"O səhvləri bildiyimə görə aradan qaldırmağa çalışacam"

10 İyun 02:40 Taekvondo 461
"O səhvləri bildiyimə görə aradan qaldırmağa çalışacam"

Azərbaycan Taekvondo Federasiyasında (ATF) Mançester şəhərində keçirilən Avropa çempionatında və Sofiyada təşkil olunan Qran-Pridə uğurla çıxış edən parataekvondoçularla görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, görüşdə iştirak edən ATF-in vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev və Nəzarət-Təftiş Komitəsinin sədri Bəxtiyar Mirzəliyev milli üzvlərini təbrik ediblər.

Səfərov parataekvondoçularımızın çıxışını uğurlu adlandırıb. O bildirib ki, millinin həm qitə çempionatından, həm də Qran-Pridə medal qazanması böyük nailiyyətdir:

“Asiya regionu üzrə “Prezident Kuboku” turnirində, ardından Avropa çempionatı və Sofiyada keçirilən Qran-Pridə gümüş və bürünc medallara sahib olmaq komandanın gücündən xəbər verir.

Təbii ki, hədəfimiz parataekvondoçularımızı da dünyada ən güclü görməkdir. Siz döyüşlərdə əsil qəhrəmanlıq göstərdiniz və sübut etdiz ki, güclüsüz.

İnanırıq ki, qarşıdakı turnirlərdə daha da yaxşı döyüşüb medallara sahib olub, reytinq xallarınızı artıraraq növbəti Yay Olimpiya Oyunlarına lisenziyanızı təmin edcəksiniz”.

Paşayev də komandanın nəticəsini uğurlu hesab edib: “Rəqiblərinizin güclü olduğunu bilirdik. İmaməddin Xəlilovun finaldakı rəqibinin Olimpiya çempionu olmasına baxmayaraq onunla başa-baş döyüşüb qızıl xala qalmasını, Qran-Pridə ilk rəqibi olan son Avropa üçüncüsü türkiyəli idmançını ilk döyüşdəcə məğlub etməsi buna bariz nümunədir. Hər üç yarışdan medalla qayıtdığınıza və döyüşlərdə göstərdiyiniz mübarizəyə görə sizə inanır və gələcək yarışlarda da uğurlar arzulayıram”.

Yığmanın baş məşqçisi Fərid Tağızadə komandasına inandığını qeyd edib: “Özbəkistanda və Bakıda keçirilən təlim-məşqlər vaxtı nəticə verəcəyimizə inanırdım. Təəssüflər olsun ki, qızıl medala sahib ola bilmədik. Bunun üçün daha da çox hazırlaşıb yaxşı forma yığıb, önümüzdəki yarışlarda inamlı çıxış edəcəyimizə əminəm. Bu yolda bizə dəstək olan federasiyaya təşəkkür edirəm. Çünki qazandığımız uğur tək bizim deyil, taekvondo ailəsinindir”.

Avropa çempionatının gümüş mükafatçısı İmaməddin Xəlilov bildirib ki, qarşıdakı yarışlarda daha yüksək əyarlı medal arzusundadır:

Avropa çempionatının bürünc mükafatçısı Sabir Zeynalov isə daha uğurlu çıxış üçün səhvləri aradan qaldıracağını deyib: “Rəqiblərimi tanıyırdım. Özbəkistanlı və türkiyəli taekvondoçu ilə qarşılaşmışdım. Özbək idmançını məğlub etsəm də, türkiyəli Əli Can Özcana müəyyən səhvlərim səbəbindən məğlub oldum. O səhvləri də bildiyimə görə aradan qaldırmağa çalışacam. Qarşıdakı yarışlarda Vətənə qızıl medallar gətirəcəyimə inanıram”.

Digər parataekvondoçu Əbülfəz Abuzərli isə uğursuz çıxışına aydınlıq gətirib. Onun sözlərinə görə, döyüşləri düzgün qurmayıb, müəyyən səhvlər buraxıb və sonradan toparlana bilməyib.

Qeyd edək ki, parataekvondo üzrə Azərbaycan milli komandası Asiya regionu üzrə parataekvondoçular arasında keçirilən "President Cup" G-2 kateqoriyalı turnirdə Sabir Zeynalov (K-44, 58 kq) və İmaməddin Xəlilov (K-44, 70 kq) gümüş medal, Əbülfəz Abuzərli isə (K-44) 80 kq çəki dərəcəsində bürünc, Böyük Britaniyanın Mançester şəhərində Avropa çempionatından İmaməddin Xəlilov K-44 70 kq çəki dərəcəsində gümüş, K-44 58 kq çəki dərəcəsində Sabir Zeynalov və Sadiq Həmidov K-44 63 kq bürünc, Bolqarıstanın paytaxtı Sofiyada Qran-Pridə isə İmaməddin Xəlilov (K-44 kateqoriya 70 kq) gümüş medalla Vətənə dönüb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 03:00 "Sabah"la bacarmadılar