Antalyada klublararası Avropa çempionatına yekun vurulub. Sportinfo.azxəbər verir ki, Türkiyə və Avropa taekvondo federasiyalarının birgə təşkil edilən və sayca 5-ci olan G1 kateqoriyalı yarışın son günündə daha 6 medal qazanmışıq. 40 ölkədən 900-dən çox idmançının qatıldığı çempionatda Rio-2016-nın bürünc mükafatçıları Milad Beigi Hərçəqani (80 kq, və Patimat Abakarova (53 kq, hər ikisi – “Gilan”) qalibi olublar.
Radik İsaev (+87 kq, “Gilan”) və Ramin Əzizov (87 kq, “Qafqaz”) həlledici döyüşdə uduzublar. Daha üç təmsilçimiz, Yarpaq Əriş (57 kq), Fəridə Əzizova (67 kq, hər ikisi – “Gilan”) və Ceyhun Həsənli (+87 kq, “Savalan”) 3-cü yer tutublar.
Beləliklə, 4 gün davam edən klublararası Avropa çempionatında ümumulikdə 31 medala sahiblənmişik. “Gilan” bütün yaş kateqoriyaları üzrə ilk pilləyə tutaraq qitənin ən güclü klubu adını qazanıb. 11-fevral tarixində G2 kateqoriyalı “Turkish Open” beynəlxalq turnirinin startı veriləcək. Milli komandalarımızın üzvləri, habelə bir sıra klublarımız bu yarışda da qüvvələrini sınayacaqlar.

