COP29

Prezident və xanımı dünya çempionatının açılışında - FOTOLAR

30 May 2023 01:10 Taekvondo 504
Prezident və xanımı dünya çempionatının açılışında - FOTOLAR

Bakıda taekvondo üzrə dünya çempionatının açılış mərasimi keçirilirb

Sportinfo.az xəbər verir ki, Bakı Kristal Zalında baş tutan tədbiri Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov və digər rəsmi şəxslər izləyiblər.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub.

İyunun 4-dək “Baku Crystal Hall”da keçiriləcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Milli komandamız çempionata Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) idmançılardan ibarət heyətlə qatılıb.

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.

***

Mərasimdə çıxış edən Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu Bakıda olmaqdan və dünya çempionatının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirdi. Pandemiyadan sonra taekvondo yarışlarının keçirilməsinin önəmini xüsusi vurğulayan Çunqvon Çu dedi: “Bakıya - taekvondonun evinə qayıtmaq çox xoşdur. Bakını taekvondonun evi adlandırmaq ona görədir ki, uzun illər ərzində Azərbaycanda müxtəlif taekvondo tədbirləri təşkil olunub. Azərbaycan, həmçinin parataekvondonun yarandığı ölkədir. Sonralar parataekvondo daha da populyarlaşaraq Paralimpiya Oyunlarının proqramına salınıb”.

Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində taekvondonun ölkəmizdə geniş populyarlıq qazandığını vurğulayan Çunqvon Çu bildirdi ki, bu diqqət nəticəsində illər ərzində Azərbaycan taekvondoçuları müxtəlif yarışlarda medallar qazanıblar. Prezident İlham Əliyevin Dünya Taekvondosunun 6-cı dan Fəxri Qara kəmər və sertifikatı ilə təltif olunduğunu xatırladan Çunqvon Çu Birinci-vitse prezident Mehriban xanım Əliyevanın da 8-ci dan Fəxri Qara kəmər və sertifikatı ilə təltif edilməsindən məmnunluğunu ifadə etdi. O, Bakıda keçirilən 26-cı dünya çempionatının tarixdə uğurlu və mötəbər tədbir kimi qalacağına ümidvar olduğunu bildirdi.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax videomüraciətində 50 il əvvəl 17 üzv assosiasiya ilə fəaliyyətə başlayan Dünya Taekvondo Federasiyasının hazırda 213 üzvü əhatə edərək dünyanın ən böyük idman federasiyalarından birinə çevrildiyini dedi. Taekvondonun 2000-ci ildən Olimpiya idman növü olduğunu vurğulayan T.Bax qurumun ötən müddətdə Çunqvon Çunun rəhbərliyi ilə sürətli inkişaf yolu keçərək, həm taekvondonu, həm də idman dəyərlərini müvəffəqiyyətlə təbliğ etdiyini bildirdi. O, Taekvondo Humanitar Fondunun da dünyada qaçqınların idmana cəlb olunmasında mühüm rol oynadığını dedi, federasiyanın Beynəlxalq Olimpiya Komitəsi ilə birlikdə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə sanballı töhfələr verdiyini diqqətə çatdırdı.

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov çıxışında taekvondoçularımızın mötəbər beynəlxalq yarışlarda uğurlu çıxışları, iradə və əzmkarlıqları ilə zirvələri fəth etdiklərini vurğuladı. Qeyd etdi ki, məhz bunun nəticəsində taekvondo respublikamızda geniş populyarlıq qazanıb və gənclərimizdə idmanın bu növünə dərin maraq yaranıb.

K.Heydərov 100 illik yubileyinin geniş qeyd olunduğu Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə idmana daim yüksək diqqət və qayğı göstərdiyini xatırlatdı. Bildirdi ki, bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə 50-yə yaxın Olimpiya İdman Kompleksi inşa olunub. Hazırda Azərbaycan beynəlxalq idman aləmində nüfuzlu idman ölkəsi kimi tanınır. Azərbaycanda irimiqyaslı yarışların təşkilinin artıq ənənəyə çevrildiyini, ölkəmizin dünya, Avropa çempionatlarına, I Avropa və IV İslam Həmrəyliyi oyunlarına uğurla ev sahibliyi etdiyini vurğulayan federasiya prezidenti dünya çempionatının təşkilini və Dünya Taekvondosunun 50 illiyinin qeyd olunmasını Azərbaycana həvalə etdiyi üçün Dünya Taekvondo Federasiyasının rəhbərliyinə təşəkkürünü bildirdi. O, həm iştirakçı ölkələrin, həm də idmançıların sayına görə rekord göstəricinin qeydə alındığı bu çempionatın Bakıda keçirilməsinin taekvondonun Azərbaycanda təbliği işinə böyük təkan verəcəyini dedi.

Sonra Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov taekvondo üzrə 26-cı dünya çempionatını açıq elan etdi.

Açılış mərasimində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Ümummilli Liderin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafına diqqət və qayğısını əks etdirən film nümayiş olundu.

Dünya çempionatının açılış mərasimi bədii hissə ilə davam etdi.






Digər Xəbərlər
Xəbər Lenti