COP29

Tanınmış xanım idmançının seyfini aparan şəxs sevgilisini müdafiə etdi

25 Oktyabr 2018 10:48 Taekvondo 640
Tanınmış xanım idmançının seyfini aparan şəxs sevgilisini müdafiə etdi

Məşhur xanım taekvondoçu Fəridə Əzizovanın evindən oğurluq etməkdə təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, onların cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsinə davam etdirilib.

Hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Nicat İsrafilov son söz deyib. İsrafilov bildirib ki, digər təqsirləndirilən Nərgiz Fərəcova hadisədən xəbərsizdir: "Məhkəmədən xahiş edirəm ki, bunu nəzərə alsın".

Nicatın sevgilisi Nərgiz isə son sözə hazır olmadığını deyib və məhkəmədən vaxt istəyib. Məhkəmənin növbəti iclası oktyabrın 31-nə təyin edilib. Zərərçəkmiş Fəridə Əzizova hər iki şəxsi bağışlayıb.

Prokuror Nicat İsrafilovun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısının Nərgiz Fərəcovanın 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs edilməsini istəyib.

İttihamda yazılır ki, Nicat İsrafilov oğurluq hadisəsindən sonra Lerik rayonu ərazisindən sərhəddən qanunsuz olaraq İrana keçib.

Ordan da qaçaq yolla Türkiyənin Iğdır şəhərinə gedib. Daha sonra Ərzurum şəhərinə gedən zamanı polis tərəfindən sənədləri olmadığı üçün saxlanılıb. N.İsrafilov Azərbaycana deportasiya edilib.

Məhkəmədə Nicat İsrafilov özünü tam təqsirli bilib. Nərgiz Fərəcova isə özünü qismən təqsirli bildiyini söyləyib. Nicat İsrafilov ifadəsində oğurluğu tək etdiyini, Nərgizin bu işdən xəbərsiz olduğunu deyib.

Ötən ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonundakı mənzilindən seyf oğurlanıb.

Bir neçə ay sonra idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs edilib.

Daha sonra Nərgiz Fərəcova ev dustaqlığına buraxılıb. Məlum olub ki, Nərgiz Fərəcova idmançı Fəridə Əzizovanın rəfiqəsinin bacısıdır.

F.Əzizova 2013-cü ildə dünya çempionatında və 2014-cü ildə Baкı şəhərində Avropa Çempionatında bürünc medal qazanıb. Həmçinin 2015-ci ilin Avropa Oyunlarında gümüş medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!