COP29

Tanınmış xanım idmançı seyfini aparanlara son dəfə vaxt verdi

22 Sentyabr 2018 17:24 Taekvondo 732
Tanınmış xanım idmançı seyfini aparanlara son dəfə vaxt verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sportinfo.az xəbər verir ki, hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N.İsrafilovun vəkili müdafiə çıxışı edib.

Vəkil müvəkkilinə yüngül cəza verilməsini istəyib. Sonra təqsirləndirilən N.Fərəcovanın anası Rəna Fərəcova da məhkəmədən vaxt istəyib. Məhkəmə zərərçəkmişə zərərin ödənilməsi üçün vaxt verib.

Ötən ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

Hadisədən bir neçə ay sonra idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs edilib. Onları Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb.

Oğurluq edən N.İsrafilov F.Əzizovanın rəfiqəsinin bacısının sevgilisidi. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İbtidai istintaq dövründə N.Fərəcova barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. N.İsrafilov daha əvvəl məhkumluq həyatı yaşayıb.

Məhkəmə iclası sentyabrın 26-da davam etdiriləcək. Prokuror Nicat İsrafilovun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısının Nərgiz Fərəcovun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs edilməsini istəyib.

Fəridə Əzizova deyib ki, ona dəymiş zərərin 53 min manatı ödənilib. O, 14500 manat zərəri tələb etdiyini söyləyib. İdmançı ay sonuna qədər onlara vaxt verdiyini deyib.

İttihamda yazılır ki, Nicat İsrafilov oğurluq hadisəsindən sonra Lerik rayonu ərazisindən sərhəddən qanunsuz olaraq İrana keçib. Oradan da qaçaq yolla Türkiyənin Iğdır şəhərinə gedib. Daha sonra Ərzurum şəhərinə gedən zamanı polis tərəfindən sənədləri olmadığı üçün saxlanılıb. N.İsrafilov Azərbaycana deportasiya edilib.

Məhkəmədə Nicat İsrafilov özünü tam təqsirli bilib. Nərgiz Fərəcova isə özünü qismən təqsirli bildiyini söyləyib. Nicat İsrafilov ifadəsində oğurluğu tək etdiyini, Nərgizin bu işdən xəbərsiz olduğunu deyib.

F.Əzizova 2013-cü ildə dünya çempionatında və 2014-cü ildə Baкı şəhərində Avropa Çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti