Günün yekunu: Möhtəşəm Cavid, cəsarətsiz Orxan

25 İyul 2021 15:20 Tokio-2020 971
Günün yekunu: Möhtəşəm Cavid, cəsarətsiz Orxan

Azərbaycan idmançıları Tokio Olimpiadasının 2-ci günündə çıxışlarını başa vurub.

Bu gün mübarizəyə qoşulan 4 təmsilçimizdən yalnız boksçu Cavid Çələbiyev azarkeşlərimizi sevindirib. 63 kq çəki dərəcəsində çıxış edən 2013-cü ilin dünya çempionu ukraynalı rəqibi Yaroslav Xartsiz üzərində parlaq qələbə qazanıb - 5-0.

Hər 3 raundu yüksək səviyyədə keçirən Çələbiyev möhtəşəm çıxışı ilə qarşıdakı döyüşləri üçün də ümid verib. Təəssüf ki, eyni sözləri digər 3 təmsilçimiz haqda yazmaq olmur.

Cüdoçu Orxan Səfərov medal ümidlərimizdən sayılsa da, Avropa çempionumuz qazaxıstanlı Yerlan Serikjanov qarşısında olduqca cəsarətsiz çıxış etdi. Əsas vaxtı xalsız bitirən tərəflərin duelində hər şeyi "qızıl xal" müəyyənləşdirdi. Əlavə vaxtda Orxan əks fəndə düşərək uduzdu və Tokio-2020-ni tərk edən ardıcıl 3-cü cüdoçumuz oldu.

İdman gimnastı Marina Nekrasovanın yüksək nəticə göstərəcəyinə onsuz da ümid az idi. Sadəcə, Bakıdakı yarışlarda göstərdiyi nəticələrə əsaslanıb ondan Tokioda sürpriz gözləyənlər də vardı.

Marina isə sürpriz edə bilmədi: fərdi çoxnövçülükdə 68 iştirakçı arasında 55-ci yer və əlvida, Tokio-2020!

Həm də Azərbaycan Atıclıq Federasiyasının baş katibi olan stend atıcımız Emin Cəfərov bu gün çıxışını yekunlaşdırsa da, onun üçün mübarizə hələ bitmıəyib. Cəfərov təsnifat mərhələində 3 atış seriyasının yekununa əsasən hazırda 71 xalla 24-cü pillədə qərarlaşıb.

Sabah isə təsnifat mərhələsinin digər 2 seriyası keçiriləcək. 5 mərhələnin yekunlarına əsasən ilk 6 pillənin sahibi finala vəsiqə qazanacaq.

SPORTİNFO.AZ

Xəbər Lenti