"Sizə vəd edə bilərəm ki, gələn həftə ..."

20 Mart 19:16 Tokio-2020 197
"Sizə vəd edə bilərəm ki, gələn həftə ..."

"Bəşəriyyət unikal bir sınaq ilə üzləşib. Bir çox ölkələr, şəhərlər və icmalar dünyada əvvəllər heç olmamış bir vəziyyətlə qarşılaşıblar.

Bu, görünməmiş və qeyri-müəyyən bir dövrdür və biz hazırda idmandan daha böyük bir an yaşayırıq".

Sportinfo.az xəbər verir ki, bu fikirlər Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) prezidenti Endryu Parsonsa məxsusdur.

Dünya ictimaiyyətinə müraciət edən IPC rəhbəri bildirib ki, Paralimpiya Hərəkatına qoşulan şəxslərin hamısının qayğısına qalmaq qurumun başlıca vəzifəsidir: "Biz sizin üçün doğru olanı edəcəyik. Para-idmançılarının sağlamlığı və rifahı bizim prioritet məsələmiz olaraq qalır. COVID-19-un qlobal səviyyədə qarşısının alınması strategiyasının bir hissəsi olaraq növbəti həftələrdəki idman tədbirlərinin ləğv edilməsi vacibdirsə, deməli, bunu etmək ən düzgün addımdır. Qlobal cəmiyyət olaraq biz bir olmalı və sağlamlığı, ən əsası da həyatı qorumaq üçün əlimizdən gələn bütün tədbirləri görməliyik".

Təxminən yeddi ildir ki, biz Tokio-2020 Paralimpiya Oyunlarında birlikdə hansı nailiyyətləri qazanacağımızı xəyal edirik. Tariximizdə ən həyəcanverici və maraqla gözlənilən Oyunları keçirməkdən ötrü hamımız böyük güc sərf etmişik. Mənə görə çox möhtəşəm və rekordlarla zəngin olacaq Oyunlar üçün, demək olar ki, hər şey öz əvvəlki yerində qalır.

Keçirilməsinə 159 gün qalmış Oyunların hazırlıqları sürətlə davam edir və planlaşdırıldığı kimi 25 avqust 2020-ci il tarixində Paralimpiya oyunlarının açılışı üçün əlimizdən gələni edirik. Xahiş edirəm, nəzərə alın ki, mövcud vəziyyəti və onun dünyadakı təsirini biz yaxşı bilirik. Ancaq artıq daha kəskin tədbirlərin görülməsinin lazım olub-olmadığını müəyyənləşdirməyin vaxtıdır. Biz Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Beynəlxalq Olimpiya Komitəsi (BOK), Tokio-2020 Təşkilat Komitəsi və öz sağlamlıq mütəxəssislərimizlə sıx və müntəzəm dialoqu davam etdiririk. Yarışların ləğv olunmasının təsnifat və klassifikasiya imkanları ilə bağlı qeyri-müəyyənliyə səbəb olduğunu tam anlayırıq. Sizi əmin edə bilərəm ki, IPC komandası qarşılaşdığımız hər çətinliyi həll etmək üçün gecə-gündüz çalışır. Həmçinin əvvəlki qaydada məşq edə bilməyən və ev şəraitində məşq etməyin həll yollarını axtaran idmançılara rəğbət bəsləyirik.

Bazar ertəsi günü IPC-nin İdarə Heyəti son vəziyyətlə əlaqədar toplandı. Bu həftə isə mən, icraçı direktorumuz və IPC İdarəetmə Qrupunun yüksək vəzifəli üzvləri beynəlxalq federasiyalar, milli paralimpiya komitələri və idmançı nümayəndələri ilə danışıqlar davam edir, baş verən problemlər və onların təsiri haqqında müzakirələr aparılır.

Bu müzakirələrdə üç rəhbər prinsip əsas götürülür: idmançıların sağlamlığı və rifahı, çeviklik və ədalət.

Bacardığımız məqamlarda kömək etmək və həll yolu tapmaq bizim istəyimizdir, ancaq bu bənzərsiz qlobal böhran nəticəsində qarşıda nəyin baş verəcəyini öncədən görmək bacarığımız yoxdur. Vəziyyət hər gün deyil, hər saat dəyişir.

Ancaq sizə vəd edə bilərəm ki, gələn həftə və aylar ərzində qarşımızda daha aydın mənzərə yarananda beynəlxalq federasiyalar ilə birlikdə Tokio olimpiadasının təsnifatı və klasifikasiya ilə bağlı həll yollarını tapacağıq.

Dünya bu nəsildə ən böyük problemlərindən biri ilə qarşılaşdığından səbrinizi və çevikliyinizi qorumağınızı və diqqətinizi Tokio-2020 Paralimpiya Oyunlarına yönəltməyinizi xahiş edirik. Bu Oyunlar Yaponiyanı dəyişdirən bir vasitə olub və ümid edirəm ki, bu yay bütün dünyanı dəyişdirəcəkdir. Paralimpiya Hərəkatında yolumuzdakı çətinliklər və maneələr bizim üçün yeni deyil. Əvvəllər olduğu kimi bu dəfə də bu və ya digər şəkildə bir həll yolu tapacağıq".

Xəbər Lenti