"Boy-buxunuma baxıb dedi ki, elə düz gəmlisən"

22 İyun 2020 12:16 Taekvondo 738
"Boy-buxunuma baxıb dedi ki, elə düz gəmlisən"

Böyük idman tədbirlərində ölkələrin ümumi göstəricisindən əlavə, bəzən onların müxtəlif miqyaslar üzrə sıralamada hansı pilləni tutması da maraq doğurur.

Necə ki, bizim üçün bir qayda olaraq, keçmiş ittifaq və İslam ölkələri ilə ayrıca rəqabətin nəticəsi önəm kəsb edib.

Planetin ən böyük idman yarışı olan Yay Olimpiya Oyunlarının yekunlarına əsasən, adətən, hər iki çevrə üzrə yuxarı mövqelərdə qərarlaşmışıq. Bəs, görəsən, lider olduğumuz hansısa məqam mövcuddurmu?

Bəli! Ələlxüsus, Rusiya kimi nəhəng idman ölkəsi ilə müqayisədə fərqlənmək nə qədər mürəkkəb olsa da, biz bunu bacarmışıq. Belə ki, taekvondo üzrə keçmiş Sovet respublikaları arasında ilk dünya və yeganə olimpiya "qızıl"ı Azərbaycanın aktivindədir.

Üstəlik, mundiallar tarixində ən çox sayda baş mükafatı məhz bizim taekvondoçular qazanıb. Hərçənd, taekvondo ölkəmizdə uzun illərdir ən populyar idman növlərindən biri sayılsa da, dayanq ustalarımız 2004-cü ildən 2012-ci ilədək ardıcıl iştirak etdikləri olimpiadalarda medal hesabını aça bilmirdilər.

Ölkə idmanının parlaq səhifəsi kimi yaddaşlara yazılan "Rio 2016”-da, nəhayət, "taekvondo tilsimi"ni də qıra bildik. Təcrübəli azarkeşlərin adını yaxşı xatırladığı veteran taekvondoçu Rəşad Əhmədovun sayəsində iki dəfə lap yaxınlığınadək gəlib, son anda həsrət qaldığımız olimpiya mükafatını, birdən-birə üç təmsilçimiz qazandı.

Radik İsayevin olimpiya çempionluğu isə qeyd etdiyimiz kimi, böyük bir ilk olaraq tarixə yazıldı. Ancaq necə deyərlər, zirvəyə ucalmaq çətin, onu qoruyub saxlamaq qat-qat çətindir. Əslində, cari olimpiya dövrü taekvondoçularımız üçün pis keçmədi.

Dünya çempionluqları da oldu, digər irili-xırdalı nəticələr də. Riodan sonrakı illər ərzində yığmanın titullu üzvləri ilə yanaşı, yeni nəsil taekvondoçular da istər yaş qrupları üzrə, istərsə də böyüklər arasında iddia ortaya qoyaraq, beynəlxalq miqyasda özlərini doğrultmağa çalışdılar. Dünya birinciliyinin gümüş medalçısı Xanoğlan Kərimov da belə idmançılardandır.

@Mən təzə-təzə nəticə qazanmağa başlamışdım ki..."

2001-ci ilin yanvar ayında Tovuz rayonunda dünyaya gələn Kərimov Xanoğlan Rafiq oğlu, taekvondo ilə 12 yaşından, Sumqayıt Olimpiya-İdman Kompleksində, əməkdar məşqçi Vurğun Cəfərovun yanında məşğul olmağa başlayıb.

Sumqayıt şəhər 11 nömrəli məktəbin məzunu olan Xanoğlan, "Taekvondonu uşaqlıqda izlədiyim döyüş filmlərinin təsiri ilə seçmişəm" deyir: "Atam cavanlığında boksla məşğul olub. Mənim isə daha əvvəl üzgüçülüyə həvəsim var idi. Bir müddət gedib-gəlmişəm də. Ancaq bu, ötəri maraq idi.

Əsas arzum döyüş növləri ilə bağlı olub. Karate ilə taekvondo arasında qalmışdım. Sadəcə, karatedə tam kontakt olmadığı üçün fikirləşdim ki, mənə rahat olmayacaq. Taekvondo zalına daxil olanda Vurğun müəllim boy-buxunuma baxıb dedi ki, elə düz gəlibsən.

Mən təzə-təzə nəticə qazanmağa başlamışdım ki, böyük bacım da həvəslənib taekvondoya yazıldı. Bir ilə yaxın davam gətirdi, bu arada respublika birinciliyinin gümüş mükafatçısı oldu".

Tunisdə fərqli əhval-ruhiyyə

Azərbaycan birincilik və çempionatlarında bu vaxtadək qızıl medal qazana bilməyən Xanoğlan, peşəkar taekvondo məşqlərinə start verməsindən cəmi bir neçə ay sonra respublika birinciliyinin bürünc mükafatçısı, Nalçikdə keçirilən ənənəvi "Elbrus kuboku" beynəlxalq turnirin ikincisi olmuşdu.

2015-ci ildə yeniyetmələr arasında Rostovda təşkil edilən "Qran Master" yarışının qalibi, gənclər arasında isə 2017-ci ildə Hollandiya və Avstriyada keçirilən "Open" seriyalı turnirlərinin müvafiq olaraq qızıl və bürünc mükafatçısı olan Xanoğlan, habelə, Türkiyənin Antalya şəhərində baş tutan klublararası Avropa çempionatının 45 kiloqramda finalçısıdır.

Növbəti ildə isə o, Tunisdə təşkil olunan gənclər arasında dünya birinciliyindəki ikincilikdən (51 kq) əlavə, "Sofiya Open"də qızıl, İstanbulun ev sahibliyi etdiyi klublararası AÇ-də gümüş medala yiyələnib (48 kq).

Bundan başqa, mundialdan az əvvəl elə Tunisdə keçirilən "Buenos-Ayres 2018" Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda da iştirak edən Kərimov (55 kq), Cənubi Koreya təmsilçisinə son saniyələrdə uduzaraq, olimpiadaya vəsiqənin bir addımlığında dayanmışdı.

"Onlardan möhtəşəm motivasiya alıram"

İki ilə yaxındır böyüklərdən ibarət komandaya cəlb olunan 19 yaşlı taekvondoçu, bu arada Avropa çempionatı və bir neçə "G1" seriyalı turnirdə sınaqdan keçirilib. Habelə, iki dəfə ölkə çempionatının mükafatçısı olub.

Xanoğlan Kazanda keçirilən AÇ-də ilk mərhələdəcə uduzmuşdusa, növbəti yarışlarda bir neçə rəqibini sıradan çıxarmağı bacarıb. "Özünəinamım sürətlə artır" deyən Kərimov, 2024-cü ildə baş tutacaq Paris olimpiadasınadək çəkisinin "1 nömrəsi" olmağı hədəf seçib:

"Gənclərlə böyüklərin yarışı arasındakı fərq müqayisəedilməzdir. Öncə çox çətinlik çəkirdim. İndi isə öyrəşmişəm. Təcrübə böyük faktordur. Mən "Bakı 2015" ilk Avropa Oyunlarında könüllü idim, arenaya dəvət olunan idmançıların önündə gedib, bayraq lövhəsi aparırdım.

O vaxtadək ekran qarşısından izlədiyim məşhur taekvondoçularla görüşüb şəkil çəkdirəndə düşünmürdüm ki, yaxın gələcəkdə onlarla döyüşə çıxacağam, bir zalda məşq edəcəm.

İndi uşaqlar mənə yaxınlaşıb şəkil çəkdirmək istəyirlər. Radik, Milad, Ramin Əzizov kimi taekvondoçularla bir yığmada yer almaq xoşbəxtlikdir. Onlardan möhtəşəm motivasiya alıram".

"Səkkiz ay məşq olmaz" deyilmişdi, o isə...

Əslində, 7 ilə dayanan karyerası ərzində, yoxuşlu olduğu qədər enişli yollardan da keçib istedadlı qəhrəmanımız. Hazırda çəkisini 63 kq-dək artıran Xanoğlan yaxın illərədək mütəmadi zədələrə yaxalanırmış. Hətta o dərəcədə ki, həkimlər ona aylarla nəinki döyüşə çıxmağı, məşqlərə qatılmağı belə, tövsiyə etməyiblər.

Ancaq hər dəfə çox qısa vaxtda toparlanmağı bacaran taekvondoçu, dayanqa dönüşünü medalla əlamətdar edib. Bakıda təşkil olunan ənənəvi "Koreya səfiri" kuboku da belə nümunələrdəndir: "Ayağım sınmışdı. Həkimlər ən azı 8 ay məşq etməməli olduğumu demişdi. Amma mən iki aya məşqlərə başladım. Bir neçə gün sonra yarışa çıxıb, qızıl medal qazandım".

Rəqibin çağırışlarına uymamaq; düşünülmüş həmlələr, taekvondoçuların diliylə desək, "davadan uzaq" döyüş tərzi. Xanoğlanın dayanq üzərindəki əsas məziyyətləri bunlardan ibarətdir. "Taktikanı dəyişdiyim istisna hallarda, bir qayda olaraq uduzmuşam" deyir:

"Uşaqlıqdan belə formalaşmışam deyə, fərqli döyüşə uyğunlaşa bilmirəm. Yadımdadır ki, Avstriyadakı turnirdə tərzi dəyişməyin acısını çəkmişdim. Ətrafımdakılar da o fikirdədir ki, bu döyüş tərzi mənə qarşıdakı zamanda da uğur gətirəcək".

Ən yaddaqalan an: "0-11 geri düşsəm də..."

Bu arada, o, yarışlar vaxtı başına gələn ən maraqlı hadisəni də bizimlə bölüşdü: "Rostovda yerləşən məşhur "Qran Master" klubunun açıq birinciliyində iştirak edirdik. Elə oldu ki, avtobusumuz yolda ləngidi. Yarışın başlamasına çox az qalmış özümüzü arenaya yetirə bildik. İsinmə hərəkətləri etmədən, bir-iki dəqiqə ərzində tez-tələsik geyinib dayanqa çıxdım.

Nəticədə rusiyalı rəqiblə görüşün ilk hissəsində 0-11 geri düşsəm də, sonradan əlavə bir xal belə verməyib, onu məğlub etdim. Yekunda da yarışın qalibi oldum. Üstəlik, ən texnikalı iştirakçı seçildim. Bəhs etdiyim o rus idmançı hazırda kifayət qədər titulludur. İkiqat Rusiya çempionu, dünya mükafatçısı olub".

Portret

Onun böyüyüb boya-başa çatdığı Sumqayıt, ölkə idmanına saysız-hesabsız məşhur simalar bəxş edib. Qrossmeyster Şəhriyar Məmmədyarov, "karatenin brilyantı" Rafael Ağayev, paralimpiya əfsanəsi İlham Zəkiyevin adını çəkmək kifayətdir ki, "gənclik" şəhərinin idman əzəməti bütün gerçəkliyi ilə göz önündə canlansın.

Habelə, keçmiş SSRİ ölkələri arasında taekvondo üzrə ilk dünya çempionu Niyaməddin Paşayev də elə Sumqayıtın yetirməsidir. Belə bir nəhəng siyahıya qoşulmaq çətindir, amma əlçatmaz deyil. Bu, karyerasının başlanğıcında olan, "İndiyəqədərki uğurlarım sadəcə, stimul əhəmiyyəti daşıyır" deyən qəhrəmanımızın öz əlindədir. Dürüstlük, təvazökarlıq, ruhun dönməzliyi kimi taekvondonun təməl prinsiplərini özündə daşıyan Xanoğlan, Azərbaycanın olimpiya qəhrəmanlarından biri kimi adını idman tarixinə əbədi həkk etdirə bilər.

Sahib Əsədbəyli

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu