
Tokio Yay Olimpiya Oyunları və Paralimpiya Oyunları təxirə salınmayacaq.
Azərbaycan Milli Olimpiya Komitəsindən Sportinfo.az-a verilən məlumata görə, hər iki yarış bu il nəzərdə tutulduğu vaxtda baş tutacaq.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Avropa milli olimpiya komitələrinin rəhbər şəxsləri ilə video-konfrans təşkil edib. Konfransda Tokio Yay Olimpiya Oyunları və Paralimpiya Oyunlarının COVID-19-a görə görüləcək tədbirlər müzakirə olunub.
Müzakirə zamanı bildirilib ki, Olimpiadanın təxirə salınacağı ilə bağlı gedən spekulyasiyalara inanmaq lazım deyil. Həmin spekulyasiya üzündən, beynəlxalq birjalarda Yaponiya səhmlərinin qiyməti 16 faiz aşağı düşüb.
Baxın sözlərinə görə, milli olimpiya komitələri və beynəlxalq idman federasiyaları Olimpiadanın keçirilməsində həmrəydirlər. Olimpiadaya lisenziyaların yarıdan çoxunun (57 faiz) artıq təmin olunması da bu yarışın keçirilməsini labüd edir.
Lisenziya almayan idmançılar üçün isə yarışlar keçiriləcək və ya əlavə kvota yerlər ayrılacaq. Bu üzdən də BOK Yay Olimpiya Oyunlarının nəzərdə tutulduğu bu ilin 24 iyul – 9 avqust tarixlərində saxlanılmasının tərəfdarıdır.