İsayev bürünc medal qazandı - Avropa çempionatında

23 May 2022 01:40 Taekvondo 867
İsayev bürünc medal qazandı - Avropa çempionatında

Böyük Britaniyanın Mançester şəhərində təşkil olunan taekvondo üzrə Avropa çempionatına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, yarışın sonuncu - dördüncü günündə Azərbaycanın daha üç taekvondoçusu dayanq üzərinə çıxıb.

Kişilərin 74 kiloqram çəki dərəcəsində çıxış edən Eltac Qafarov 1/16 final mərhələsində Kunter Stroom Karlla (Estoniya) qarşılaşıb.

Rəqibini vaxtından əvvəl 22:2 hesabı ilə üstələyən idmançımız növbəti mərhələdə türkiyəli Muhammed Yıldıza 4:9 hesabı ilə uduzaraq qitə çempionatını medalsız başa vurub.

Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi olan 87 kiloqramdan yuxarı çəkidəki Radik İsayev 1/4 finalda Cem Ünlüsoya (Almaniya) 9:1 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.

Finalın bir addımlığında türkiyəli Emre Ateşliyə məğlub olan (7:8) taekvondoçumuz Avropa çempionatında bürünc mükafat qazanıb.

Qadın taekvondoçulardan 57 kq-da yer alan Fatimə Məcidova 1/16 finalda italiyalı Giada Al Halvani ilə qarşılaşıb. 0:22 hesabı ilə məğlub olan idmançımız çempionatı erkən tərk edib.

Bu gün həmçinin Azərbaycanın bir parataekvondoçusu da qüvvəsini sınayıb. 63 kq-dakı Sadiq Həmidovun ilk rəqibi özbəkistanlı Zuxriddin Toxirov olub.

Özbək idmançı qadağan olunmuş baş zərbəsinə görə yarışdan uzaqlaşdırılıb və qələbə təmsilçimizə verilib. Yarımfinala adlayan Sadiq italiyalı Antonino Bossoloya məğlub (6:19) olaraq yarışın bürünc medalına sahib olub.

Azərbaycan yarışda 13 taekvondoçu ilə təmsil olunub. Daha əvvəl parataekvondoçulardan 70 kq-dakı İmaməddin Xəlilov gümüş, 58 kq-dakı Sabir Zeynalov bürünc medal əldə etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti