır: "Öz komandama güvənirəm və bütün hər şey qaydasında getsə, bu qrupdan çıxacağımıza inanıram".

Baş məşqçi hakim səhvlərindən də şikayətlənib: "Heç vaxt hakim səhvlərindən qələbə qazanmamışıq. Amma Türkiyədə eyni səbəbdən uduzduğumuz görüşlər olub.

İki turda da əleyhimizə penalti verdilər. Hakimin kim olacağının fərqi yoxdur. İsrail "Makkabi"si (Təl-Əviv_ ilə görüşə çoxlu itki ilə çıxmışdıq. Onların 12 ehtiyat oyunçusu var idi, bizdə isə 5. Pis oynadığımızı düşünmürəm.

Sabahkı görüş milli komandanın oyunu qədər önəmlidir. Çox oyunçu zədəlidir və bəzi matçlarda problemlə üzləşirik. Əlimizdəki oyunçulardan istifadə edəcəyik".

Noyabrın 5-də "Yeni Sivas 4 Eylül" stadionunda keçiriləcək "Sivasspor" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək. Türkiyə təmsilçisi ilk İspaniyada "Vilyarreal"a 3:5, ikinci turda isə evdə "Makkabi"yə 1:2 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”