Azərbaycan millisinin baş məşqçisi: "Mən bunu demək istəmirəm"

21 Dekabr 2023 04:00 Taekvondo 3 147
Azərbaycan millisinin baş məşqçisi: "Mən bunu demək istəmirəm"

"Ümid edirəm ki, olimpiadada bu uğuru təkrarlayacağıq".

Sportinfo.az xəbər verir ki, bunu kişi taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Məmməd Abdullayev Qaşım Maqomedovun Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması barədə danışarkən deyib.

Mütəxəssis 58 kq çəkidə mübarizə aparan milli üzvünün Çinin Usi şəhərində olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə”nin Çempionlar Seriyasındakı uğurundan söz açıb:

"İdmançımızın hər iki seriyanın qalibi olması çox sevindirici haldır. İlk seriyada finala vəsiqə qazanmaq üçün 4 döyüşün hamısında qalib gəldi.

Bizim üçün mühüm olan növbəti yarış idi. Çünki orada qalib gəlsəydi, olimpiadaya lisenziya əldə edəcəkdi.

Qaşım həqiqətən növbəti turnir üçün toparlandı və ölkəmizi layiqincə təmsil etdi. O, həmin çəkidə Bakıdakı dünya çempionatında məğlub olduğu Çin idmançısına, sonuncu Qran-prinin qalibi olan İran təmsilçisinə və finalda öz çəkisindəki sonuncu dünya çempionuna qalib gəldi. Bu da bizi sevindirir".

Abdullayev idmançının vaxtından əvvəl lisenziyanı təmin etdiyini söyləyib:

"Martdakı lisenziya turnirinə hazırlaşacaqdıq. Artıq taekvondoçuya 10 gün istirahət verəcəyik, sonra məşqlərə qayıdacaq. Digər idmançılar arasında lisenziya yarışı üçün seçim edəcəyik".

Baş məşqçi Paris-2024 ilə bağlı proqnoz verməyib:

"Olimpiadada neçə idmançı ilə təmsil olunacağımızı demək istəmirəm. Maksimum sayda lisenziya qazanmağa çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti