"Bu məsələyə yaxın günlərdə baxılacaq və yekun qərar veriləcək"

14 Oktyabr 2022 02:20 Taekvondo 480
"Bu məsələyə yaxın günlərdə baxılacaq və yekun qərar veriləcək"

“Azərbaycan taekvondoçularının qarşıdakı yarışlara hazırlığı davam edir.

Komandamız ardıcıl olaraq beynəlxalq yarışlar və təlim-məşq toplanışlarına qatılır, uğurlu çıxışları ilə fərqlənirlər”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının (ATF) mətbuat xidmətinə müsahibəsində ATF-in vitse-prezidenti Nağı Səfərov deyib.

O, milli komandaların son yarışlardakı çıxışını dəyərləndirib, idmançılarımızı qarşıda gözləyən turnirlər və qarşıya qoyulan hədəflər barədə danışıb.

Səfərov bildirib ki, qadın və kişilərdən ibarət əsas yığmaların son yarışlardakı nəticələrini qənaətbəxş hesab etmək olar: “Yığmamız sentyabrda Sloveniyanın açıq birinciliyində iştirak etdi. Buradan komandamız Vətənə 1 dəst medalla qayıtdı. Ardınca Tiranada 21 yaşadək taekvondoçuların Avropa çempionatı və Albaniyanın açıq çempionatı mübarizə apardıq. Komandamız yeni uğurlu çıxışla diqqət çəkdi. 54 kq çəki dərəcəsində Səyyad Dadaşov Avropanın ən güclüsü tituluna yiyələndi. O, bununla müəyyən müddətdən sonra analoji yarışda Azərbaycan himnini səsləndirdi. Həmçinin idmançılarımız qitə birinciliyində gümüş və bürünc medala da sahib oldu. Albaniyanın açıq çempionatından Bakıya 3 qızıl, 1 gümüş və 2 bürünc mükafatla qayıtdıq. Eyni zamanda, gənclərdən ibarət komandamızın üzvü Riqada keçirilən Olimpiya çəki dərəcələri üzrə Avropa çempionatında fəxri kürsünün üçüncü pilləsinə qalxdı. Bu nəticələrə əsasən taekvondoçularımızın çıxışını qənaətbəxş saya bilərik”.

Vitse-prezident əsas komandalarımızı qarşıda daha mötəbər yarışların gözlədiyini vurğulayıb. O, dünya birinciliyində uğurlu çıxışla yeni tarix yazan yeniyetmələrdən ibarət yığmamızın ardınca böyüklərdən ibarət millilərimizin də mundialda layiqli çıxışına inam ifadə edib: “Taekvondoçularımız bu ay Hollandiyanın Eyndhoven şəhərində keçiriləcək beynəlxalq turnir gözləyir. Növbəti hədəf oktyabrın 20-23-də İngiltərədə keçiriləcək Qran-pri yarışıdır. Milli komanda burada da mübarizə aparacaq. Taekvondoçularımız noyabrda daha 2 məsul yarışda qüvvəsini sınayacaq. Yeniyetmələrdən ibarət yığma Maltada Avropa birinciliyində, böyüklərdən ibarət komanda isə Meksikada dünya çempionatında qüvvəsini sınayacaq. Məşqçilər korpusu təmsilçilərimizin bu turnirlərdə inamlı çıxışı üçün bacardıqlarını edirlər”.

Səfərovun sözlərinə görə, uğurlu çıxışı davam etdirmək üçün komandalarda gəncləşmə prosesinə də start verilib. Bunlar gələn il Bakıda keçiriləcək dünya çempionatına və 2024-cü ildə Parisdə təşkil olunacaq Yay Olimpiya Oyunlarına hesablanıb: “Gənc və ümidverici taekvondoçular öz sözlərini deməyə başlayıblar. Bu da çox xoş bir haldır, gələcəyə nikbin baxmağa imkan verir. Təbii ki, əsas hədəfimiz 2023-cü il may ayının sonunda Bakıda keçiriləcək dünya çempionatıdır. Bütün bu işlər hamısı həmin mundiala hazırlıq xarakteri daşıyır. Bakıdakı yarış Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq. Bu səbəbdən də mundial əvvəlkilərdən fərqlənəcək. Təşkilatı baxımdan hər şeyin ən yüksək səviyyədə olacağına inanırıq. Çünki artıq Azərbaycanın beynəlxalq yarışlara ev sahibliyi etmək baxımından böyük təcrübəsi var. Dünya çempionatının ardınca isə taekvondoçularımızı Paris-2024 gözləyir. Burada da inamlı çıxış üçün məşqçilər korpusunun xüsusi proqramı var və yekunda xalqımızı yaxşı nəticələrlə sevindirəcəyimizə ümid edirik”.

Vitse-prezident dünya və Olimpiya çempionu Radik İsayev, həmçinin mundialın qalibi, Olimpiya mükafatçısı Milad Beiqi Harçeqaninin əsas komanda ilə məşq etməməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, titulundan asılı olmayaraq hər bir idmançı təlim-məşq toplanışlarında iştirak etməli və baş məşqçinin tapşırıqlarını yerinə yetirməlidir: “Bu taekvondoçular hazırda təlim-məşq toplanışlarına qatılmırlar. Baş məşqçi onlarla bağlı izahatı bizə təqdim edib. Bu məsələyə yaxın günlərdə İdarə Heyətinin toplantısında baxılacaq və yekun qərar veriləcək”.

Digər Xəbərlər
Xəbər Lenti