"Ünsiyyətdən qaçıram”

6 May 2020 23:00 Taekvondo 669
"Ünsiyyətdən qaçıram”

“Mən də ailəsini və özünü düşünən hər bir kəs kimi evdə qalır, karantinin qaydalarına riayət edirəm.

Demək olar ki, martın 15-dən bu günə kimi evdəyəm.

Yalnız həyati vacib tələbatlara görə qanunla nəzərdə tutulmuş qaydalara əməl edərək çölə çıxıram. Eləcə də insanlarla yaxın təmasdan və ünsiyyətdən qaçıram”.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a taekvondo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizova deyib.

Bir ay sonra 25 yaşını qeyd edəcək idmançımız karantin dönəminin çətinliyindən danışıb: “Bildiyiniz kimi, mən karantindən öncə gün ərzində səhər saat 7-dən axşama kimi hər biri iki saat olmaqla iki-üç dəfə Taekvondo Federasiyasının zalında məşq edirdim.

İllərdir günüm belə davam etdiyinə görə, evdə oturmağıma baxmayaraq, artıq mənim bəlli bir rejimim var. Çalışıram ki, yenə də yuxu rejimimi pozmayım.

Bunun üçün səhər tez durub, yeməyimi yeyib, günün planını qurmağa başlayıram. Planın böyük hissəsini isə məşqlərim təşkil edir. Bu, həm mənim çəkimi normada saxlayır, həm də formadan düşməyə imkan yaratmır”.

O, tezliklə komanda şəklində məşqlərə başlayacaqlarını bildirib: “Yaxın vaxtlarda yenidən təlim-məşqlərimizə start verəcəyik. Karantin rejimi bir çox yarışlarımızın təxirə salınmasına səbəb olsa belə, yenə də hədəfimiz Olimpiadaya lisenziya yarışına hazırlaşmaqdır”.

Digər Xəbərlər
Xəbər Lenti