"Hamı bir-birini tanıyır, ehtiyat etdiyim hansısa rəqib yoxdur"

12 İyul 2021 17:00 Taekvondo 642
"Hamı bir-birini tanıyır, ehtiyat etdiyim hansısa rəqib yoxdur"

"Milli komandanın məşqləri hər zaman ağır keçir.

Olimpiada ilə bağlı həmin məşqlərin ağırlığını, gərginliyini daha da artırmışıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında taekvondoçu Fəridə Əzizova deyib.

Ölkəmizi 67 kq çəki dərəcəsində Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək idmançı qatılacağı üçüncü Olimpiadadan medalla qayıtmağı hədəfləyib:

"Olimpiada bütün yarışlardan daha önəmlidir. Çalışırıq ki, əlimizdən gələni edib, formada olaq və Azərbaycanın hesabına medal yazdıra bilək.

Bu karyeramda qatılacağım üçüncü Olimpiya oyunları olacaq. İnşallah, bu dəfə Allahım mənə medalla qayıtmağı nəsib edər".

26 yaşlı idmançı rəqibləri haqqında da danışıb: "Taekvondoda cəmi 16 nəfər lisenziya qazana bilər. 16 nəfər arasında hər biri güclüdür.

Birinin güclü, digərinin zəif olduğunu demək olmaz. Mən hər bir rəqibimə güclü idmançı kimi baxıram. Hər bir döyüşə final kimi çıxacam.

Ehtiyat etdiyim sırf hansısa bir rəqib yoxdur. Mənim də onların da udduğu görüşlər olub. Bütün rəqiblər bir-birini tanıyır".

Azərbaycan yığmasının üzvü Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Avropa Təsnifat Turnirində qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!